“Azərbaycanın qarşısında duran ən mühüm vəzifə…”
Zahid Oruc: “Bu olayları erməni tərəfinə, yaxud İran dövlətinə qarşı siyasi təbliğat vasitəsinə çevirmək deyil, daha çox hüquqi tədbirlərə üstünlük vermək lazımdır”
13 İyun 2013 13:59 Siyasət"İşğal olunmuş ərazilər nə qədər əlçatmaz olsa da rejim təmsilçilərini müxtəlif sanksiyalara məruz qoymaq mümkündür"
Bir neçə gün öncə Milli Təhlükəsizlik Nazirliyi İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfəri ifşa etdi. Nazirliyin yaydığı məlumatdan aydın olur ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiya, yəni əkilməsi, yetişdirilməsi və toplanması Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təşkil edilib. Sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib. Məsələ ilə bağlı fikirlərini bildirən parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komitəsinin üzvü, millət vəkili Zahid Oruc qeyd edib ki, dövriyyədə milyonlarla dollar vəsaitin dolaşdığı bir şəraitdə ilk baxışdan hər şey mənfəət götürməyə yönəlmiş qanunsuz fəaliyyət kimi görünə bilər: "Lakin faktlar onu deyir ki, söhbət daha uzaqgedən məqsədləri hədəf etməkdən ibarətdir və burada hər hansı kriminal qruplar, beynəlxalq narkodilerlər deyil, bilavasitə dövlətin siyasi rəhbərliyi qərar sahibidir. İranda narkotik maddələrin istifadəsinə qarşı sərt cəzaların kəsildiyi hər kəsə məlumdur. Elə isə hər gün təhlükəsizlik orqanlarının yaxaladığı bu şəxslər haradan peyda olur?" Millət vəkilinin sözlərinə görə, işğal olunmuş ərazilərin xarici aləmlə birbaşa quru nəqliyyat əlaqəsi yoxdur. Hava uçuşlarının da reallaşmadığı bəllidir: "Elə isə yeganə nəfəslik islam ölkəsi olan İranın ixtiyarında qalır". Zahid Oruc deyir ki, Azərbaycanın qarşısında duran ən mühüm vəzifə bu olayları erməni tərəfinə, yaxud İran dövlətinə qarşı siyasi propaqanda vasitəsinə çevirmək deyil, daha çox hüquqi tədbirlərə üstünlük verməkdir: "Söhbət beynəlxalq məhkəmə çəkişmələrindən gedir. İşğal olunmuş ərazilər nə qədər əlçatmaz olsa da rejim təmsilçilərini müxtəlif sanksiyalara məruz qoymaq mümkündür. Onlar beynəlxalq yurisdiksiyanın təsir dairəsindən kənarda deyillər. Əslində narkotika terrorçuluğun maliyyə mənbələrindən biridir. Ona görə mübarizənin hədəfi doğru seçilməlidir. Bir vaxtlar əsrarəngiz təbii nemətləri ilə şöhrət qazanan Qarabağ torpaqları indi ən keyfiyyətli marixuananın yetişdirildiyi məkana çevrilib. Vaxtında səngər qaza bilmədiyimizdən sonra qəbir yerlərinə belə möhtac qaldıq. İndi də hamını yedirən torpaq öz acısı ilə bizdən intiqamını alır".