"Onlardan hər cür alçaqlığı gözləmək olar"
13 İyun 2013 11:53 Siyasət"Ermənistan terrorçu bir dövlətdir, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda terrorçular, hər cür ekstremist qüvvələr at oynadırlar".Bu sözləri Milli.Az-a açıqlamasında millət vəkili Musa Quliyev bildirib. Onun sözlərinə görə, Ermənistanın iqtisadi vəziyyəti çox çətindir və iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq üçün məcburdurlar ki, ən ağır yola getsinlər, narkotiklər yetişdirsinlər, bütün bəşəriyyəti zəhərləsinlər.
Qeyd edək ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin son günlərdə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilib, onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təşkil edilib və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib. Millət vəkili Musa Quliyev hesab edir ki, bu barədə bizdən çox insan haqlarını düşünən və bu barədə bağırmaqdan yorulmayan beynəlxalq təşkilatlar düşünməlidirlər. "Dünyanın aparıcı dövlətləri, Qarabağ probleminin sülh yolu ilə həllini bizdən tələb edən, ancaq bu istiqamətdə barmağı barmağa vurmayan dövlətlər düşünməlidirlər ki, artıq Dağlıq Qarabağ problemi tək Azərbaycanın deyil, bütün dünyanın probleminə çevrilməkdədir və birbaşa Dağlıq Qarabağda narkotik maddələrin yetişdirilməsi və dünyanın müxtəlif ölkələrinə göndərilməsi bütün bəşəriyyəti təhdid edən faktora çevrilməkdədir. Bunlar bunu düşünməlidirlər. Azərbaycan bilir ki, Dağlıq Qarabağda seperatçı rejimdir və onlardan hər cür alçaqlığı gözləmək olar", - o vurğulayıb.
M.Quliyev qeyd olunan məsələdə İran dövlətinin də məsuliyyətini xatırladıb: "İran da gərək bu məsələyə münasibət bildirsin. Necə olur ki, onun sərhədindən rahatca keçirlər, narkotikləri aparırlar. Bu da İranın dolayısı ilə həm separatçı Dağlıq Qarabağ rejiminə, həm də cinayətkar ünsürlərə dəstək verməsi şübhəsini ordaya qoyur".
Millət vəkili hesab edir ki, Azərbaycan ictimaiyyətinin səsini beynəlxalq ictimaiyyət eşitməlidir. Minsk qrupunun həmsədrləri və onların nümayəndələri dəsmallarını çıxarıb alınlarındakı paklıq tərini silməlidirlər.