Nəzarətsiz qalmış Dağlıq Qarabağda narkotik vasitələr becərilir
“Boz zona” həmçinin terrorçu qrupların yetişdirilməsi üçün əlverişli məkana çevrilib
12 İyun 2013 20:07 SiyasətBu günlərdə Milli Təhlükəsizlik Nazirliyi İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfəri ifşa edib. Saxlanılan şəxslərdən 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Nazirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı məlumata görə, müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiya, yəni əkilməsi, yetişdirilməsi və toplanması Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təşkil edilib. Sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib. Artıq necə illərdir ki, Azərbaycanın işğal altında qalmış ərazilərində insan alveri, narkotik maddələrin yetişdirilməsi, terrorçu qrupların hazırlanması kimi bəşəriyyət əleyhinə olan cinayətlər davam etdirilir. Dağlıq Qarabağ və ona bitişik 7 rayonun nəzarətsiz qalması məhz belə cinayətlərin daha da genişlənməsinə şərait yaradır. Məlumat üçün qeyd edək ki, bir sıra beynəlxalq təşkilatların da hesabatlarında belə faktların mövcudluğu öz əksini tapıb. Yəni, nəzarətsiz qalan Qarabağda iri narkotika plantasiyalarının olması artıq təsdiqini tapıb. Bu işlərin başında kimlərin dayandığı da heç kimə sirr deyil.
Bu gün nəzarətsiz zona olan Dağlıq Qarabağ həm də dünyada narkotik vasitələrin ən böyük tranzit məkanına çevrilib. Azərbaycan Xüsusi Xidmət Orqanlarının apardığı araşdırmalar, o cümlədən əməlyyat xəbərlərinə görə, narkotacirlərin bu gün istifadə etdikləri ən təhlükəsiz marşrut məhz Ermənistan ərazisindən keçir. Bu marşrutlar Əfqanıstan-İran-Ermənistan-Rusiya, Qarabağ-İran-Azərbaycan-Rusiya, Qarabağ-Ermənistan-Rusiyadan ibarətdir. Əgər nəzərə alsaq ki, Ermənistan və separatçı Qarabağ rəhbərliyi narkotika ticarətinə birbaşa himayə edirlər, onda bu marşrutların həqiqət olma ehtimalı daha böyükdür. Azərbaycan rəsmi nümayəndələri də dəfələrlə Qarabağ ərazisinin narkotik vasitələrin əsas tranzit məkanı olduğunu bildiriblər. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar bu məsələyə də ikili standartlarla yanaşırlar. Məsələn, BMT-nin illik hesabatında da qeyd edilib ki, narkotik vasitələrin Azərbaycandan istifadə edilməklə hərəkət marşrutu müəyyən edilib. Belə ki, BMT bölgəmizdə narkotik vasitələrin 3 hərəkət marşrutunu - Əfqanıstan-Azərbaycan, Əfqanıstan-Orta Asiya-Azərbaycan və Əfqanıstan-İran-Azərbaycan marşrutlarını tanıyıb. Təbii ki, bu marşruta Ermənistanın adının salınmaması erməni lobbisinin və xaçpərəst dünyanın tutduğu ikili mövqe ilə izah etmək olar. Lakin danılmaz faktdır ki, Dağlıq Qarabağ həm narkotik vasitələrin becərilməsi, həm tranziti, həm də terrorçu qruplaşmalar hazırlayan düşərgələrin yerləşdiyi əsas ərazilərdən biridir. Beynəlxalq qurumlar öz maraqları ucbatından Dağlıq Qarabağda narkotika ticarətinin və terrorçuluğun qarşısını almağa cəhd göstərmir. Beynəlxalq təşkilatlar başa düşmək istəmirlər ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hələ də işğal altında saxlanılması və bu ərazilərdən müxtəlif transmilli mütəşəkkil cinayətkar məqsədlər üçün istifadə edilməsi faktı nəinki ölkəmizin, eləcə də bütün Avropanın təhlükəsizliyini ciddi təhdid edir. Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və digər 7 rayonun ərazisində - milli və beynəlxalq nəzarətdən kənar bu "boz zona"da narkotiklərin becərilməsi, emalı və daşınması təkcə Azərbaycan deyil, bəşəriyyət üçün təhdiddir. Aşkar edilmiş cinayət faktları deməyə əsas verir ki, Azərbaycanın işğal olunmuş və respublikamız tərəfindən nəzarət edilməyən Dağlıq Qarabağ və ətraf ərazilərdən müxtəlif cinayətkar məqsədlər üçün istifadə edildiyi faktlar bu gün də davam etməkdədir. Hazırda həmin nəzarətsiz ərazilərdən narkotik vasitələr nəinki tranzit, habelə orada emal edildikdən sonra İran-Azərbaycan-Rusiya və Ermənistan-Gürcüstan marşrutları üzrə narkotiklərin Avropaya yayılması üçün istifadə olunur. Xatırladaq ki, bir müddət öncə amerikalı diplomatlar narkotik maddələrin daşınmasının üçüncü xəttinin-Dağlıq Qarabağ xəttinin daha təhlükəli olduğunu bəyan etmişdilər: "İran-Azərbaycan-Gürcüstan-Qara dəniz, İran-Azərbaycan-Rusiya-Pribaltikadan savayı üçüncü xətt daha təhlükəlidir. Çünki bu marşrut Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdan keçir. Dağlıq Qarabağın nəzarətsiz qalmasından istifadə edərək, oradan narkotik maddələr daşınmasında Ermənistan hakimiyyəti, siyasi xadimləri və sabiq prezident Köçəryanın da payı var. Hər il daşınan narkotikdən əldə edilən gəlirin bir qismi eks-prezidentə verilir".
Nəzarətsiz qalmış Dağlıq Qarabağ təkcə narkotik vasitələrin becərilməsi və tranziti üçün deyil, eləcə də terrorçu qrupların yetişdirilməsi üçün əlverişli məkana çevrilib. Erməni terror təşkilatı olan "ASALA" açıq fəaliyyət yolunu seçib. Məlumata görə, bu ərazidə terrorçu qrupların hazırlanması məqsədilə keçirilən təlimlərə xarici ölkələrdən mütəxəssislər cəlb edilir. Həmin terrorçu qruplar tərəfindən Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəallarının hədəf kimi götürüldüyü bildirilir. Yeri gəlmişkən sözügedən terror düşərgələrində RKK terrorçularının olması da istisna olunmur.
Millət vəkili, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc "Trend"ə bildirib ki, Dağlıq Qarabağın hərbi rejimi özünün iqtisadi gəlir mənbəyini yalnız qanunsuz fəaliyyətdə görür: "Azərbaycan uzun illərdir ki, Dağlıq Qarabağ ərazisində ermənilərin qanunsuz hərəkətlər barədə beynəlxalq qurumlara məlumat verir, öz rəsmi münasibətini bildirir və bu günlərdə aparılan əməliyyatlar bir daha Azərbaycanın haqlı olduğunu sübut etdi". Zahid Oruc bildirib ki, beynəlxalq təşkilatlarda narkotrafikə qarşı çox kəskin münasibət var, amma təəssüflər olsun ki, Dağlıq Qarabağı bu mənada nəzərə almırlar: "Bizim üçün tamamilə real əsaslar var ki, Ermənistan və Dağlıq Qarabağın hərbi rejimi məhkəməyə verilsin. Biz açıq şəkildə ermənilərin qanunsuz fəaliyyətini sistemləşdirərək beynəlxalq hüquqi qurumlara təqdim etməliyik. Necə olur ki, Əfqanıstandan, İrandan və digər dairələrdən bu cür narkotik tranzitinə və əməliyyatlarına, qanunsuz maliyyə dövriyyəsinə sanksiyalar, ciddi reaksiyalar göstərilir, amma Qarabağ sanki himayə altındadır". Millət vəkili hesab edir ki, Ermənistan tərəfi bu fəaliyyəti Azərbaycana qarşı real silah mənasında istifadə edir və həbs olunan insanlar ermənilərin əli ilə vurulmuş oldular.
Deputat Aydın Mirzəzadə isə bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri çirkli pullar əldə etmək üçün istifadə edilir. O, qeyd edib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində narkotik vasitələrin yetişdirilməsi və trafiki haqqında Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlara məlumat verib, bu barədə kifayət qədər fakt açıqlanıb: "Bu dəfə isə növbəti ciddi bir arqument ortaya çıxıb. İşğal olunmuş ərazilərin İranla sərhəd bölgələrində İranda narkotik yetişdirilməsi ilə məşğul olan dəstələr Dağlıq Qarabağda yetişdirilmiş narkotiki əldə edərək onu Azərbaycana ötürməyə çalışırlar". Millət vəkili bildirib ki, bu gün Dağlıq Qarabağ dünyadan təcrid olunduğuna və inkişafı üçün heç bir perspektiv görünmədiyinə görə o ərazilər müxtəlif çirkli pullar qazanmaq üçün istifadə edilir: "Həmin zonalar erməni silahli qüvvələrinin nəzarətində olduğuna görə orada böyük narkotik plantasiyaları salınır və narkotiki İran vasitəsilə Azərbaycana, oradan da Rusiya və Avropaya ötürməklə böyük gəlir əldə etməyə çalışırlar. Bunun Əfqanstandakı narkotik ticarəti ilə heç bir fərqi yoxdur". A.Mirzəzadə qeyd edib ki, bu gün Ermənistan işğal edilmiş zonanı nə iqtisadi cəhətdən inkişaf etdirə bilir, nə də onun infrastruktur və sosial problemlərini həll edə bilir. Millət vəkili vurğulayıb ki, işğal edilmiş Dağlıq Qarabağ həm narkotik vasitələrin yetişdirilməsi üçün, həm də terrorçu qüvvələrin təlim bazası kimi tanınır: "Bununla bağlı Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlara müraciətində həyəcan siqnalı qaldırıb və Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat bununla bağlı əlavə təsdiqedici faktlar ortaya çıxarıb".
Alim