Əfqanıstan və Azərbaycan gömrük sahəsində əməkdaşlığı daha da genişləndirəcək
12 İyun 2013 18:15 Siyasətİyunun 12-də Ümümdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyi və Əfqanıstan İslam Respublikası hökumətinin nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Azərbaycanda gömrük xidmətinin inkişafının prioritetlərinə toxunan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev qeyd edib ki, bu prioritetlərdən biri də informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqidir və 1999-cu ildə ölkənin gömrük sistemində İKT strategiyası artıq beynəlxalq standartlar səviyyəsində qurulmağa başlnıb. Belə ki, Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılmasına dair uğurla həyata keçirilmiş layihə BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan hökuməti arasında "Elektron hökumət"in tətbiq edilməsi baxımından ilk birgə layihə olub. Bunun nəticəsi olaraq isə gömrük rəsmiləşdirilməsi sahəsində vahid avtomatlaşdırılmış informasiya sistemi yaradılıb. A.Əliyev onu da diqqətə çatdırıb ki, bu il iyunun 5-də BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökuməti arasında gömrük xidmətinin təkmilləşdirilməsi layihəsinin növbəti mərhələsinin icrasına dair müvafiq sənəd imzalanıb və layihənin məqsədi Azərbaycan Respublikasının gömrük ərazisində daşınan yüklərin hərəkətinə nəzarət etməkdən ibarətdir. Əfqanıstan İslam Respublikası hökumətinin nümayəndə heyətinin rəhbəri, rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sangin ölkəsində İKT sektorunun inkişaf təməlinin on il əvvəl qoyulduğunu diqqətə çatdıraraq bu sahədə bir sıra uğurlar əldə edildiyini, lakin hələ də problemlərin mövcud olduğunu və bu problemlərin həllində beynəlxalq əməkdaşlığa, o cümlədən, Azərbaycanın təcrübəsinin öyrənilməsinə önəm verdiklərini bildirib.