İsa Qəmbər yolayrıcında - SİYASİ ŞƏRH
Milli Şura əleyhdarı olan qrup bölücülüyə başlaya bilər
12 İyun 2013 15:50 SiyasətMüsavat Partiyasının Milli Şuraya münasibətində müşahidə olunan ziddiyətli yanaşmaya axır ki aydınlıq gətirildi. Məlumdur ki, Müsavat Partiyası hələ qış aylarından, heç bir seçkidə görünməmiş şəkildə öz namizədini müəyyən etmiş, hətta İsa Qəmbərin seçki qərargahını yaratmışdı. Aydın görünürdü ki, Müsavat yetkililəri tələsirlər. Nəyinsə, hansısa qurumun yaranacağı Müsavatı narahat edirdi. Onlar irəli düşmək niyyətindəydilər. O zaman belə bir fikir vardı ki, Müsavat namizədini müəyyən etməklə AXCP-yə jest edir. O vaxtlar AXCP ilə Müsavatın birləşmə söhbəti vardı. İdeyanı çətin durumda olan Müsavat atmış, vəziyyətdən çıxdıqdan sonra birləşməkdən imtina etmişdi. Müsavat bu imtinanın əvəzini tanınmış funksionerlərin partiyadan çıxması ilə ödədi. Amma AXCP birləşmə ideyasından əl çəkmirdi. Müsavat namizədini qərarlaşdırmaqla AXCP ilə birləşməyəcəyini göstərmək istəyirdi. Hər halda ictimai rəy bu cür idi. Amma indi məlum olur ki, Müsavat rəhbərliyində məlumat varmış ki, Ziyalılar Forumu müxalifətin geniş koalisiyasını yaradacaq. Bu tələskənlik də bundan ötrü imiş. Müsavatı tələsdirən partiyaiçi qanad Milli Şuraya qarşı mövqe sərgilədi, bu qanadın üzvləri nümayişkarənə şəkildə quruma qoşulmadı. Onların şuraya qarşı qara piarı bu gün də davam edir. Bu qrupa hazırki durum sərf edir. Onlar "Müsavat" örtüyü altında siyasi və maddi dividentlər qazanırlar. Bu qrupu AXCP bir neçə dəfə vurmağa çalışıb, amma 10 il öncə siyasətdə elə onlar sayaq davranmış Əli Kərimlinin buna gücü çatmadı. Əvəzində AXCP sədri Müsavatı Milli Şuraya salmaqla həmin qrupu zərərsizləşdirməyə çalışacaq. Müşahidələr göstərir ki, AXCP sədri yolun yarısını qət edib. Bu qrup Milli Şuraya daxil olsa da, Müsavat birinci, ikinci şəxslərin timsalında Şuranın üzvüdür. Və ziddiyyət də artıq yaranıb. İsa Qəmbər, Arif Hacılı yaxşı bilir ki, bundan sonra Milli Şuradan çıxmaq Müsavat üçün ciddi itkilər deməkdir. Müsavat bu zaman AXCP-nin qara piarına hədəf olacaq və Mill Dirçəliş Hərəkatı Partiyası və buna bənzər digər partiyalar kimi müxalifətdən dışlanacaq. İsa Qəmbər və ondan sonra başqan olmağı hədəfləmiş Arif Hacılı təmiz müxalifətçi imicini saxlamağa çalışırlar. Amma onları daxildəki Milli Şura əleyhdarı olan qrup sıxışdırır. İsa Qəmbərlə son müsahibəni də həmin qrup təşkil edib. Onlar yazarları vasitəsilə başqana Milli Şura ilə bağlı bir neçə yönlədici sual ünvanlayıblar. Amma Müsavat başqanı həmin qrupun maraqlarına cavab vermir. Məsələn, sual qoyulur ki, Müsavatın Milli Şuranın xarici siyasət kursu ilə bağlı qırmızı xətti vardı. O necə olacaq. Müsavat lideri cavab verir ki, bu məsələ Milli Şuranın məramnaməsində əskini tapdığından keçilmiş mərhələdir. İsa Qəmbər onun Rüstəm İbrahimbəyova qarşı qoyulmasına da münasibət bildirir və Milli Şuranın sədrinin dəstəklədiyini bildirir. İsa Qəmbərin son açıqlaması bir daha göstərdi ki, Müsavatda AXCP-nin arzu etdiyi ikitirəlik artıq yaranıb. Müsavat parçalanma mərhələsindədir. Milli Şuranın Müsavat üçün tələ olduğunu yazmışdıq. Baş verənlər bu proqnozun doğrulduğunu təsdiq edir. Bundan sonra geri addım atsa İsa Qəmbər-Arif Hacılı dueti ictimai rəydə ciddi nüfuz itkisi ilə üzləşəcək. Yola davam desələr, daxildəki AXCP və Milli Şura əleyhdarı olan qrup Müsavatda bölücülüklə məşğul olacaqlar. Unutmaq olmaz ki, bu qrupun əlində maddi və informasiya resursları var. Kəsəsi, İsa Qəmbər yolayrıcındadır. Onlarla bir yerdə olmaq müxalifətdə mövqe itkisi, onlardan qopmaq isə parçalanma təhlükəsi yaradır. Müsavat başqanı hansını seçəcək?
Ərhun Abbas