AXCP və Müsavat Eldar Namazovu qısqanır?

Zərdüşt Əlizadə: “İcra Aparatının rəhbəri nə vəzifədir ki, ondan ötrü AXCP və Müsavat qısqanclıq etsin?”

Əli Oruclu: "AXCP və Müsavat tərəfindən Rüstəm İbrahimbəyovun bu qərarına etiraz olsa belə siyasi partiyalar bunu açıq şəkildə bildirməyəcəklər"

Milli Şura sədri Rüstəm İbrahimbəyov yeni sərəncam imzaladı. Sərəncama əsasən "EL" hərəkatının sədri Eldar Namazov Milli Şuranın İcra Aparatının rəhbəri təyin edilib. Siyasi analitiklər isə Eldar Namazovun Milli Şurada rəhbər vəzifəyə təyin olunmasını AXCP və Müsavat Partiyası tərəfindən qısqanclıqla qarşılanacağı qənaətindədirlər.

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Eldar Namazovun Milli Şuranın İcra Aparatının rəhbəri təyin olunması sədr Rüstəm İbrahimbəyovun quruma daxil olan siyasi partiyalarla razılaşdırılmasından sonra baş tutub: "Əgər AXCP və Müsavat kimi digər partiyalar Namazovun rəhbər təyin olunmasına etiraz etsəydilər, yəqin ki, həmin mandata tamam başqa ad keçəcəkdi. Sonrası da ki, İcra Aparatının rəhbəri nə vəzifədir ki, ondan ötrü AXCP və Müsavat qısqanclıq etsin? Namazovun həmin vəzifəni doğruldub doğrultmamasından sonra vəziyyət aydın olacaq. Ona görə də hələlik AXCP və Müsavatın Eldar Namazova qısqanclıq etməsi üçün heç bir şərait yoxdur". Məsələyə münasibət bildirən AMİP Mərkəzi Şurasının üvü Əli Oruclunun sözlərinə görə Eldar Namazov son zamanlarda siyasi proseslərdə olduqca aktiv iştirak edir, buna görə Şura sədri Rüstəm İbrahimbəyov "EL" sədrini qurumun İcra Aparatının rəhbəri vəzifəsinə təyin edib: "Təbii ki, Milli Şurada olan müəyyən qüvvələr "EL" sədrinin İcra Aparatının rəhbəri vəzifəsinə təyin olunmasını etirazla qarşılayırlar. AXCP və Müsavat tərəfindən Rüstəm İbrahimbəyovun bu qərarına etiraz olsa belə siyasi partiyalar bunu açıq şəkildə bildirməyəcəklər. Bunun üzə çıxması isə Milli Şura daxilində vəziyyəti ciddi şəkildə dəyişəcək. Hələlik isə həmin narazılıq daxildə olsa da müəyyən müddətə qədər bunu büruzə verməyəcəklər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00