Rüstəm İbrahimbəyov çox suallara cavab verməli olacaq

Milli Şura sədri Rüstəm İbrahimbəyov artıq bir neçə aydır ki, Azərbaycana gəlişini təxirə salır. Kinorejissor Bakıya gələ bilməməsini Rusiyada gerçəkləşdirdiyi film layihələri ilə izah edir. İbrahimbəyovun Azərbaycan səfərinin baş tutmaması müxalifətin yeni "Rəsul Quliyev sindromu" ilə üzləşəcəyini labüd edir. Qeyd edək ki, 1996-cı ildən Azərbaycandan gedən sabiq ARDNŞ prezidenti Rəsul Quliyev həmin tarixdən sonra ölkədə keçirilən seçkilərə (parlament və prezident) görə müxalifətə Bakıya gələcəyini söz versə də, səfərini müxtəlif bəhanələrlə təxirə salır. "Rusiya Rüstəm İbrahimbəyova "get" desə Milli Şuranın sədri Azərbaycana gələcək. Amma Rüstəm İbrahimbəyov haqqında Azərbaycanda cinayət işi qaldırılıb. İbrahimbəyov bu cinayətə görə cavab verməli olacaq. Kinorejissorun Azərbaycana gəlməməsi üçün "kino çəkirəm", "yeni layihələr üzərində işləyirəm" kimi fikirləri bəhanələrdən başqa heç nə deyil". Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli belə deyib. Q.Hüseynli hesab edir ki, Rüstəm İbrahimbəyovun Azərbaycana qayıdışı o qədər də asan məsələ deyil, amma Şura sədri Azərbaycana gəlməyi çox istəyir və bundan ötrü çalışır: "Lakin İbrahimbəyov Kremlin həvəsləndirməsilə Azərbaycana gələ bilər, dəqiq desək, buna cəhd edə bilər. İbrahimbəyovun Azərbaycana qayıtması Rusiyaya ona görə lazımdır ki, Kreml bununla respublikada vəziyyəti öz xeyrinə gərginləşdirmək istəyir. Kreml İbrahimbəyovun Azərbaycana qayıdışından sonra yaranacaq gərgin vəziyyətdən beynəlxalq ictimaiyyətin əlilə lehinə çevirməyi planlaşdırır. Bütün bunlara baxmayaraq R.İbrahimbəyovun Azərbaycana qayıtması çox mürəkkəb məsələdir. Qayıtsa belə o, Azərbaycan dövləti qarşısında müəyyən suallara cavab verməli olacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00