Rusiyanın Qərb və ABŞ-a əzələ nümayişi effekt vermir
Elxan Şahinoğlu: “ABŞ əsas supergüc kimi dünyanın bütün okean və dənizlərinə hərbi nəzarəti həyata keçirir”
12 İyun 2013 15:25 SiyasətRus donanmasına aid "Priazovye" adlı döyüş gəmisi dünən Dardanel boğazını keçib. Döyüş gəmisinin gedəcəyi liman barədə məlumat verilmir. Son aylar Rusiya donanmasına aid hərbi gəmilər tez-tez Türkiyə boğazlarından keçir. Aprel ayında da Rusiya hərbi donanmasına aid "Kalininqrad" və "Aleksandr" adlı hərbi gəmilər Dardanel boğazından keçərək Egey dənizinə doğru hərəkət ediblər. 2012-ci ildə isə Novorossiysk limanından hərəkət edən "Azov" və "Nikolay" gəmiləri Dardanel boğazından keçərək Suriyanın Tarsus limanına istiqamət alıblar. Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiya döyüş gəmilərini Türkiyə sahillərinə göndərməklə Qərbə əzələ nümayişi göstərmək istəyir. Bu gəmilərin boğazlardan keçərək Suriya sahillərinə yaxınlaşması Suriyada baş verən vətəndaş müharibəsi və son hadisələrlə bağlıdır ki, Rusiya bununla bölgədə olmağını sübut etmək niyyətindədir: "Rusiya onsuz da Suriyadakı hərbi varlığını qoruyub saxlaya bilib, Əsəd rejiminə də kifayət qədər silah-sursat köməkliyi edir. Rusiyanın xüsusi yardımı olmasaydı, Bəşər Əsəd çoxdan devrilmişdi. İran kimi Rusiya da Əsəd rejiminin çökməsini istəmir. Ara-sıra da öz döyüş gəmilərini Suriya sahillərində manevr etdirməsilə Qərbə mesaj göndərir. Amma Rusiyanın bu hərəkəti ABŞ tərəfindən birmənalı şəkildə qəbul olunmur. ABŞ əsas supergüc kimi dünyanın bütün okean və dənizlərinə hərbi nəzarəti həyata keçirir. Rusiya döyüş gəmilərinin ABŞ-la müqayisədə Yaxın Orta Şərq sahillərində manevri o qədər də effekt vermir". ("OLAYLAR" İA)