“Əsas rəqabət Səid Cəlili və Həsən Ruhani arasında olacaq” - AÇIQLAMA

Razi Nurullayev: “İrandakı prezident seçkilərində sürpriz namizədin seçilməsi də mümkündür”

İyunun 14-də İranda növbəti prezident seçkiləri keçiriləcək. Ölkə qanunlarına görə, seçkilərə 24 saat qalmış, yəni iyunun 13-də təbliğat kampaniyası başa çatacaq. Artıq seçkilərə hazırlıq işlərinin başa çatdığı bildirilir. İranda və xarici ölkələrdə seçki qərargahları hazır vəziyyətə gətirilib. Məsələyə münasibət bildirən AXCP sədrinin Beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev hesab edir ki, İranda keçiriləcək prezident seçkilərində ən çox şansı olan namizəd Təhlükəsizlik Şurasının sədri, ölkəsini nüvə proqramına dair danışıqlarda təmsil edən Səid Cəlilidir: "İranda kifayət qədər düşüncəli insanlar var ki, onlar ölkənin mövcud situasiyadan çıxarmaq üçün Səid Cəlilinin daha faydalı namizəd olması qənaətindədirlər. Çünki, Səid Cəlili beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan siyasi fiqurdur və dünyada ən tanınmış İran siyasətçilərindən biridir. Eyni zamanda o, Avropa İttifaqına daxil olan bir sıra dövlətlərlə isti münasibətlərə malikdir. Hətta Avropa İttifaqının Xarici siyasət üzrə ali komissarı, həmçinin Avropa Komissiyası ilə də normal əlaqələrə sahibdir. Həmin qurumlar Səid Cəlili ilə müəyyən məsələlərdə ortaq nəticəyə də gəlməyi bacarırılar. Ona görə də Səid Cəlilinin namizədliyi daha uğurlu görünür. Amma İran bundan əvvəlki seçkilərdə sürprizlər etməyi bacarıb. Bu baxımdan İranda gözlənilməyən namizədin seçilməsi də mümkündür. Amma ölkənin Ali dini lideri Ayətullah Xamneyi də Səid Cəlilinin namizədliyini dəstəkləyir. Buna görə də Cəlilinin şansları digərilərilə müqayisədə yüksək qiymətləndirilir. Digər tərəfdən İranın keçmiş spikeri Qulaməli Abdet Adilin namizədliyini Həsən Ruhaninin xeyrinə geri götürməsi müəyyən spekuliyasiyalara yol açır. Bu da Həsən Ruhaninin şanslarını bir qədər də artırır. Seçkilərdə məhz bu iki namizəd arasında daha qızğın mübarizə gedəcək. Həsən Ruhani də sürprizlər etməyi bacara bilər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00