Müxalifət teatrı: bəsit tamaşa, köhnə oyuncaqlar və çox yaşamayacaq xəstə bədən
12 İyun 2013 12:25 Siyasət"Məqsədləri böyük, qətiyyətləri kiçik insanların siyasətində nəticə həmişə bəyanat və ehtimallarla tərs mütənasib olur" (Fransua Rene de Şatobrian)
"İndi nə etməli?" sualının zaman məhfumunu səciyyələndirən kəlməsini ixtisar edəndən sonra rus filosofu və yazıçısı Nikolay Çernışevskinin əsərinin tam təkrarı olan formaya düşməsi azərbaycan müxalifətini narahat edən məsələlərdən birinə çevrilib. Ölkə hakimiyyətinə əks düşərgədə duranların xilası və qarşıdan gələn prezident seçkilərində müxalifətçiləri mübarizəyə vahid namizədlə apara biləcək, bu da olmasa, o vahid namizədin seçilməsində sırada duraraq səf tutan sıravilər sayılan müxalifət mənsublarına əhəmiyyətli yardım edəcək qurum kimi təqdim olunan Milli Şura indi danışıqlar aparır. Danışıqlar içdə və çöldə, daxildə və xaricdədir. Və o danışıqların hansı istiqamətinin daha üstün olduğunu Milli Şuranın sədri Rüstəm İbrahimbəyov belə, bilmir. Cənab İbrahimbəyov və onun sağ əli, "El" hərəkatının rəhbəri Eldar Namazov üçün ağır zaman yetişib. Milli Şura yaradılmazdan əvvəl ölkənin müxalifət mediasına və internet resurslarına, sosial şəbəkələrə və hatta kuluar müzakirələrinə hakim kəsilmiş "Milli Şura Rusiyanın hamiliyi ilə yaradılır, ya daxili layihədir?" sualına cavab verilməlidir. Təbii, cavabın ilkin variantı Milli Şuranın sırf Azərbaycan müxalifətinin məhsulu olması formasında idi.
Amma buna az adam inandı və inanmayanlar elə müxalifətin özündə çoxluq təşkil edir. Milli ideya, demokratik dəyərlər, vətəndaş hüquqlarından tutmuş, islamçılıq və türkçülüyə qədər ən geniş çeşiddə anlamlardan bəhs edən insanlar müxalifət dəstələşmələrinin illərdən bəri uğursuzluq yaşadığı məkanda sonucda heç olmasa Rusiyanın göstərişi ilə olsa belə, təşkilatın yaranmasına sevinirdilər. Müxalifətçi obıvatel düşünürdü ki, gərçi Milli Şuranın arxasında şimal qonşumuz varsa, qurum bəlli qüvvələrin təsiri və istəyi ilə yaradılıb elə həmin qüvvələr tərəfindən idarə edliləcəksə - deməli, indiyədək yaradılmış çoxsaylı "birləşmə variantları"ndan fərqli olaraq, orada real iş, maliyyə mənbələri olacaq. Yəni Milli Şuranın ciddi maliyyə dayaqları və siyasi perspektivləri var. Heyhat, müxalifətçilər bu dəfə də aldanıblar. Onları yeni miflə ortaya gətirərək hərəkətləndirməyə çalışıblar və əslində, Milli Şuranı yaradan nə Rusiyadır, nə də oradakı milyarder azərbaycanlılar. Rəsmi Moskvanın Azərbaycana qarşı belə aşkar avantüraya getməsi açığı, ağlabatan təsir bağışlamır. Səbəb Rusiyanın Cənubi Qafqazdakı təsir rıçaqlarının tam bərpası istəyini bilmərrə unutması və ya Azərbaycandakı buyruq qullarını yiyəsiz, əmr və göstərişsiz qoyması deyil. Əksinə, Moskva heç nəyi unutmur və bəlli - axıtdığı göz yaşlarına da inanmır. Sadəcə, Milli Şura təki qrotesk, siyasi fəaliyyətin yazılmamış qanunlarının çərçivələrindən çox kənara çıxaraq üçüncü dərəcəli Asiya filmlərindəki hiperaktiv qəhrəmanlar, məntiqsiz deyimlər və bol vədlərlə hədələrin qarışığı olan söz yığınını məhvər prinsiplər kimi qələmə verən qurumu siyasi texnologiya məhsulu kimi təqdim etmək özünə sayğı bəsləyən istənilən beyin mərkəzi üçün üzqarası sayıla bilər. Milli Şuranın "bani"ləri də bunu bilirlər və hələ tozanaq yatmamış, "Rusiya amili"ndən maksimum yararlanmağa çalışırlar.
Amma..
Milli Şuranı lap tərifləmək istəsək belə, bu qurumun gələcəyini yalnız irrasional müstəvidə nəzərdən keçirmək olar.
Məsələn, söyüd ağacında payızda mütləq şəkildə alma və ya armud yetişəcəyinin müzakirəsi təki.
Səbəblər az deyil və onların ən sadələrinə ötəri nəzər salmaq olar. Milli Şuranın heyəti təsadüfi, bəlkə də, tələsik formalaşmış rekrutlar siyahısına bənzəyir. Çünki orada siyasi spektrin ən müxtəlif yönlərindəki insanlar - sağçılarla solçular, islamçılarda aşkar qərbpərəstlər, mühafizəkarlarla liberallar, özünü nomenklatur müxalifət kimi qələmə verənlərlə "sırf ideya mübarizləri" və s. var. Həmin insanların bu birliyinin müvəqqətiliyi ilk mərhələdə, vahid namizəd məsələsinin çözülməsində bəlli olasıdır. Hər halda dünənədək zidd mövqe tutaraq bir-birlərinin kölgələrini qılınclayan adamların hansısa efemer ideya uğrunda qəflətən birləşmələrini "məhsuldar, dayanıqlı və effektiv" adlandırmağın absurdluğunu "ərəb baharı" yaşamış ölkələrdəki indiki duruma baxmaqla anlamaq olar. Liviya, Tunis, Mərakeş, Əlcəzair, Misirdəki müxalifətçilər hakimiyyətə qarşı birləşdilər, gurultulu adlarla təşkilatlar yaratdılar. Amma sonra nə oldu? Yaranan təşkilatlar parçalandı və dünənki müttəfiqlər indi bir-birinin qanına yerikləyən düşmənlərə çevriliblər, "demokratiyaya qovuşmuş" ölkələrdə də orta əsrlər feodalizmi ilə neoimper istəklərin əcaib simbiozuna çevrilmiş pis idarə edilən xaos durumundadır. Və elə həmin Milli Şuraya münasibətlə münasibətsizlik dilemması müxalifət düşərgəsindəki partiyalar arasında, onsuz da, bərbad olan münasibətləri pisləşdirməklə yanaşı, partiyaların içində də çaxnaşmalar yaradıb. Sədrin Milli Şuranı bəh-bəhlə təriflədiyi partiyanın funksionerləri Milli Şuranın əleyhinə çıxır, partiya liderinin Milli Şuranın gerçək məramlarından bəhs etdiyi qurumda isə bir dəstə adam az qala "Vurrey!" deyərək sözügedən quruma üz tutmaq istəyirlər. Əslində, Azərbaycan müxalifətindəki partiyalar, hərəkatlar və birliklərindəki Milli Şura ilə bağlı tərəddüdlər anlaşılandır. Bu qurum bir təşkilat kimi etibar mənbəyi deyil. Ən azı ona görə ki, belə qurumlar yaradılarkən ilk əvvəl onun sonradan qarşılaşa biləcəyi problemlər müəyyənləşdirilməlidir. Dəqiq, konkret şəkildə. Milli Şurada isə birləşmə konkret problemlərin həllinə görə yox, bu və digər adamların ətrafında bir araya gəlməkdir. Rüstəm İbrahimbəyovun sədr olduğu qurum iddia etdiyi adı doğrultmaq üçün ilk əvvəl müxalifətin illərdən bəri yaşadığı problemləri həll etməli, təcili çözüm tələb edən müşküllərlə məşğul olmalıydı. Yalnız həmin problemlər bəlirlənəndən və çözüm üçün resurslar tapılandan sonra müxalifətçiləri bəlağətli çıxışlarla harasa dəvət etmək olardı.
...Eldar Namazov və truppası Milli Şuranı yaratdılar. İndisə ətrafa baxır, nələr baş verdiyini anlamağa çalışır, problemlərin həll yollarını arayırlar.
Problemlər isə sürəkli, fasiləsiz şəkildə artasıdır.
Belə Milli Şura çox yaşayan deyil, çünki ortada siyasi distrofiya ilə doğulmuş orqanizm və problemlərin həlli üçün konkret mexanizmin yoxluğu var.
İctimai Palata adlı paradoksal qurumun taleyi təkrarlanır deyəsən... milli.az