Ermənistan beynəlxalq təşkilatların sənədlərinə məhəl qoymur
Ziyafət Əsgərov nazir müavinini məlumatlandırdı
11 İyun 2013 15:24 SiyasətMilli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Bosniya və Herseqovina Baş nazirinin müavini, xarici işlər naziri Zlatko Laqumçiyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. MM-dən "Olaylar"a verilən məlumata görə, sədr müavini qeyd edib ki, iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Əlaqələrimizin daha da genişləndirilməsi üçün potensial imkanlar mövcuddur. O, ölkələrimiz arasında əlaqələrin qədim tarixə malik olduğunu bildirərək, qeyd edib ki, hələ Sovetlər dönəmindən Bakı və Sarayevo qardaşlaşmış şəhərlər hesab edilir. Azərbaycan Bosniya və Herseqovina ilə əlaqələrin inkişafında maraqlıdır. Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən danışaraq qeyd edib ki, problemin həlli ilə bağlı nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə Ermənistan hələ də məhəl qoymur. Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. Bosniya və Herseqovinanın Baş nazirinin müavini, ölkənin xarici işlər naziri Zlatko Laqumçiya isə bildirib ki, ölkə parlamentinin Nümayəndələr Palatasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edilib.