“İbrahimbəyov vahid namizəd ola bilməz” - Açıqlama

Cümşüd Nuriyev: “Milli Şura məcbur olub Eldar Namazovun namizədliyini irəli sürəcəklər”

"Qurumdakı qüvvələrin əksəriyyəti Rüstəm bəyin namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Bircə Müsavat Partiyası qalıb. Mənə elə gəlir ki, Müsavat Partiyası da yaranmış vəziyyəti nəzərə alacaq. Əks halda isə Müsavatın Milli Şuradan çıxması nəzəri cəhətdən ehtimal olunur". ACP sədri Sülhəddin Əkbər mətbuata açıqlamasında belə deyib.

Politoloq Cümşüd Nuriyev də hesab edir ki, Milli Şuranın yaradılması İsa Qəmbərin vahid namizəd olması məsələsini pozmağa xidmət edir və ssenari Azərbaycandan kənarda hazırlanıb. Əgər İsa Qəmbər vahid namizəd olsaydı, müəyyən mənada müxalifətin seçkilərdə sosial bazası parçalanmayacaqdı: "Milli Şurada təmsil olunan hüquqşünasların ya Azərbaycan Konstitusiyasından xəbərləri yoxdur, ya da ki, onu oxumayıblar. İbrahimbəyov Konstitusiyanın 2 maddəsini pozur. Birincisi, o, namizəd olmaq üçün son 10 ilini Azərbaycanda yaşamalı idi. Bu isə bu müddət ərzində Azərbaycanda yaşamayıb. Onun İçərişəhərdə bir mülkü var, orada da siyasətlə məşğuldur, hərdənbir də gəlib gedir. İkincisi, onun ikili vətəndaşlığı olmamalıdır. İbrahimbəyovun isə nəinki ikili, hətta üçlü vətəndaşlığı var. Bu amil də İbrahimbəyovun namizəd olmasını mümkünsüz edir. Üçüncüsü də, onun üzərində cinayət işi olmamalıdır. Rüstəm İbrahimbəyovun vergi cinayətilə bağlı iş gedir. Ən azından Konstitusiyanın 100-cü maddəsinin 2 bəndi imkan vermir ki, Rüstəm İbrahimbəyov prezidentliyə namizəd olsun. Onun namizədliyinin irəli sürülməsinin arxasında AXCP sədri Əli Kərimli dayanır. Əli Kərimli də İsa Qəmbərin müxalifətdə olmasını qəbul eləmir. Düzdür, Əli Kərimli bildirir ki, keçid dövrü üçün o, prezidentliyə namizədliyini irəli sürməyəcək. Amma o hüquqşünas kimi savadlıdır və çox gözəl bilir ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacaq. Milli Şura üzvləri də məcburiyyət qarşısında qalıb ya Əli Kərimlinin, ya da ki, Eldar Namazovun namizədliyini irəli sürəcəklər. Ola bilsin ki, Namazov və Kərimlinin hər ikisi birdən namizədliklərini irəli sürdülər. Ən azından isə Eldar Namazovun namizədliyi qeydə alınacaq. E.Namazovun namizədliyinin qeydə alınması isə müxalifətin səslərinin parçalanması deməkdir. Bu isə onu göstərir ki, Milli Şuranın 1 qəpiqlik qiyməti yoxdur. Eldar Namazov və Əli Kərimli çox ustalıqla İsa Qəmbərin namizədlik məsələsini gündəmdən çıxarmaq üçün Milli Şura ideyasını dəstəklədilər. İsa Qəmbər isə elə fikirləşdi ki, Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçiləndən sonra namizədlikdən imtina edəcək. Əli Kərimli və Eldar Namazovun əsas məqəsədləri də o idi ki, bu işi İsa Qəmbərin əli ilə etsinlər. Quş həmişə öz dimdiyindən tələyə düşür, İsa Qəmbəri də öz dilindən tələyə saldılar. Elə Milli Şuranın ilk toplantısında Leyla Yunus İbrahimbəyovun namizədliyini irəli sürdü. Burada birinci məqsəd İsa Qəmbərin namizədliyini gündəmdən çıxarmaq, ikincisi Rusiyanın tapşırıqlarını icra etməkdir. İbrahimbəyovun ətrafındakıların Azərbaycan qanunvericiliyini pozmaqla onun namizədliyini irəli sürə bilməyəcəklərini deyən C.Nuriyev qeyd etdi ki, çünki Milli Şura müəyyən qüvvələrin maraqlarına xidmət edir. İbrahimbəyov isə həmin planda ssenari müəllifi yox, baş rolun ifaçısıdır. Ssenarinin yazılmasında isə Əli Kərimli və Eldar Namazov iştirak ediblər: "İsa Qəmbər isə həmin ssenaridə prodüser statusunda qalır. Proseslər davam etsə, Müsavatla birgə digər partiyalar da Milli Şuranı tərk edəcəklər". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00