Milli Şurada həmsədrlik institutu yaradıla bilər
İbrahimbəyov ölkəyə qayıtmasa, Müsavatın bu təkliflə çıxış edəcəyi gözlənilir
11 İyun 2013 14:37 SiyasətRüstəm İbrahimbəyov Milli Şuranın sədri seçilsə də, onun faktiki olaraq quruma sədrlik edəcəyi real görünmür. Çünki İbrahimbəyov Moskvada yaşayır, Bakıda evi olsa da, Kinematoqraflar İttifaqında aparılan vergi yoxlamaları ilə əlaqədar Bakıya gəlməyə ehtiyat edir. Bu barədə martda verdiyi açıqlamada Rüstəm müəllim özü də bildirmiş və müxalifətçiləri narazı salan bəyanatla çıxış etmişdi: "Dəli deyiləm ki, gələm, məni həbs edələr". O zaman İbrahimbəyov Ziyalılar Forumunu təmsil edirdi, Milli Şura yaranmamışdı, onun Bakıda olması önəmli də deyildi. Amma indi o Milli Şuranın sədri seçilib. Bundan sonra İbrahimbəyov "mən bu həftə siyasətlə məşğul olmayacm, ABŞ-da kinofestival var, ora gedəcəm" və ya "Yeni ssenari sifarişi almışam, başım hələ qarışıqdı" tipli bəyanatlar verə bilməz. O artıq siyasi fiqurdur, böyük bir siyasi alyansın rəhbəridir. İbrahimbəyov tezliklə Bakıya qayıdıb Milli Şuraya rəhbərlik etməlidir. Başqa variantlar mümkün deyil və qəbul olunmayacaq. İbrahimbəyovun alternativ variantı nə ola bilər? Milli Şura sədri bəyanat verə bilər ki, mən Bakıya gələ bilmədiyim üçün səlahiyyətləri başqa birinə verirəm. "Başqa birinin" kimliyi artıq bəllidir. Yəqin ki, İbrahimbəyov Eldar Namazovu nəzərdə tutur və səlahiyyətləri də ona vermək istəyir. Artıq bu barədə söhbətlər gedir. Milli Şuradan çıxmağa bəhanə axtaran Müsavat təmsilçiləri artıq İbrahimbəyovu ABŞ-da oturub ADP-ni idarə edən Rəsul Quliyevə, Eldar Namazovu isə düz 10 il "Rəsul müəllim bu yaz gəlir" deyə bəyanatlar verən Nurəddin Məmmədliyə bənzədirlər. Xatırladaq ki, Nurəddin müəllim axırda vədlərdən usanıb ADP-dən çıxdı, AXCP-yə transfer etdi. Nurəddin müəllim bir şəxsin təmsilçisi idi. O şəxs bir partiyanın sədri idi. Amma İbrahimbəyov müxalifət blokunun sədri və ehtimal olunan vahid namizədidir. O prosesə özü qoşulmalıdır. Əgər yerinə Eldar Namazovu təyin etsə, türklər demiş, hər kafadan bir səs çıxacaq. Parçalanma meylləri artacaq. Başqa partiyalar da İbrahimbəyovun nümayəndəsi olmağa çalışacaqlar. Çünki Eldar Namazov başqa partiyalarda qəbul olunmur. İbrahimbəyov ölkəyə gəlməsə, yerinə öz nümayəndəsini təyin etsə, o zaman Müsavat və AXCP yeni təkliflərlə çıxış edə bilərlər. Gələn xəbərlərə görə, Müsavat Milli Şuradan həmsədrlik institutunun yaradılması təklifi ilə çıxış edə bilər. Müsavatın təklifi əslində ağlabatan və məntiqlidir. Madam ki, İbrahimbəyov ölkəyə gələ bilmir, o zaman Şura həmsədrlik institutu ilə idarə olunsun. Müsavat güman ki, Şuraya üç həmsədrin olmasını təklif edəcək. İbrahimbəyovla yanaşı quruma İsa Qəmbər və Əli Kərimlinin də rəhbərlik etməsi təklif olunacaq. Təklif keçərli olarsa, Şurada ikitirəliyin yaranması rəsmiləşəcək. Statuslar bərabər olduğundan vahid namizəd problemi də dərinləşəcək. Milli Şurada bu problemin yaranmaması, mərkəzdənqaçma meyllərinin artmaması üçün Rüstəm İbrahimbəyov Bakıya qayıtmalıdır. Kinodramaturq Bakıya qayıtmaq istəməsə, o zaman rəhbərlik etdiyi qurumun bütövlüyünü qoruyub saxlaya bilməyəcək.
Ərhun Abbas