“Əli Əlirzayevin prinsipləri partiyanın prinsipləri ilə üzlaşmır”
Kərim Kərimov: “Əli müəllimin əslində partiya mənsubiyyət məsələsinə baxılmalıdır”
11 İyun 2013 14:34 SiyasətYeni Azərbaycan Partiyasının qurultayından sonra partiyada baş verən struktur dəyişiklikləri medianın müzakirə predmetinə çevrilib. Bəzi siyasi dairələr isə bu yeniliyi hədəf seçərək öz siyasi məqsədləri üçün istifadəyə cəhd edirlər. YAP İdarə Heyətinin üzvü, sabiq millət vəkili Kərim Kərimov bildirib ki, 5-ci qurultay partiyanın tarixində ən parlaq qurultayların biri olub. Onun sözlərinə görə, adıçəkilən qurultaya kimi, hakim partiya sədrinin müavini bir nəfər olub ki, o da icra katibi Əli Əhmədov idi: "Əli Əhmədov da çox bacarıqlı bir insandır. O, istər mədəni, istər elmi, istər siyasi cəhətdən inkişaf etmiş, püxtələşmiş bir insandır, ən əsası, ulu öndərimizin ən uğurlu seçimlərindən biridir. Amma təbii ki, 600 min nəfərlik partiyada bir nəfər müavin azlıq təşkil edirdi. Halbuki bizdə belə partiyalar var ki, bir sədrdən və ən çoxu 50-100 üzvdən ibarətdir. Bununla belə, baxırsan ki, neçə - neçə saysız-hesabsız müavinləri var. Dediyim kimi, ancaq YAP kimi bir partiyada cəmi bir nəfər sədr müavini varıydı ki, bu da çox az idi. Ona görə müavinlərin sayını çoxaltmaq lazım idi və müavinliyə də irəli çəkilən yoldaşlar Azərbaycanın ictimai-siyasi həyatında tanınan, uğurlu ictimai-siyasi fəaliyyət göstərən insanlardır. Xüsusilə də onların içərisində Mehriban xanımı qeyd etmək istərdim. Mehriban xanım Azərbaycanın ictimai-siyasi həyatında, əgər nömrələmək mümkündürsə, ən aktiv, bir nömrəli ictimai-siyasi xadimdir. İkincisi, Mehriban xanım bütün o çətin, məsul işlərdə, vəzifələrin yerinə yetirilməsində möhtərəm prezidentimizin ən yaxın köməkçisi, silahdaşı olub. Odur ki, Mehriban xanımın bizim partiyamıza partiya sədrinin müavini kimi gəlməsinə çox yüksək qiymət verirəm. Onsuz da Mehriban xanım bizim ictimai-siyasi həyatımızda, partiyanın həyatında ən aktiv iştirak edən, ən yaxşı məsləhətlərini verən yoldaşlardan biridir. İndi isə o rəsmi status aldı, yəni, partiyanın sədr müavinidir. Bu da şəxsən məni olduqca məni sevindirir".
Yeni seçilən sədr müavinlərindən digərlərinə gəlincə, K. Kərimov deyib ki, Milli Elmlər Akademiyasının (MEA) prezidenti Akif Əlizadənin də bu vəzifəyə seçilməsi tam normal və uğurlu bir addımdır: "Yadınızdadırsa, partiyamız yaranan vaxtı da Akademiyanın keçmiş prezidenti mərhum Fərəməz Maqsudov bizim partiyanın İdarə Heyətinin üzvü, onun aktiv iştirakçılarından biri idi. Partiyamızın ilk qərargahı da məhz onun rəhbərlik etdiyi Fizika-Riyaziyyat İnstitutunda yaradılmışdı. İndi də Akademiyanın yeni prezidentinin bizim partiyamızda sədr müavini olması, yəni, yüksək , elmi statusu olan bir insanın sədr müavini olması, bu, ancaq sevindirici haldır. O ki qaldı Əli Həsənova, o da işlədiyi müddətdə özünü yüksək səviyyəli təşkilatçılıq qabiliyyəti olan bir məmur kimi tanıtmış və kütlə, qaçqınlar içərisində böyük işlər aparmış yoldaşlardan biri- elə birincisidir, təbii ki, cənab Prezidentdən sonra. Yəni, demək istəyirəm ki, bunların gəlişi bizim partiyamızda xüsusi bir canlanma yaradacaq... Sonra bizim 90 nəfərlik Siyasi Şuradan da bir neçə nəfər gedib, bir neçə nəfər əlavə olunub, bu da təbii haldır. 5 il ərzində partiyanın həyatında mühüm hadisələr baş verib. Bəzi adamlar partiyanın içində aktiv iştirakdan geri qalıblar, bir sıra adamlar irəli keçib. Bunlar da qurultaydan-qurultaya partiya tərkibində öz əksini tapmalıdır. Eyni zamanda, əvvəlki tərkibdən kimlər ki, Siyasi Şuraya, yaxud, İdarə Heyətinə indi seçilməyiblər, bu, heç də o demək deyil ki, partiya həmin adamlarla düşmənçilik edir. O adamlar bizim yoldaşlarımızdır. Mən şəxsən o adamlara necə əvvəl hörmət edirdim, indi də o cür hörmətlə yanaşıram. Amma partiya həyatının bir qanunu var- partiyada aktiv olmaq, partiya ilə sıx əlaqə saxlamaq, partiyanın ictimai-siyasi işlərində, xüsusilə seçkilərdə, prezident seçkilərində, Milli Məclisə seçkilərdə aktiv iştirak etmək lazımdır: "Nisbətən geri qalanlar bu işdə bir addım çəkilirlər geriyə, kimlər ki, aktivdir, onlar partiyada, partiyanın rəhbər orqanlarında onların qeydiyyatı aparılır, onlar öz yerlərini tuturlar. Yəni, bu, günün, partiyanın normalarına uyğun olan hadisədir. Əli Əlirzayevlə Maksim Musayevə gəlincə, mən Əli müəllimin müsahibəsini oxudum. Bütöv bir səhifəlik müsahibə verib. Amma onu da deyim ki, Əli Əlirzayev Maksim Musayev kimi Əli Əhmədovu hədəfə götürməyib. Ancaq bununla belə, Əli Əlirzayev düz danışmır. Əli Əlirzayev mənim hörmət etdiyim adamlardan biridir, bu gün də hörmət edirəm. Çox abırlı adamdır, ancaq bu məsələdə səhv edib. Partiyanın yaranması "91-lər" hərəkatı ilə əlaqədardır. "91-lər" ilk dəfə partiya yaratmaq haqqında Heydər Əliyevə müraciət etdilər. Heydər Əliyev özü isə partiya yaratmaq istəmirdi. Ona görə ki, ömrünün ən gözəl günlərini, həyatını həsr etdiyi kommunist partiyası ona, necə deyərlər, etibarsız çıxmışdı. Ona görə də Heydər Əliyev yeni partiya yaratmaq haqqında fikirləşmirdi. Amma "91-lər" o zaman Heydər Əliyevə çox təsiredici, Heydər Əliyevin hislərinə toxunan bir məktub hazırladı. Azərbaycanı hansı fəlakətlər gözləyir, Azərbaycan hansı fəlakətlərə artıq qədəm qoyub, həmin məsələləri və Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini orada göstərdik. Bundan sonra Heydər Əliyev bizim ona olan müraciətimizə müsbət fikir bildirdi". K. Kərimov hesab edir ki, Ə. Əlirzayevin də partiya quruculuğundakı xidmətlərini heç kim danmır: "Amma Əli Əlirzayevin prinsipləri partiyanın prinsipləri , Nizamnaməsi ilə üzlaşmır. Partiyanın Nizamnaməsində bu cür yazılır ki, bütün məsələlər müzakirə olunur, kollektiv şəkildə, demokratik şəkildə qərar qəbul olunur. Qərar qəbul olunandan sonra isə hər bir partiya üzvünün o qərara əməl etmək borcudur. Əli Əlirzayevlə partiyanın mövqeləri isə 2005 və 2010-cu il parlament seçkilərində, necə deyərlər, haçalandı. Partiya belə qərar qəbul etdi ki, hər yer üçün vahid namizədlə seçkilərə gedəcəyik. Əli Əlirzayev isə buna tabe olmadı, hər dəfə partiyanın verdiyi siyahıya qarşı özünün namizədliyini də irəli sürdü və hər yerdə, hər dairədə seçiləcək adamın seçilmə prosesini bir az çətinləşdirdi. Bu, doğru hərəkət deyildi. Belə bir hərəkətə görə bir sıra adamlar partiya sıralarından kənarlaşdırıldılar. Bir sıra - özü də görkəmli adamlar, partiyanın yaranmasında Əli Əlirzayevdən artıq xidmət olan digər bir adam da partiyadan uzaqlaşdırıldı. Əli Əlirzayev, düzdür, deputat seçilmədi, ancaq onu partiyadanm uzaqlaşdırmadılar. Bununla belə, Əli Əlirzayev, demək olar, özü partiya ilə bütün əlaqələrini kəsdi, partiyaya gəlmədi, partiyanın tədbirlərində iştirak etmədi. Bir neçə ildir mən Əli Əlirzayevin üzünü, sifətini görməmişəm. Bu baxımdan da, o, qurultaya nümayəndə və yenidən Siyasi Şuraya üzv seçilmədi. Əksinə, həm də Siyasi Şuranın üzvlüyündən çıxarıldı. İndi Əli Əlirzayev, mən bildiyimə görə, obyektivliyini itirməmiş bir insandır, özü-özünə qiymət versin. Bir neçə ildə bu partiya ilə onun heç bir əlaqəsi yoxdursa, heç bir tədbirində iştirak etməyibsə, partiyaya gəlməyibsə, heç təşkilatla əlaqə saxlamayıbsa, Əli müəllimin əslində partiya mənsubiyyət məsələsinə baxılmalıdır". M. Musayevə gəldikdə isə K.Kərimov deyib ki, o həmin şəxsin partiya quruculuğundakı fəaliyyətini görməyib:"İndi o danışır, bir nəfər də nə bilim Türkiyədən onun haqqında yazır ki, az qala partiyanı yaradan adamdı. O zamanlar "Montin"də, partiyanın qərargahında hər gün 8-10 saat olmuşam, ancaq mən Maksimi bir dəfə də orada görməmişəm . Maksimlə biz bir dəfə də olsun partiya söhbəti etməmişik. İndi Maksimin birdən-birə ortalığa çıxmasını, iddialarını yenə birtəhər başa düşmək olardı, onun amma Əli müəllimə sataşmasını, ona qarşı əsassız ittihamlarını heç cürə qəbul etmək olmaz və edə bilmərəm. "Əli müəllimin adını gördüm "91-lər"in içərisində, ona görə ora mən qol çəkmədim", belə söhbətlər ayıbdır. Maksim Musayev də yaşlı yoldaşdır. Yaşlı yoldaş o cür hərəkət etməməlidir. İkincisi, Əli müəllim YAP-da həm partiyanın icra katibi, həm də partiya sədrinin yeganə müavini olmaq etibarilə, yəni, partiyanın avtoriteti kimi, partiyanın həyatında, onun güclənməsində aktiv iştirak edib və bu gün də uğurlu şəkildə fəaliiyətini davam etdirməkdədir. İndi onun haqqında bu cür sözlər danışmaq olarmı?"
Alim