Müsavat Milli Şuranı tərk edir - SİYASİ ŞƏRH

Partiya seçkiyə müstəqil gedəcək

Müsavat Milli Şuranı tərk edə bilər. Bunu mətbuata müsahibəsində Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər deyib. Sabiq müsavatçı bildirib ki, hazırda Milli Şura daxilində Rüstəm İbrahimbəyova əsas rəqib kimi daha çox Müsavat başqanı İsa Qəmbər görünür. Çünki digər əsas iddialı siyasətçi AXCP sədri Əli Kərimli Rüstəm bəyin namizədliyi dəstəklənəcəyi halda namizədliyini verməyəcəyini bildirib. "Vahid namizəd məsələsində İsa bəylə Rüstəm bəy arasında kompromis əldə olunacaqmı" sualına cavabında Sülhəddin bəy deyib ki, Milli Şurada AXCP sədri Əli Kərimlinin də Rüstəm İbrahimbəyovun vahid namizədliyini dəstəklədiyini açıqlamasından sonra bu məsələdə Müsavat Partiyasından başqa demək olar ki, digər bütün partiya və təşkilatlar eyni mövqedədir. ACP lideri seçim yaranarsa, Müsavatın öz namizədi ilə seçkidə iştirakını mümkün sayır. Onun ehtimalına görə, Müsavat Milli Şuradan çıxa bilər. Sülhəddin Əkbər Müsavat partiyasında ikinci şəxs olub. O, partiyanın mətbəxinə yaxşı bələddir. Müsavatın bu cür situasiyalarda çıxaracağı qərar S.Əkbərə yaxşı məlumdur. Dəfələrlə bu cür durum yaranıb və Müsavat firqə maraqlarını önə çəkərək müxalifətin ümumi işinə zərbə vurub. 1998-ci ildə faktiki olaraq AXCP ilə Müsavatın siyasi ittifaqı olan Demkonqres mərhum Əbülfəz Elçibəyin vahid namizədliyini dəstəkləmədi. Müsavat partiya maraqlarını üstün tutdu, müxalifət məğlub oldu. 2000-ci ildə Müsavat yenə öz maraqlarını güddü, parçalanmış AXCP-nin "klassiklər" qanadını dəstəkləməklə bölücü rol oynadı. Müxalifət 5-6 il özünə gələ bilmədi. 2006-cı ildə Müsavat yanlış qərar çıxarmaqla "Azadlıq" blokunu parçaladı. Müsavat indi də Milli Şuranın bütövlüyünə təhlükə yaradır. S.Əkbər bildirir ki, bütün partiyalar vahid namizədin tərəfdarıdır, təkcə Müsavatdan başqa. Belə çıxır ki, Arif Hacılının narahatlıqla verdiyi açıqlamalar da partiyanın mövqeyi varmış. Xatırladaq ki, Arif Hacılı Milli Şuranın perspektivinə inanmır, Müsavatın təkbaşına mübarizəsini vacib sayırdı. Müsavat Partiyasının əsas fiqurları Milli Şuraya üzv olmayıblar. Bu sırada Rauf Arifoğlu, Müsavata yaxınlığı ilə seçilən Hacı İlqar İbrahimoğlu, Pənah Hüseyn də Şura üzvü deyillər. Göürünür, onlar Müsavatın Milli Şuradan çıxacağı günə hazırlaşırlar. Bu ehtimal isə yaxın vaxtlarda gerçəkləşəcək. Artıq cəmiyyətdə belə bir fikir hakimdir ki, Müsavat Milli Şuranı tərk etmək üçün əlverişli zaman gözləyir. İlk fürsətdə partiya şuradan çıxacaq, prezident seçkilərində ana müxalifət statusunu qazanmaq, növbəti parlament seçkilərinə siyasi dividentlə getmək üçün şans qazanmış olacaq. Hacı İlqarın Milli Şuraya daxil olmaması əslində ciddi mesajdır. Bu, o deməkdir ki, islamçılar Şurada deyillər və lazım olarsa, Müsavatla birgə hərəkət edəcəklər. Bu fakt əslində Rauf Arifoğlu komandasının üstünlüyüdür və əsas alibisidir. Müsavatın Milli Şuradan çıxıb, öz seçki blokunu elan edən zaman bu şəxslər İsa Qəmbərin komandasında olacaqlar. Yeri gəlmişkən, İbrahimbəyovun komandası da Milli Şura yaranarkən, eyni taktikanı yürüdüb. Ziyalılar Forumunun bir sıra üzvü Milli Şuradan kənarda qalıb. Bəlkə də müstəqil siyasətçilər, hüquq müdaifəçiləri, və bir sıra partiyalar da bilərəkdən şuraya daxil edilməyiblər. Onlar Müsavat Şuranı tərk edərkən əks-addım atacaq, Milli Şuraya daxil olacaqlar.
 

Hüseyn Meşkinli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00