“Danışıqlar prosesində durğunluq əmələ gəlib”- Novruz Məmmədov
11 İyun 2013 11:41 Siyasət"Artıq bir müddətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində bir durğunluq əmələ gəlib". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov səsləndirib. Novruz Məmmədov bildirib ki, danışıqlar prosesində irəliyə getmək mümkün olmur: "Kiçik bir dövlət olan Ermənistan həmsədr dövlətlərin status-kvonun dəyişdirilməsinin vacibliyi ilə bağlı bəyanatlarına məhəl qoymur. Hansı ki, hazırda işğalçı dövlət dərin böhran, çətinlik içərisində bu hərəkəti edir. ATƏT-in Minsk qrupunda həmsədrlik institutu uzun illərdir fəaliyyət göstərsə də, danışıqlar prosesində nəticə yoxdur". Novruz Məmmədov qeyd edib ki, ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı bu baxımdan vacibdir: "Düşünürəm ki, C.Kerrinin bu çağırışı həm özü üçün, həm də beynəlxalq müstəvi və bizim region üçün böyük məna daşımalıdır. Yəni danışıqlar prosesi fəallaşmalı və münaqişənin həlli üçün səylər güclənməlidir. Eyni zamanda, əsasən həmsədr dövlətlər olaraq ABŞ, Rusiya və Fransa düşünməlidir ki, onların üzərində bir məsuliyyət var. Necə ola bilər ki, dünyada mövcud olan bir çox proseslərdə çalışıb nəticə əldə etmək istəyirlər, amma bu məsələdə müşahidəçi kimi mövqe bildirirlər. Həmsədrlər müşahidəçi olmalı deyil axı. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, ABŞ dövlət katibi Con Kerrinin bəyanatı münaqişənin tezliklə həlli zərurətini bir daha təsdiqləyir. Ümmuiyyətlə, Ermənistan tərəfi danışıqlar prosesində imitasiya etməklə, bir tərəfdən, beynəlxalq ictimaiyyətin gözünə pərdə asır, digər tərəfdən isə məsələni uzada-uzada davam edib gedir. Fikrimcə, ermənilər gələcəyi görə bilmirlər. Azərbaycan necə olursa-olsun torpaqlarını işğaldan azad edəcək. Sadəcə olaraq, indiki vəziyyət nə qədər uzun davam etsə, ermənilər o qədər bundan çox zərər görəcəklər".