Türk diplomatiyası üçün itki - FİKİR

Zahid Oruc: “Mövqeləri xeyli sıxışdırılmış ermənilərin belə məqamda nüfuzlu xristian liderindən dəstək qazanması tanıma qərarlarını sürətləndirə bilər”

Son günlər gündəmə damğasını vuran məsələlərdən biri də katoliklərin liderinin qondarma erməni "soyqırımı" ilə bağlı ifadələr işlətməsidir. Kütləvi informasiya vasitələrinin də yaydığı xəbərlərdə bildirilir ki, bir müddət əvvəl erməni katoliklərinin lideri 19-cu Nersos Petros yeni Roma Papasının qəbulunda olmuş və katoliklərin lideri tərəfindən yüksək qarşılanma və qiymətə layiq görülmüşdür. Roma Papası Fransis bəyan etmişdir ki, 20-ci əsrin insanlıq əleyhinə ən böyük cinayəti guya ermənilərə qarşı törədilən  "soyqırım" olmuşdur. Roma papasının nümayiş etdirdiyi erməni sevgisi işğalçı ölkədə nə qədər sevinc və məmnunluq hissi yaratsa da, Fransisin açıqlaması rəsmi Ankarada bir o qədər etiraz və təəssüf hissi doğurmuşdu.  Bəs görəsən katoliklərin lideri, Roma papası Fransisin qondarma "erməni soyqırımı" ifadəsi işlətməsi nəyə xidmət edir və bu Türkiyə üçün nə kimi mənfi fəsadlara yol aça bilər?

Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Orucun sözlərinə görə, Qriqoryan kilsəsinin dünyəvi şəbəkəsindən bəhrələnənlər bu dəfə katolik rəhbərin mühüm siyasi mesajlarını qazana bilmişlər: "Vatikanın taxt-tacı təkcə bir milyarddan artıq katoliklər üçün deyil, digər milli və dini toplumlar üçün də mühüm mənaya malikdir. Hər zaman dərin siyasi oyunların içində olan bu qibləgah imperatorlara titulların təqdim olunmasından tutmuş, SSRİ-nin dağılmasındakı məxfi rola qədər, hər şeydə özəl mövqeyə, gizli maraqlara və ağır çəkiyə malik olub. İkinci İohan Pavelin Polşadan başlayan və onun dini liderliyi ilə sonuclanan böyük tarixi xidmətləri içərisində dünyanı dəyişən və bəşəri proseslərə yön verən çoxlu addımları da var ki, bunlar zaman keçdikcə açılacaqdır. Napoleon pontifikin əlindən alıb özü başına qoyduğu tacı çıxmaq şərtilə, indi əksər liderlər Vatikanın siyasi önəmi ilə hesablaşırlar". Millət vəkili bildirib ki, Roma papasının belə absurd bəyanatla çıxış etməsi pis nümunə ola bilər: "Təsadüfi deyil ki, həmin görüşdə Roma  papasına erməni mədəniyyəti haqda kitabı və İsa peyğəmbərin bürünc metal üzərindəki əksini bağışlayan nümayəndə heyətinin üzvü, Cənubi Amerika ermənilərinin Milli Komitəsinin rəhbəri Alfonso Tabakyan söyləyib ki, katoliklərin başçısının bəyanatı faktiki olaraq ilk mühüm çağırış və tanınma qərarıdır. Düzdür, buna qədər də belə mövqelər olmuşdu. Lakin indiki məqamda katoliklərin lideri Fransisin bu cür açıqlama ilı çıxış etməsi heç də ürəkaçan deyil.  Burada bir məqama da diqqət çəkmək yerinə düşər ki, bu da yuxarıda adını qeyd etdiyim Cənubi Amerika ermənilərinin Milli Komitəsinin rəhbəri Alfonso Tabakyanla bağlıdır. Belə ki, Alfomso Tabakyanın adı və soyadı Argentinada xeyli dərin kök salmış erməni maliyyə-iqtisadi qruplarına gedib çıxır. Hesab edirəm ki, belə yüksək qəbulda da məhz Tabakyanın "əməyi" az olmayıb. Konkert desək bu görüşdən Tabakyan və gizli iş birliklərinin qoxusu gəlir. Ümumiyyətlə, siyasətdə bağlı qapıları açmaq gücünə malik olan əlahəzrət dollarlar indi dünya idarəçiliyinin ən üst düzeyinə gedib çıxır və burada konspirasiya tələbləri çoxdan pozulub". Zahid Orucun qənaətincə Roma papası Fransisin qondarma "erməni soyqırımı" ilə bağlı məlum bəyanatı bütün hallarda türk diplomatiyası üçün itkidir: "Mövqeləri xeyli sıxışdırımış ermənilərin belə məqamda nüfuzlu xristian liderindən dəstək qazanması Türkiyənin maraqları ziddinə aparılan prosesləri və tanıma qərarlarını sürətləndirə bilər". Millət vəkili hesab edir ki, türk ictimaiyyəti katoliklərin liderinin məlum bəyanatına qarşı öz etirazını bildirməli və səsini qaldırmalıdır: "Ona görə də indiki situasiyada rəsmi tədbirlərə və geniş ictimai etirazlara ehtiyac duyulur. Hazırda daxili savaşlara enerji xərcləyən türk siyasi elitası beynəlxalq zərbələr hesabına Türkiyənin əldə etdiyi uğurları sual altında qoya bilər. Millətin etirazlarını bibər qazı ilə boğmaqdansa, xalqa nəfəslik verib onu dünya erməniləri ilə döyüşə səfərbər etmək gərəkdir. Çünki öz millətini məğlub edib düşmən üzərində qalib gələ bilməzsən".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00