Milli Şura vahid namizədi müəyyən edə bilmədi - SİYASİ ANALİZ
Qurum AXCP və Müsavatın savaşı meydanına çevriləcək
7 İyun 2013 17:04 SiyasətMilli Şura nəhayət elan edildi. VHP-nin qərargahında qurumun bəyannaməsi elan edilib və tərkibi açıqlanıb. Qeyd edək ki, öncədən məlumat verilmişdi ki, Müsavatdan Arif Hacılı, Rauf Arifoğlu, AXCP sədri Pənah Hüseyn və ilahiyyatçı Hacı İlqar qurumda olmayacaqlar. Sonradan məlum olub ki, Arif Hacılı Milli Şuraya üzv qəbul edilib. Tədbir müxalifətin ənənəvi tədbirləri kimi başlayıb. Məclisi Ziyalılar Forumunun üzvü Cəmil Həsənli açıb. O, Milli Şuranın yaradılması münasibətilə xalqı təbrik edib, "demokratiya uğrunda xalqla birlikdə böyük mübarizə əzmi göstərəcəyini" qeyd edib. Təşkilatın bəyannaməsi qəbul edilib. Milli Şuranın tərkibinə 129 nəfərin adı daxil edilib. Milli Şuranın formatı müxalifətin əvvəlki qurumlarından fərqlənmir. Amma Şura ilk dəfə olaraq vahid namizəd məsələsini birinci toplantıda həll etməyə çalışdı. Öncədən də bəlli idi ki, AXCP və bu partiyaya yaxın olan gənclər təşkilatlarının rəhbərləri, müstəqil siyasətçilər Əli Kərimlinin namizədliyini dəstəkləyəcək. El hərəkatı, Ziyalılar Forumu, Leyla Yunus, Fuad Ağayev kimi hüquq müdafiəçiləri Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürürdülər. Son müsahibəsində İbrahimbəyov "vahid namizəd olaram" demişdi. Müsavat funksionerlərinin Milli Şuradan imtina etmələri İsa Qəmbərin iddiasız olduğunu göstərirdi. Amma son anda Arif Hacılını şuraya daxil olması vəziyyəti dəyişdi. Bəlli oldu ki, Müsavat İsa Qəmbərin vahid namizəd olmasına çalışacaq. Müsavatın ikili oyun oynadığı faktdır. Partiya həm tanınmış fiqurlarını qurumdan kənarda saxlayır, həm də başqan səviyyəsində şurada təmsil olunur. Qeyd edək ki, Milli Şuranın təsis yığıncağında qurumun sədrliyinə Rüstəm İbrahimbəyovun namizədliyini də İsa Qəmbər verib. Müsavat bununla həm "konstruktiv, birliyə tərəfdar olan müxalifət partiyası" görüntüsü yaradır, həm də İbrahimbəyovu vahid adaylıqdan kənarda qoymaq istəyir. Müsavatda hesab edirlər ki, İbrahimbəyov bu jestin əvəzində İsa Qəmbərin adaylığını dəstəkləyəcək. Müsavatın bu jesti AXCP-dən cavablanıb. Əli Kərimli Rüstəm İbrahimbəyovun vahid namizəd ola biləcəyini bildirib. "Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçildisə, böyük ehtimal ki, vahid namizəd özü ola bilər". Bunu deyən AXCP sədrinin sözlərinə görə, kim istəyirsə, onu Milli Şuranın vahid namizədi kimi qəbul edə bilər. Siyasi müşahidəçilərin fikrincə, AXCP sədrinin bu cür qabardangəlmişliyi Müsavata cavabdır. Əli Kərimli İsa Qəmbərin irəli düşməsini istəmir. Milli Şuranın təsis yığıncağında müşahidə olunanlar bir daha təsdiq edir ki, bu qurum da İctimai Palata kimi AXCP ilə Müsavatın savaş meydanına çevriləcək.
Ərhun Abbas