“Milli Şurada həm türban davası aparan dindarlar, həm pedofillərin evlənməsinə tərəfdar çıxanlar var” - GÜNDƏM

Əhməd Oruc: “İctimai Palatada bir araya gələ bilməyənlər, tərkibi daha daha qarışıq Milli Şurada razılaşa biləməyəcəklər”

Artıq xeyli müddətdir ki, Milli Şura ideyası gündəmi məşğul edib. Amma qurumun yaranması heç də hamını razı salmayıb. Azadlıq Partiyasının sədri Əhməd Oruc da deyir ki, Milli Şurada həm türban davası aparan dindarlar, həm pedofillərin evlənməsinə tərəfdar çıxanlar, həm də Avropanın ifrat liberal birliklərinə üzv olanlar cəmləşdiyi üçün Milli Şuradan hansısa uğur, perspektiv gözləmək mənasızdır: "Eyni zamanda bu qurumda Rusiyanın açıq nəzarəti altında olanlar, yalançı boz qurdlar və hakimiyyətin istifadə edib atdıqları adamlar da var. Bu cür əks ideolojilərin, fərqli mərkəzlərin nəzarətində olan qüvvələr bu ölkəyə xeyirli nəsə gətirə bilərmi? Bir siyahını 4 aya ortaya qoya bilməyənlər bu ölkənin problemlərini çözə bilərmi? Eyni adamlar, eyni pafosla "milləti xilas" etməkdən danışırlar. Cəmi bir neçə ay əvvəl "ən böyük birlik İctimai Palatadır" deyənlər indi "Milli Şura" haqda da həmin məntiqlə, həmin ağılla gözlərini yumub ağızlarını açıblar". Partiya sədrinin sözlərinə görə, İctimai Palata Milli Şuradan daha üstün bir qurum idi: "Heç olmasa orada ideoloji yaxınlıq var idi. Həmçinin sözügedən ideya Azərbaycana düşmən kəsilən ölkələrin marağından irəli gəlməmişdi. Lakin bəzi liderlərin bəsirətsizliyindən, məntiqsizliyindən o ideya da məhv oldu. Ərəb dalğası bütün müsəlman ölkələrində hakimiyyətin geri çəkilməsi ilə müşayiət olundu, yalnız bizdə, bu liderlərin "zəhməti sayəsində" hakimiyyət öz mövqelərini daha da möhkəmlətdi. Bu liderlərdən cəmi bir il əvvəl qəbul etdikləri "Yol xəritəsi"nin aqibətini bir nəfər belə soruşmadı. Bəs nə oldu, hakimiyyətə hakimiyyəti iki yerə bölməyi təklif edirdiniz, "əks halda 6 aydan sonra biz millətin qarşısını saxlaya bilməyəcəyik" söyləyirdiniz. Heç bir elmi-məntiqi əsası olmayan, millətin qəbul etmədiyi liderlərin ortaya qoyduğu "Yol xəritəsi" Rusiya və İran qapılarında zavallı bir yolçuluqla nəticələndi". Azadlıq Partiyasının sədri bildirib ki, İctimai Palatada bir araya gələ bilməyənlər, daha qarışıq və xəstə bir təxəyyülün nəticəsi olan Milli Şurada razılaşa biləməyəcəklər: "Əvvəlki biabırçılıqları, öz yararsızlıqlarını ört-basdır eləmək üçün yeni bir təxribatçı ideyanı gündəmə daşıyırlar. "Namizəd bitərəf ziyalı olsun, 2 il hakimiyyəti o idarə etsin və 2 ildən sonra yenidən seçki keçirilsin". Bu cür başıpozuq, ağıldankəm, ambisiyasının əsiri olan intriqabazların əlində qalan, öz komandası olmayan ziyalı nə günə düşər? Cavab aydındır.  Yaqub Məmmədov fenomeninin daha pis şəkildə təkrarı və yeni Şuşalar.  Bundan başqa, Azərbaycanın vəziyyəti, Rusiyanın təhdidləri ortada olduğu, böyük dövlətlərin reğionda can alverində olduğu bir dönəmdə ölkəni yenidən hakimiyyətsizliyə sürümək ideyasını yalnız bu millətə düşmən olanlar ortaya ata bilər. Regionun siyasi xəritəsinin yenidən çəkildiyi ortadadır, bu dövrdə Azərbaycanın millət və dövlət olaraq daha nizamlı, daha sərt, daha məqsədyönlü, daha ədalətli, daha imanlı idarə olunmasına bir zərurət var". Partiya sədri hesab edir ki, əslində Milli Şura ideyası bir sıra siyasilər üçün bir növ xilas yoludur: "Onların namizədliklərini irəli sürməsi, bu Şuraya qoşulması da şəxslərini xilas etmək üçün edilən ümidsiz cəhdlərdən başqa bir şey deyil.  İsa Qəmbər  Müsavat kimi bir partiyanın başqanıdır. O, namizədliyini irəli sürmək, 2003-cü ildə baş verənləri 2013-cü ildə "parodiya etmək" zorunda idi. Milli Şura onu bu əzabdan qurtarır. Əli bəyin namizədliyini irəli sürmək, açıq təbliğat aparmaq imkanı yoxdur. Milli Şura vəziyyəti ertələyir. Rəsul Quliyev "gəlir-gəlmir" "romaşka"sının ləçəkləri çoxdan yolunub, Milli Şura onu "ciddi mövqelərə" gətirir."

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00