Brüssel görüşü ərəfəsində dövlətçiliyə atılan yumruqlar
2 Dekabr 2021 13:39 SiyasətGöründüyü kimi, antiazərbaycan şəbəkə, dövlətçiliyə zərbə vurub, onu sarsıtmaq istəyənlər yenə iş başındadır. Elə başa düşməyin ki, bu şəbəkə yalnız radikal siyasi düşərgədən ibarətdir. Əsla. Radikal siyasi düşərgə ilə yanaşı, dövlətçiliyə zərbə vurmaq iatəyən, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin artıq qlobal çevrədə formalaşan və möhkəmlənən siyasi çəkisi, nüfuzunu aşağılamağa çalışan bir qrup məmur şəbəkəsi də məhz daxildəki radikal siyasi düşərgə ilə eyni tərzdə Azərbaycan əleyhinə fəaliyyətdədirlər. Zaman-zaman deyilib, deyilir və acı da olsa baş verən bu və ya digər hadisələr fonunda deyilənlər təsdiq olunur. Elə son hadisələr fonunda da bunun əyani şahidi olduq. Bəlkə də çoxları üçün qəribə gələr, yaxud inandırıcı görünmür, lakin şəxsi qənaətim ondan ibarətdir ki, son günlər bir-birinin ardınca baş verən xoşagəlməz olaylar heç də təsadüfi deyil. Helikopter qəzası, jurnalistə yönələn fiziki zorakılıq və 14 zabitimizin dəfn günü keçirilən icazəsiz etiraz aksiyasının fonunda Tofiq Yaqublunun döyülməsi.
Əvvəla helikopter qəzasından başlayaq. Şəxsi qənaətim ondan ibarətdir ki, məlum qəza "Azərbaycan - Ermənistan dövlət sərhədini Rusiya qorumalıdır" kimi absurd fikirlərə dəstək xarakteri daşıyan hadisə oldu. Nəzərə alaq ki, bu absurd təşəbbüs Ermənistan tərəfindən daha çox səslənir.
Azərbaycan qarşı formalaşmış şəbəkə
Zaman-zaman Azərbaycanda da müəyyən şəbəkənin erməni xüsusi xidmət orqanlarına lşlədiyin üzə çıxıb və sirr deyil ki, bütün adekvat tədbirlərə baxmayaraq, hələ də içimizdə bu kimi ünsürlər qalmaqdadır. Hətta ölkənin hərbi sahəsinə də onların sirayət etdiyi bir sıra faktlarla təsdiqini tapıb. Həmin şəbəkə erməni maraqlarına xidmət etməklə yanaşı, həm də Rusiyanın Azərbaycandakı "5 - ci kolonu" rolunu oynayır. Bu mənada götürsək helikopter qəzasının həm Azərbaycandakı "5-ci kolon", həm də erməni maraqlarına xidmət edənlərin işinə yaradığını deyə bilərik. Bəs, həmin antiazərbaycan dairələr bununla nə əldə edəcək? Sualın cavabı aydındır. Helikopter qəzası fonunda belə bir qənaət formalaşdırılmağa çalışılacaq və cəmiyyətə sırınacaq ki, Azərbaycanın Dövlət Sərhəd Xidməti 14 zabitinin təhlükəsizliyini belə təmin edə bilmir, ona görə də Ermənistanla sərhədi qorumaq DSX-nin potensialı və gücü xaricindədir. Eyni zamanda helikopterdə texni9ki nasazlığın olması barədə iddialar da, eyni məqsədə, DSX-nin texniki imkanlarının zəif olduğu görüntüsü yaratmağa xidmət edir. Yəni, DSX nəinki öz personalının təhlükəsizliyini qoruya bilir, eyni zamanda onun texniki imkanları da belə bir missiyanı həyata keçirməyə yetərli deyil.
Azərbaycanı gözdən salmaq üçün qarşıya qoyulan hədəflər
Məlum helikopter qəzası və şəhid olmuş 14 zabitimizin dəfn mərasimi ərəfəsində paytaxtda keçirilən etiraz aksiyası, eləcə də aksiyada Tofiq Yaqublunun döyülməsi faktı da həmin antiazərbaycan şəbəkənin dövlətçiliyə zərbə vurmaq üçün cızdığı ssenarinin tərkib hissəsi idi. Yuxarlda da qeyd etdiyim kimi, həmin şəbəkədə radikal siyasi düşərgə ilə yanaşı, eyni zamanda xarici ölkələrin maraqlarına xidmət edən məmur şəbəkəsi də yer alır. Söhbət burada hansısa iri məmurlardan getmir. Mümükündür ki, antiazərbaycan şəbəkənin bir üzvü olan həmin məmurlar nisbətən aşağı çinlidir, lakin təmsil olunduğu qurum daxilində sözü keçərlidir. Bir növ Türkiyədə 15 temmuz çevriliş cəhdinə qədərki dövrdə FETÖ öz adamlarını necə ayrı-ayrı nazirliklərə, xüsusilə güc strukturlarına yerləşdirmişdi, eyni ilə də Azərbaycan əleyhidarı olan şəbəkə öz adamlarını ayrı-ayrı nazirliklər, komitələr daxilində yerlışdirməyə müvəffəq olub. Və həmin şəbəkə üzvləri də zamanı çatanda aldıqları təlimat əsasında dövlətçiliyə zərbə vura biləcək, Azərbaycanın, onun prezidentinin nüfuzuna xələl gətirəcək hərəkətlərə yol verirlər. Elə Tofiq Yaqublunun da döyülməsi bu məqsədə, həmin şəbəkənin maraqlarına xidmət edir. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki. bu kimi olaylar bir qayda olaraq Azərbaycan Prezidentinin mühüm görüşləri, əsasən də Avropada aparacağı siyasi danışıqlar ərəfəsində baş verir. Məlum olduğu kimi dekabrın 15-də Brüsseldə "Şərq tərəfdaşlığı" sammiti keçiriləcək və Azərbaycan dövlət başçısı da həmin sammitdə iştirak edəcək. Sammit çərçivəsində Azərbaycan Prezidentinin Ermənistan baş naziri ilə görüşü də nəzərdə tiutulub və həmin görüşdə Soçidə əldə edilən razılaşmanın detalları müzakirə olunacaq. Belə bir həssas ərəfədə daxildə baç verənləri təsadüf hesab etmək isə sadəcə sadəlövhılük olardı. Dekabrın 1-də paytaxtda etiraz aksiyasının keçirilməsinə nail olan antiazərbaycan şəbəkə öz-özlüyündə bir neçə hədəfə çatdı deyə bilərik.
Brüssel görüşünə "hazırlıq" planı
Birincisi, Brüssel sammiti ərəfəsində Azərbaycanda sərbəst toplaşmaq azadlığının pozulduğu görüntüsü yaratdı, ölkədə siyasi məhbus probleminin mövcudluğu iddiasını ortaya qoydu. Radikal siyasi düşərgə və hakimiyyətdəki dövlətçiliyə zərbə vurmaq istəyən şəbəkə ilə birgə işlənilən ssenari əsasında Tofiq Yaqublu döyüldü, onun döyülməsi ilə bağlı fotolar nəinki Azərbaycanda, hətta Avropada belə tirajlandı. Tofiq Yaqublu dövlətin humanist addımı ilə azadlığa buraxılanda onun fotoları sosial şəbəkələri bəzəmədiyi, Avropada tirajlanmadığı halda, indi bu proses baş verdi. Bir sözlə Azərbaycanda siyasi azadlıqların pozulduğu barədə görüntü yaratmağa nail olundu. Hansı ki, qeyd etdiyim kimi, bu hadisə dövlət başçısının Brüsselə səfəri ərəfəsində təsadüf etdi. Bir növ bu Brüssel görüşünə "hazırlıq" planı idi.
Ötən gün paytaxtda keçirilən etiraz aksiyası həm də Ermənistanın əlinə Azərbaycana qarşı kampaniya aparmaq üçün fürsət vermiş oldu. Əslində sözügedən şəbəkənin əsas məqsədlərindən biri də o idi ki, ssenari erməni maraqlarına da xidmət etsin. Yəni, cərəyan edən proseslər fonunda Ermənistan Brüssel sammiti ərəfəsində Azərbaycana qarşı belə bir iyrənc kampaniya apara bilər ki, rəsmi Bakı öz vətəndaşlarına qarşı amansız davranır, onlara fiziki güc tətbiq edir və belə olan halda ermənilərlə azərbaycanlıların dinc, yanaşı yaşaması nə dərəcədə mümkün ola bilər?.
Şəhidlərin ruhuna hörmətsizlik
Bir tərəfdə 14 zabitin şəhid olması, digər tərəfdən düşünülmüş və dövlətçiliyə zərbə vurmaq məqsədilə keçirilən etiraz aksiyasının üzərinə bir də elə şəhid dəfni zamanı media nümayəndəsinə qarşı yüksək rütbəli məmur tərəfindən fiziki gücün tətbiq edilməsini əlavə etsək, bütün bunları ümumiləşdirərək belə qənaətə gələ bilərik ki, ard-arda baş verən proselər, döyülmə, fiziki güc tətbiq etmə halları Brüssel sammiti ərəfəsində Azərbaycan dövlətçiliyə qarşı atılan yumruqlardır. Radikal siyasi düşərgə bunun əksini, dövlətçiliyə qarşı olmadığını o zaman söyləyə bilərdi ki, 14 zabitimizə Azərbaycan xalqı yas saxladığı dəqiqələrdə paytaxt küçələrinə çıxıb ictimai asayişi pozmağa çalışmazdı. Özlərini vətən, şəhid, qazi təssübkeşi kimi cəmiyyətə sırımağa çalışanlar axan şəhid qanından yenə də öz siyasi məqsədləri üçün istifadə etməyə çalışdılar. Şəhidlərin ruhuna hörmətsizlik nümayiş etdirdilər. Necə ki, 20 Yanvar, Xocalı faciələrinin ildönümləri ərəfəsində anoloji şouları nümayiş etdirərək onlar üçün bütün dəyərlərin itdiyini öz əməlləri ilə təsdiq etdilər.
Füzuli