2021-ci ili Azərbaycanın xarici siyasətində uğurlu il kimi xarakterizə etmək olar

Artıq cari ilin son ayına qədəm qoymuşuq. Başa vurmaqda olduğumuz 2021-ci il bir sıra müsbət və mənfi məqamları ilə yadda qaldı. Bəs görəsən, 2021-ci il Azərbaycanın xarici siyasətində hansı hadisələrlə yadda qaldı? Siyasi ekspert Samir Hümbətov bununla bağlı fikirlərini səsləndirərkən bildirib ki, cari ildə regional və qlobal anlamda Azərbaycanın xarici siyasətində qeydə alınan məqamların 44 günlük Vətən müharibəsi ilə bilavasitə bağlılığı var. O bildirib ki, il ərzində xarici siyasət sahəsində qazandığımız uğurların əsasında məhz Vətən müharibəsindəki qələbəmiz mühüm hadisə kimi qeyd edilməlidir: "27 sentyabr 2020-ci ildə Ermənistanın təxribatı nəticəsində başlayan və 44 gün davam edən II Qarabağ savaşında inamlı və parlaq qələbə qazanan Azərbaycan Silahlı Qüvvələri regionda yeni reallıq yaratmağı bacardı. 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, Rusiya federasiyasının prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli atəşkəs bəyannaməsi imzalandı. Tərəflər arasında imzalanmış bu bəyannamə Azərbaycanın Ermənistan üzərində qələbəsini təsdiq etmiş oldu. Bu bəyannaməyə əsasən Ermənistan tərəfi və həmçinin özünü münaqişənin həllində vasitəçi kimi göstərməyə çalışan Rusiya tərəfi də üzərinə öhdəliklər götürdü. Həmin öhdəliklər arasında Azərbaycan və Naxçıvanı birləşdirən "Zəngəzur dəhlizi"nin açılması, kommunikasiyaların qurulması və digər vacib məsələlər də yer alıb. 11 yanvar 2021-ci ildə Azərbaycan prezidenti cənab İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin, həmçinin Ermənistan baş naziri Nikol Paşinyan arasında Moskva şəhərində 4 maddəlik ikinci müqavilə imzalandı. Bu müqavilə tərəflər arasında kommunikasiyaların və həmçinin Azərbaycan və Naxçıvan arasında "Zəngəzur dəhlizi"nin açılmasını nəzərdə tuturdu. Bu artıq Ermənistanın üzərinə qəti öhdəlik qoyulmasını təsdiq etmiş oldu. Bundan başqa tərəflər arasında bəzi erməni diversantlarının qaytarılması müqabilində Ermənistanın Azərbaycan ərazilərində basdırdığı  minaların xəritələrini verməsi barədə razılıq əldə edildi".

Samir Hümbətov cari ilin xarici siyasət sahəsindəki nailiyyətləri sırasında Aşqabadla bu ilin yanvarında əldə edilmiş sazişi də önəmli hadisə kimi xarakterizə edir. Samir Hümbətov  xatırladır ki, 21 yanvar 2021-ci ildə Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında qarşılıqlı Anlaşma Memorandumu imzalandı. Bu hadisə tərəflər arasında uzun illər davam edən soyuq münasibətlərin yenidən isinməsinə səbəb oldu: "26 fevral 2021-ci ildə ölkə başçısı cənab İlham Əliyev yerli və xarici media nümayəndələrinə 4 saatdan artıq müsahibə verdi. 15 iyun 2021-ci ildə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın öncə Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərinə, oradan isə Şuşa şəhərinə səfəri baş tutdu. Bu səfər iki cəhəti ilə yadda qaldı. Birincisi, Şuşaya ilk xarici dövlət başçısı kimi Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan səfər etdi, İkincisi, Azərbaycan və Türkiyə arasında üçüncü genişmiqyaslı müqavilə məhz burada imzalandı. Tarixə "Şuşa bəyannaməsi" adı ilə daxil olan sənəd məhz burada imzalandı. Həmin müqaviləyə əsasən tərəflər arasında siyasi, iqtisadi, hərbi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olundu. 24 sentyabr 2021-ci ildə BMT Baş Assambleyasının 76-cı ssesiyası baş tutdu və bu sessiyada ölkə başçısı İlham Əliyev də çıxış edərək ötən bir il ərzində baş verənlərə toxundu".

Ekspert bildirib ki, cari ildə xarici siyasət sahəsində qeydə alınan hadisələrdən biri də cənub qonşumuzla yaranan gərginlik oldu. Samir Hümbətov onu da qeyd edib ki, müəyyən xarici dairələr Bakı ilə Tehran arasında gərginliyin daha da drammatik hal almasında maraqlı idi: "2021-ci ilin sentyabr-oktyabr aylarında İran və Azərbaycan arasında ciddi gərginliklər yaşandı. Hətta İran tərəfi sərhəddə yaxın ərazilərdə hərbi təlimlər keçməklə Azərbaycanı təhdid etməyə çalışdı. 26 oktyabr 2021-ci ildə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri baş tutdu. Bu səfər çərçivəsində Türkiyə prezidenti Füzuli beynəlxalq hava limanının açılışında və "Zəngəzur dəhlizi"nin Azərbaycan hissəsində təməlqoyma mərasimində iştirak etdi. 12 noyabr 2021-ci ildə Türkiyənin İstanbul şəhərində Türkdilli dövlətlərin dövlət başçılarının VIII zirvə toplantısı baş tutdu və bu toplantıda Azərbaycan prezidenti cənab İlham Əliyev də iştirak etdi. Həmin toplantıda təşkilatın adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırıldı. 26 noyabr 2021- ci ildə Azərbaycan prezidenti cənab İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında Rusiyanın Soçi şəhərində növbəti görüş baş tutdu. Tərəflər araaında müzakirə olunan əsas məsələlər sərhədlərin delmitasiya və demarkasiyası, regionda II Qarabağ savaşından sonrakı durum, kommunikasiyaların açılması və s. məsələlər vardı. 28 noyabr 2021-ci ildə isə Türkmənistanın Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatın XV zirvə görüşü baş tutdu. Bu görüşdə ölkə başçısı İlham Əliyev də iştirak etdi. Görüş zamanı ölkə başçısı təşkilata daxil olan dövlətlərin başçıları ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirmişdir".

Samir Hümbətovun sözlərinə görə, yuxarıda qeyd edilən bütün bu hadisələrə nəzər saldıqda belə nəticəyə gəlmək olar ki, 2021-ci il Azərbaycan və onun xarici siyasəti baxımından bir sıra məqamlarla yadda qalmış oldu: "Azərbaycan artıq regionda aktiv rol oynayan dövlətə çevrilib. Azərbaycan həm qonşu, həm region, həm də dünya dövlətləri ilə normal və qarşılıqlı etimada söykənən münasibətlər qurmaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Təbii ki, bu hadisə regionun gələcəyi baxımından vacib əhəmiyyətə malikdir. Bu mənada 2021-ci ili Azərbaycanın xarici siyasətində uğurlu il kimi xarakterizə etmək olar".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31