“Baş verən hadisələr Türkiyənin imicinə ciddi ziyan vurdu” - POLİTOLOQ
Elman Nəsirov: “AKP hakimiyyəti dərs almalıdır ki, gələcəkdə belə hadisələr baş verməsin”
7 İyun 2013 15:30 Siyasət"May ayının 31-dən etibarən başlayan hadisələr bu gün bütün dünyanın kütləvi informasiya vasitələrinin manşetlərinə çıxarılan hadisələrdir. Hətta bəzi kütləvi informasiya vasitələri hadisələrdə bir qədər də qabağa gedib Türkiyədə "Ərəb baharı"nın analoqu olaraq "Türk baharı"nın yaşandığı haqqında məlumatlar yaymağa başlayıblar. Guya ki Türkiyənin özündə artıq inqilabi hadisələr baş verməkdədir və bizim Yaxın Şərq və ərəb ölkələrində müşahidə etdiyimiz hadisələrin oxşarı məhz Türkiyədə baş verir. Amma mən hesab edirəm ki, bu cür yanaşma düzgün deyil". Bunu "Olaylar"a açıqlamasında siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib. Onun fikirncə, ərəb ölkələrində inqilabi çevrilişlər nəticəsində islamçı qüvvələr hakimiyyətə gəlirdilər, amma Türkiyədə əslində elə mülayim islamçı qüvvələr hakimiyyətdədir: "Əksinə Türkiyədə gənclər bu hakimiyyətin yeritdiyi siyasəti tənqid edir və hesab edirlər ki, bu hökumətin atdığı bəzi addımlar dünyəvilik prinsiplərinə ziddir. Xüsusilə də gecə saat 10-dan sonra spirtli içkilərin satışı ilə bağlı qoyulan qadağalar da çox ciddi etirazlarla müşayiət olunur. Türkiyədəki gənclərin istəyi ilə ərəb ölkələrindəki gənclərin arzuları, istəkləri arasında fərqli cəhətlər var ki, bunu da nəzərdən qaçırmaq olmaz. Amma hesab edirəm ki, Türkiyədə Gəzi parkında 600-ə yaxın ağacın kəsilməsi və yerində ticarət mərkəzinin tikilməsi ilə bağlı qərar bu miqyaslı etirazlara toqquşmalara, gətirib çıxarmamalıydı. Mən düşünürəm ki, ağacların kəsilməsi daha çox bəhanə funksiyasını daşıyır, nəinki səbəb". Politoloq hesab edir ki, hadisələrin əsas səbəbi AKP hökumətinin buraxdığı səhvlərdir: "2011-ci il parlament seçkilərində Türkiyə əhalisinin 60%-ə qədəri hazırkı hakimiyyəti dəstəklədiyini ifadə edib və eyni zamanda Türkiyədə iqtisadi və sosial vəziyyət də normaldır. Hesab edirəm ki, burada məsələ daha çox onunla bağlıdır ki, Ərdoğan hökuməti 10 il ərzində iqtisadiyyatda, sosial vəziyyətin yaxşılaşdırılması sahəsində, Türkiyənin xarici siyasətində və sonuncu parlament seçkilərində də daha ciddi uğura imza atıb təkpartiyalı hökumət təşkil edə bildikdən sonra onlarda sanki bir eyforiya başlayıb və real vəziyyəti dəqiq qiymətləndirmək ayıqlığını itirməyə başlayıblar. Onlara elə gəlirdi ki, heç bir təhlükə yoxdur. İqtidara elə gəlirdi ki, Türkiyədə etiraz edə biləcək qrup yoxdur və Türkiyədə belə hadisələrin baş verməsi mümkün deyil. Hadisə baş verən zaman bu, gözlənilməz oldu. Bunu iqtidarın özü də, Ərdoğan da etiraf edib. Belə olan halda onların reaksiyası arxayın olan insanın reaksiyası kimi oldu, vəziyyətə adekvat olmayan güc nümayişi ilə yadda qaldı. Onların etirazçılara qarşı tətbiq etdiyi güc bu etirazın miqyasına uyğun deyildi, bundan dəfələrlə artıq idi. Öz kəskinliyi ilə seçilirdi. Bu isə nəticədə Nyutonun üçüncü qanununda deyildiyi kimi "Təsir əks təsirə bərabərdir" vəziyyətinə gətirib çıxarıb. Nə qədər çox təzyiqlər edildisə bir o qədər də xalqın etirazı güclənmiş oldu. Son nəticədə isə ən böyük zərbə Ərdoğan hökumətinə dəydi. Çünki uzun müddət idi ki, Türkiyədə belə hadisələr baş vermirdi. Bu da onu təsdiq edir ki, Türkiyədə baş verən hadisələrdə əsas məsuliyyət hakimiyyətin üzərinə düşür. Bundan hakimiyyət dərs almalıdır ki, gələcəkdə analoji hadisə ilə üz-üzə gəlməsinlər". E.Nəsirov hesab edir ki, bu hadisələr Türkiyənin beynəlxalq imicinə ziyan vurdu, xalq ilə hakimiyyət arasında müəyyən anlaşılmazlıqlar peyda oldu: "Bundan ciddi dərslər götürmək lazımdır. Ən azından o səbəbdən ki bu, Türkiyəni zəiflədən bir amildir. Eyni zamanda bu hadisələr Türkiyəni sevməyən xarici qüvvələri daha fəal hərəkət etməyə sövq edir. Xüsusilə nəzərə alsaq ki, Türkiyənin Suriya ilə bağlı çox ciddi problemləri var, eyni zamanda İranla həllini tapmayan problemlər mövcuddur. Belə olan təqdirdə bu cür qüvvələr Türkiyənin zəifləməsində və daxildə bu cür hadisələrin baş verməsində maraqlıdırlar. İstəyirlər ki, Türkiyə geri atılsın. Bu baş verməsin deyə səbəblər tapılmalıdır, bu insanları küçələrə axışmağa vadar edən əsas fundamental məsələlər üzə çıxarılmalıdır. Hökumət bunun fərqində olmalıdır ki, səbəb heç bir halda ağacların kəsilməsi deyil. Bu, sadəcə katalizator rolunu oynadı. Yığılıb qalmış problemlər özünü göstərdi. Bundan sonra hakimiyyət daha diqqətli olmalıdır. Bu və ya digər addımı atarkən mütləq ictimai rəyi nəzərə almalıdır, əks halda belə daxili gərginliklərdən siğortalanmaq mümkün olmayacaq".
Sevda Qurbanqızı