“Bəşər Əsədin hakimiyyətlə vidalaşmaqdan başqa çarəsi qalmayacaq”

Elman Nəsirov: “Beynəlxalq birlik onun legitimliyini qəbul etmir”

Syasi elmlər doktoru, politoloq Elman Nəsirov Suriyada baş verən hadisələr və Suriya məsələsi ilə bağlı keçiriləcək beynəlxalq konfrans haqqında fikirlərini "Olaylar"a bildirib. Onun sözlərinə görə, Suriya ilə bağlı məsələlər bu gün son dərəcə aktualdır və bu məsələlərdə əsas tərəf kimi Rusiya, ABŞ və BMT çıxış edir: "Onların keçirəcəkləri Cenevrə konfransında əsas məqsəd Suriya məsələsində kompromisə gəlməkdir. Rusiya tərəfinin atdığı addımlar xüsusilə də Əsəd rejimini həm maliyyə, həm də silahlarla təmin etməsi ABŞ-ın və BMT-nin narazılığına səbəb olub. Eyni zamnda Rusiya da hesab edir ki, ABŞ və BMT bu proseslərin həllinə deyil, daha çox onun sürətlənməsinə istiqamətlənmiş addımlar atır. Yəni ABŞ Bəşər Əsədə qarşı çıxış edən qüvvələri birmənalı şəkildə dəstəkləməklə bu məsələdə kompromis üçün yer qoymur və vəziyyətin daha da pisləşməsinə səbəb olur. Buna görə də iyul ayında Suriya məsələsi ilə bağlı beynəlxalq konfransın keçirilməsi gözlənilir. Həmin konfransda Suriya məsələsinin həllində çıxış yolları müəyyənləşdirilməsi nəzərdə tutulub". Elman Nəsirov hesab edir ki, nə qədər çox itki baş verirsə,  bir o qədər də Bəşər Əsəd rejimi ilə çıxış yolu tapmaq, kompromisə gəlmək yolları tükənir: "Faktiki olaraq bu gün beynəlxalq birlik Bəşər Əsədin legitimliyini qəbul etmir. Amma onu Rusiya və Çin bu və ya digər tərəfdən dəstəkləyir. Hesab edirəm ki, bu səbəbdən də hələ iyul ayına qədər çox qanlar axıdılacaq. İyul ayında proseslər necə gedəcək, hansı razılaşmalar əldə olunacaq bunu da proqnozlaşdırmaq bir qədər çətindir. Cenevrə danışıqlarının da heç bir nəticəsi olmur, heç bir çıxış yolu tapılmır. Bu da nəticə etibarilə çox mürəkkəb bir situasiya formalaşdırır. ABŞ və Rusiya arasındakı ziddiyyətlər də əsasən onunla bağlıdır ki, Rusiya çalışır ki, İran bu prosesdə iştirakçı olsun və  beynəlxalq Cenevrə konfransında iştirak etsin. ABŞ isə tamamilə bunun əleyhinədir və hesab edir ki, Bəşər Əsədi əsas müdafiə edənlərdən biri məhz İrandır, onun mövqeyi bəllidir və onun beynəlxalq konfransda iştirakının heç bir faydası yoxdur. Bu da tərəflər arasında fikir ayrılığına səbəb olab əsas məsələlərdən biridir". E.Nəsirov hesab edir ki,  beynəlxalq legitimliyini itirən Bəşər Əsədin hakimiyyətlə vidalaşmaqdan başqa çarəsi qalmayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00