Milli Şurada vahid namizəd qalmaqalı başladı, təklif qəbul olunmadı
Qabil Hüseynli: “Milli Şura üzvləri özlərinin maraqlarına cavab verən adamların qurumun vahid namizəd seçilməsinə cəhd edirlər”
7 İyun 2013 15:05 SiyasətMilli Şuranın iyunun 7-də keçirilən ilk iclasında hüquq müdafiəçisi Leyla Yunusun "Məclisə vahid namizəd seçilsin" təklifi qəbul olunmayıb. 97 iştirakçıdan 13-ü Şura üzvünün təklifinə "hə" deyib. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli hesab edir ki, Milli Şura üzvləri özlərinin maraqlarına cavab verən adamların qurumun vahid namizəd seçilməsinə cəhd edirlər: "Ona görə də Şura üzvləri vahid namizəd məsələsində ortaq nəticəyə gələ bilmirlər. Bəzi adamlar bu məsələnin müəyyən axarda, tempdə aparılmasını bacarır və şəxsi məqsədlərinə nail olmağa çalşırlar. Milli Şuranın tərkibi rəngarəngdir, müxtəlif qruplaşmaların toplusundan ibarətdir. Hər bir qruplaşma da digər qruplaşma ilə yaxınlıq münasibətlərindən istifadə edərək şəxsi maraqlara cavab verən adamların vahid namizəd olmasına səy göstərəcəklər. Bütün oyunlar ona yönəlib ki, nəyin bahasına olursa olsun, Rüstəm İbrahimbəyovu vahid namizəd kimi seçsinlər. Çünki, Rusiyanın istəyi də müxtəlif yollarla İbrahimbəyovun Azərbaycan hakimiyyətinə gətirilməsidir. İndiki məqamda isə Milli Şurada Rüstəm İbrahimbəyovun vahid namizəd seçilməsilə Rusiyanın Azərbaycanla bağlı planlarının müəyyən hissəsi həyata keçmiş olacaq". ("OLAYLAR" İA)