Milli Şura təsis edilib

Azərbaycan müxalifətinin bir qrupu Demokratik Qüvvələrin Milli Şurası adlı qurum təsis edib. APA-nın məlumatına görə, bu gün keçirilən toplantıda Cəmil Həsənli deyib ki, yaxın zamanda Milli Şura prezident seçkilərində irəli sürüləcək namizədi müəyyənləşdirəcək. C. Həsənli qurumun yaradılması istiqamətində aparılan danışıqlarda razılaşdırılmamış məsələlərin konfransda müzakirəsini məqsədəuyğun saymayıb. Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qurumun hələ təsis olunmadığını, bu addım atıldıqdan sonra gündəliyin müəyyənləşdirilməsinin mümkünlüyünü söyləyib. Milli Şura təsis olunandan sonra iclasda vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr başlayıb. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bunun əleyhinə olub və onların Leyla Yunusla mübahisəsi düşüb. Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan da vahid namizədin müəyyənləşdirilməsinin zəruriliyini deyib.
"El" hərəkatının sədri Eldar Namazov isə vahid namizəd kimi Rüstəm İbrahimbəyovun namizədliyinin gündəlikdə olduğunu deyib.
Lakin vahid namizədin bu iclasda müəyyənləşdirilməsi məqsədəuyğun hesab edilməyib. Milli Şurasının 129 nəfərlik siyahısı da təsdiqlənib. Siyahıda tanınan şəxslərdən Pənah Hüseyn, Rauf Arifoğlu, İlqar İbrahimoğlu, VİP sədri Əli Əliyev və başqaları yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00