Əliyev Aşqabadda nəyə nail oldu?

"Əliyev Rəisi ilə görüşdü və Azərbaycan-İran-Türkmənistan qaz mübadiləsinə dair üçtərəfli saziş imzaladı: sazişə əsasən Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndərəcək". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, 2 milyard kubmetr qaz beynəlxalq qaz bazarı üçün o qədər də böyük olmasa da, burada Bakının strateji gedişi xüsusilə diqqət çəkir: "Birincisi, türkmən qazı Avropa bazarına ayaq açır: Azərbaycana göndərilən türkmən qazı böyük ehtimalla Türkiyəyə satılacaq. Hərçənd, bu uzun illərdir Rusiya və Çin bazarından asılı qalan Türkmənistanın Avropa bazarına ilk addımı hesab edilə bilər. Bakı Transxəzər layihəsinin gerçəkləşməsinə qədər Aşqabada qaz bazarını şaxələndirmək imkanı yaradır: bu, Türk Dövlətləri Təşkilatına yeni qoşulan Türkmənistanın bu çətir altında fəaliyyətini daha da stimullaşdıracaq. Türkmən qazına "çıxış" tapan Bakının "qaz müharibələri"ndə əli güclənir və bu gediş Transxəzər layihəsinə siyasi dəstəyi artıra bilər. İkincisi, İranla yeni səhifə açılır: Tehranın regionda tranzit imkanı artır və bu, İranı Azərbaycanla işləməkdə maraqlı edir. İrana yeni imkanın yaradılması bu ölkənin Ermənistan siyasətinin tamamilə dəyişməsi demək deyil, hərçənd, Tehranı regionda müharibədən sonrakı vəziyyəti qəbul etməyə, Zəngəzur dəhlizinə münasibətini dəyişdirməyə, 3+3 formatına qoşulmağa da sövq edir: Əliyev-Rəisi görüşünün atmosferi də bu gözləntiləri artırır. Beləliklə, Azərbaycan bir sazişlə iki nəticəni əldə edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31