“ABŞ-ın yürütdüyü siyasət diskriminasiya xarakteri daşıyır”

ABŞ Prezidenti Cozef Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da onlayn formatda "Demokratiya zirvəsi" adlı sammit keçiriləcək. Cənubi Qafqaz ölkələrindən Azərbaycan istisna olmaqla, Ermənistan və Gürcüstan bu sammitə dəvət alıb. Dəvət olunan dövlətlərin siyahısına nəzər salanda görürük ki, "Ağ Ev" yenə də hanısa siyasət arxasınca gedir, dəvət olunmayan ölkələrə öz üsuli ilə anti-demokratik "damğa" vurmağa çalışır. ABŞ-ın demokartiya anlayışı nədən ibarətdir, Azərbaycanın dəvət olunamamasının səbəbi  torpaqlarını 30 il işğal altından çıxarmasıdır? Qeyd edək ki, bu tədbirə dəvət olunan dövlətlərin siyahısına nəzər salanda Ağ Evin vaxtilə irqçiliyi həyata keçirmiş siyasəti yada düşür. Bir zamanlar bu ölkədə "qaradərili"lərə qarşı ayrıseçkilik aparılması, öz vətəndaşları arasında ögey-doğmalıq kimi fərqlər qoyulmasının miqyası daha da böyüyüb. Dəvət olunan dövlətlərin siyahısına baxanda bu aydın görünür. Belə çıxır, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, iqtisadiyyatı və mövcudluğu Rusiyadan asılı olan, bu ölkənin bir əyaləti sayılan Ermənistan demokratikdir. Ancaq dəvətlilər arasında elə dövlət başçıları var ki, onlar açıq-aşkar dini ayrıseçkilik siyasəti yürüdür, insan hüquqlarını tapdalayırlar. Belə çıxır, Cozef Bayden belə ölkələrin, o cümlədən monoetnik Ermənistanın hökumət başçısı ilə dünyada demokratik inkişafın yollarından danışıb onlarla fikir mübadiləsi aparacaq. Millət vəkili Sahib Alıyev qeyd edib ki, bu sammit ABŞ-la hər hansı ölkə arasında əlaqələrin perspektivini müəyyənləşdirmir və müəyyənləşdirə də bilməz: "Bu sammit başda Bayden olmaqla demokratların nümayişidir ki, Donald Trampdan guya fərqli siyasət yürüdəcəklər. Ancaq bu fərqliliyi ABŞ-ın Əfqanıstandan biabırcasına çıxmasından başqa digər məsələlərdə görməmişik". Deputatın sözlərinə görə, sammitə dəvət olunan bəzi qeyri-demokratik ölkələr sevinirlər ki, ABŞ onları demokratik ölkə kimi tanıyır: "Bu, qətiyyən belə deyil. Sammitlə bağlı ideya ortaya atılanda və ondan sonra Ağ Ev administrasiyası bildirdi ki, bununla kiməsə hansı dövlətin demokratik olub-olmaması göstərilmir. Dəvət olunan ölkələrin siyahısına baxdıqda hər şey gün kimi aydın olur. Ermənistanı onsuz da bir kənara qoyuram, bu ölkədə demokratiyadan əsər-əlamət yoxdur. İraq isə heç zaman Türkiyədən demokratik ola bilməz. Avropa Birliyinə, NATO-ya üzv olan Macarıstanı sammitə dəvət etməyib, demokratik dəyərlər baxımından ondan geri qalan Polşanı dəvət etmək başqa reallıqdan xəbər verir. Yəni sammitə o ölkələr dəvət olunub ki, ABŞ-da həmin dövlətlərin Vaşinqtonun təsiri altında olduğunu düşünürlər. Azərbaycan və Türkiyə isə müstəqil siyasət yeridir və milli maraqları əsas tutur. Bakı və Ankaranın qlobal təhdidləri uğurla dəf etdiyi heç kimı sirr deyil".  

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc bildirib ki, ABŞ-ın yürütdüyü siyasət diskriminasiya xarakteri daşıyır: "Bayden seçki zamanı bəyan etmişdi ki, belə bir beynəlxalq tədbiri keçirəcək. Bu da başadüşülən idi, çünki çevrəsindəki beyin mərkəzləri, siyasi qüvvələr onun üzərindən dünya miqyasında parçalanmalar həyata keçirib. Burada məsələ dünyanı demokratik və anti-demokratik olaraq bölməkdə deyil. Buraya dəvət olunan 109 ölkənin dayanıqlı bir kriteriya əsasında seçildiyini heç kim istisna etməz. Afrikanın dövlət etiketlərinə uyğun gəlməyən ölkələrini dəvət etdikləri halda Azərbaycanı dəvət etməməsi siyasi məqsəd güdür". Elə isə Amerikada demokratiya anlayışı nə ilə müəyyən olunur? Z.Oruc deyib ki, Amerikada seçki birbaşa xalqın istəyi ilə müəyyən olunmur: "Baydenin özünün saxta yolla seçildiyi haqda sübutlar var. Onların məqsədi dünyaya yeni siyasi hücumlar hazırlamaqdır. Xüsusilə də Rusiya və Çinə qarşı öz çevrəsində birlik yaratmaq istəyini heç gizlətmək istəmirlər". Deputat bildirib ki, ABŞ Azərbaycana qarşı siyasi məqsədlər güdür:"Azərbaycanın  öz torpaqlarını işğaldan azad etməsi, xalqın doğma torpaqlarına qayıdışının hüquqi bərpa olunması ən böyük demokratiya zirvəsidir. Əslində Azərbaycanın belə bir sammiti keçirməsinə mənəvi olaraq daha çox haqqı var. Onlar demokratiya turlarını keçirəndə unutmasınlar ki, bir millətin iyirmi faiz ərazisi və bir milyona qədər əhalisi qaçqın şəkildə yaşayırdısa, bu, Amerikanın nəzərdə tutduğu demokratiya anlayışına zərbədir. Bizim vətəndaşlarımızın sosial, iqtisadi hüquqları da məhz birinci təməlimizdir. Gürcüstanın qoşulmasına sevinirik və alqışlayırıq. Lakin 2003-cü ildə Sovet ideologiyasını yıxan, Amerika layihəsinin başında duran Saakaşvili həbsdədir. Həbsdə olan şəxs o adamdır ki, Amerikanın partnyorudur və "Qızıl gül" inqilabının  lideridir. Saakaşvili Gürcüstanda ciddi demokratik islahatlara imza atan lider kimi bu gün də sevilir. Eynilə Ermənistanda da vəziyyət ürəkaçan deyil. Xalq küçələrdədir, amma hər bir halda Ermənistan işğalçı statusunu neçə illərdir saxlayıb. Belə ölkəni demokratik ölkə olaraq görürlərsə, bu, çox qeyri-adi yanaşmadır. Ancaq "Demokratiya Sammiti"ndə ölkə seçilərkən, bu amil nəzərdən qaçmamalı idi. Demək ki, burada insan haqları, demokratiyanın real durumu əsas rol oynamır. Burada seçim geopolitikdir, yəni, daha artıq dərəcədə Türkiyəyə, Azərbaycana və digər dövlətlərə təsir etmək, onu diktə altında saxlamaq, yönləndirmək, region ölkələrinə qarşı çıxmaq niyyətindədirilər".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31