Qlobal güclərin məkrli Türkiyə planı

Türkiyə yenə hədəf taxtasındadır. Siyasi və regional baxımdan qardaş ölkəni zəiflədə, sarsılda bilməyən qlobal güclər, antiTürkiyə ittifaqı, əsas etibarilə də Birtləşmiş Ştatlar, indi də Ankaranı, daha doğrusu Ərdoğan hakimiyyətini  iqtisadi təsir vasitəsilə çökdürmək, AK Parti iqtidarına son qoymaq istəyir. Səbəb isə bəllidir. Türkiyə güclənir, nəinki regional, hətta qlobal güc amilinə çevrilir, imperialistlər qarşısında geri çəkilmir. Ona görə də süni şəkildə dolları türk lirəsinə nisbətdə bahalaşdıran məlum güclər türk xalqının ayağa qalxmasını və Ərdoğanı hakimiyyətdən devirməyi planlayır. Maraqlıdır ki, əksər ekspertlərin də qənaəti ondan ibarətdir ki, Türkiyədəki proseslərin arxasında məhz qardaş ölkəyə təsir etmək məqsədi dayanır. AMEA, Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Elvüsal Məmmədov deyir ki, Türkiyədəki proseslər, hər şeydən əvvəl, qlobal mübarizənin ayrılmaz hissəsidir. Onun sözlərinə görə, Türkiyə lirəsinin çöküşü böyüyən və güclənən Türkiyəyə qarşı Qərbin bütün rıçaqlarını işə salmasının nəticəsində baş verir: "Vaxtı ilə Şərqin hesabına inkişaf edən Qərb bugün Şərqin müstəqil siyasi fiqura, mərkəzə çevrilməsini istəmir. O, Şərq ölkələrinin boyunduruq altında qalmasında maraqlıdır. Misiri ordunun əli ilə, İranı beynəlxalq blokada ilə, Hindistanı qonşuları, Çini hələ tam müəyyənləşdirə bilmədiyi mübarizə formatı ilə nəzarət və "de-aktiv" vəziyyətdə saxlamağa çalışır. Qardaş Türkiyə cənab Ərdoğanın dövründə siyasi baxımdan tam, iqtisadi cəhətdən isə qismən müstəqil ola bilmişdir, odur ki onu da ram etmək Qərbin müstəmləkə zehniyyətli dairələrinin marağındadır". Elvüsal Məmmədovun qənaətincə, Qərbdə yaxşı bilirlər ki, Şərq ölkələrində stabillik və inkişaf sistemlə deyil, fərdlərin avtoritetliyi və nüfuzu ilə şərtlənir. "Osmanlını dağıtmaq üçün ordunu məğlub etmə, Sultanı öldür" müddəasında öz əksini tapmış Makiavelli məntiqidir bu: "Məhz bu səbəbdən Lenin çarı güllələtməklə Rusiyanı, Mustafa Kamal da Osmanlı xanədanını sürgünə göndərməklə Türkiyəni istədiyi kimi dəyişdirməyi və formalaşdırmağı bacarmışdı. Şərqdə stabillik və sabitliyi, uzun tarixi təcrübədən də göründüyü kimi, sistem deyil, sistemin başında duran fərd təmin edir. Nə vaxt ki Şərqdə, o cümlədən bizdə hakimiyyət boşluğu və zəifliyi özünü göstərir, ölkə ya nə isə itirir, ya da böyük qüvvələrə "nədə isə" güzəştə gedir, "nədə isə" imtiyaz tanıyır. Bu vəziyyəti "zəiflət, hərc-mərclik çıxart, çəkişməni gücləndir, daha sonra istədiyini "qopart" sözləri ilə xülasə etmək mümkündür. Heç kimə sirr deyil ki, Türkiyədəki son 20 ilin keyfiyyət dəyişiklikləri cənab Ərdoğanın şəxsiyyəti, xarizmatik nüfuzu ilə birbaşa əlaqəlidir. Bu avtoritetlik xalqı AK partiyadan daha ziyadə Ərdoğana səs verməyə təşviq edən qüvvə rolunu oynamışdı. Türkiyənin daxildə və xaricdə müstəqil siyasət yürütməsini təmin edən faktorlar arasında, heç şübhəsiz, cənab Ərdoğanın şəxsi xarakter və özünəməxsus kimliyi böyük ölçüdə paya sahibdir". Ekspert bildirib ki, Bayden hökumətinin xarici siyasətdə prioritetlərindən biri "azmış oğulu evə qaytarmaq"dan ibarətdir: "O özü də bunu seçkiqabağı kampaniyada açıq şəkildə dilə gətirmişdir. Bu baxımdan Türkiyədəki son hadisələrin əhəmiyyətli dərəcədə kənardan idarə olunması heç kəsdə şübhə doğurmur. Qardaş Türkiyənin güclü olmağı, ayaqda qalmağı hökumətlərdən daha çox dövləti idarə edənlərin şəxsi keyfiyyət və nüfuzları ilə şərtləndiyindən cənab Ərdoğanın tarixin bu mərhələsində kənar təsirlərlə hakimiyyətdən uzaqlaşdırılması nə bizə, nə də Türkiyənin özünə yaxşı heç nə vəd etmir. Bizə yaxşı heç nə vəd etmir, çünki Qərbin dəstək verdiyi Türkiyə müxalifətinin bizə haqq mübarizəmizdə lazımi dəstəyi verəcəyi kifayət qədər şübhəlidir. Cənab Ərdoğan və komandası qədər bizə 44 gün ərzində dəstək verən kimsə olmadı. Cənab Ərdoğan və komandası açıq şəkildə bizə  dəstək verəcəklərini bəyan edirdilər. Şuşa Bəyannaməsi müharibədən sonra bu dəstəyin kəsilməzliyinin göstəricisi idi. Türkiyənin özünə yaxşı şey bəxş etmir. Türkiyəni regionda söz sahibi edən ordunun silahla təchizat sarıdan kənardan asılılığını azaldan layihələri davam etdirməyi, ölkənin inkişafını istəməyən xarici qüvvələrlə mübarizəni ölkə hüdudlarından çölə çəkməyi məqsəd güdən "baza əsaslı genişlənmə" və "bufer zona - qurşaq yaratma" siyasi xəttinə sadiq qalmağı cənab Ərdoğandan sonra hakimiyyətə gələcək müxalifət öz prioritetlərindən hesab edəcəkmi? Heç sanmıram. İpin kimin əlindədirsə, teatr ssenarisini də o yazacaq".

Elvüsal Məmmədov qeyd edib ki, Türkiyə Rusiya, İran və Çinlə yanaşı, Qərbə qarşı "müstəqil mərkəz olmaq mübarizəsi"nin aktyorlarından biridir: "Türkiyənin bu mübarizədə məğlub olmağı, xüsusən Müsəlman şərqinin hələ çox illər Qərbdən asılılığının davam edəcəyini göstərən hadisə olacaqdır. Allah qardaş Türkiyəmizi, Cənab Ərdoğanı qorusun, Cənab Ərdoğanın Azərbaycanımıza verdiyi dəstəyi görməyib, onun yıxılmağına alqış tutan qərbpərəstlərə, camaatçılara, din düşmənlərinə fürsət verməsin".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31