Əli Həsənov: "Dördüncü Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində artıq iki müqavilə imzalanıb" - YENİLƏNİB

Volqoqradda Dördüncü "Rusiya-Azərbaycan: regionlararası dialoq 2013" forumu keçirilir.Forumda iştirak etmək üçün Azərbaycandan Volqoqrada mötəbər nümayəndə heyəti gəlib. Nümayəndə heyətinin rəhbəri, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a müsahibəsində deyib:"Dördüncü Rusiya-Azərbaycan regionlararası forumu çox müvəffəqiyyətlə davam edir. Forum çərçivəsində artıq iki müqavilə imzalanmışdır. Bunlardan biri Rusiya hökuməti ilə Azərbaycan hökuməti arasında Rusiya və Azərbaycan enerji sisteminin paralelləşdirilməsi və bu sahədə əməkdaşlıq haqqında sənəddir. Saziş Rusiyanın Enerji Nazirliyi ilə Azərbaycan Energetika və Sənaye Nazirliyi arasında imzalanmışdır. Düşünürəm ki, bu saziş, forumun nəticəsi olaraq, çox ciddi bir sənəddir və gələcəkdə Cənubi Qafqazda, o cümlədən Xəzər-Qara dəniz hövzəsində enerji sistemlərinin paralelləşdirilməsi və birgə fəaliyyətin təşkili sahəsində mühüm əhəmiyyəti olacaqdır.İkinci saziş Volqoqrad hökuməti ilə imzalanmışdır və Volqoqrad vilayəti ilə Azərbaycan arasında sosial, iqtisadi, mədəni əlaqələrin inkişaf etdirilməsi ilə bağlı kompleks məsələləri əhatə edir. Məlum olduğu kimi, Rusiya böyük dövlətdir və onun regionları geniş iqtisadi, siyasi, sosial və mədəni potensiala malikdirlər. Bu regionlarda çoxsaylı Azərbaycan diasporu yaşayır. Azərbaycan hökuməti bu regionların iqtisadi və sosial potensialında maraqlıdır. Bu baxımdan Azərbaycan və Volqoqrad hökumətləri arasında imzalanan saziş Rusiyanın regionları ilə münasibətlər sahəsində fəaliyyətimizə tam cavab verir, həm Rusiyanın regionlarının, həm də Azərbaycanın maraqlarına uyğun gəlir.

Bundan əvvəl biz Rusiyanın digər federal subyektləri ilə də belə sazişlər imzalamışıq. Forumun yekunu olaraq, Rusiya Prezidenti Administrasiyası ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyası arasında gələcək əməkdaşlığa dair birgə bəyanat imzalanacaqdır. Gələcəkdə belə forumlar Rusiyanın digər regionları ilə də keçiriləcəkdir. Builki forumda yenilik tətbiq edilmişdir. Forumun panellərindən birində Rusiya və Azərbaycan gənclər təşkilatlarının bir qrup fəalı iki ölkə gəncləri arasında əməkdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparacaqdır. Digər panellər regionlararası əməkdaşlıq, sosial, Xəzər hövzəsinin birgə istifadəsi və başqa mövzulara həsr ediləcəkdir. Düşünürəm ki, bu görüşlər iki ölkə arasında münasibətlərin Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdikləri kursa müvafiq olaraq davam etdirilməsinə xidmət edəcəkdir.

Forum öz işini davam etdirir. Tədbirdə Azərbaycandan 70 nəfər, Rusiyadan isə 170 nəfər iştirak edir. Bundan əlavə, Volqoqrad vilayətindən və Rusiyanın digər bölgələrindən Azərbaycan diasporunun nümayəndələri də forumda təmsil olunurlar. Forumun nəticəsi olaraq biz Rusiya-Azərbaycan münasibətlərinin 2014-cü il üçün regionlararası və sosial-iqtisadi perspektivlərini müəyyən edəcəyik".

-----------
14:41

AzərTAc xəbər verir ki, iyunun 5-də Volqoqraddakı Həlak Olmuş Döyüşçülər Meydanında Dördüncü "Rusiya-Azərbaycan: Regionlararası dialoq-2013" forumu çərçivəsində "Rusiya Federasiyası və Azərbaycan Respublikasının iqtisadi əməkdaşlığının yeni üfüqləri" mövzusunda regionlararası sərgi açılmışdır.

Volqoqrad vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Oleq Kirsanov sərgini açaraq qeyd etmişdir ki, ekspozisiyada Volqoqrad vilayətinin bütün nailiyyətləri təmsil olunmuşdur. Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əməkdaşlığın böyük perspektivləri vardır və hər iki dövlət güclü potensiala malikdir. O.Kirsanov ümidvar olduğunu bildirmişdir ki, iki ölkə arasında, o cümlədən Azərbaycanla Volqoqrad arasında humanitar və xeyriyyə layihələri səmərəli inkişaf edəcəkdir.

Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov açılış mərasimində çıxış edərək vurğulamışdır ki, bu sərgi və forum ölkələrimiz arasında əməkdaşlığın, dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafında daha bir addımdır. V.Çernov demişdir: "Bu münasibətlər həm bizim müştərək tariximizə, həm də iqtisadi və humanitar sahələrdə əlaqələrimizə əsaslanır".

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd etmişdir ki, bu sərgi ölkələrimizin iqtisadi potensialı ilə daha yaxından tanış olmaq üçün yaxşı bir imkandır. Nazir Azərbaycanın iqtisadi inkişafından söhbət açaraq qeyd etmişdir ki, son 10 ildə ölkədə ÜDM 3 dəfədən çox artmış, qlobal maliyyə böhranı şəraitində Azərbaycan iqtisadiyyatı yüksək sabitlik nümayiş etdirmişdir. Ş.Mustafayev Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişafına dəlalət edən bir neçə rəqəm göstərmişdir. Onun sözlərinə görə, Azərbaycan dövləti və hökuməti ölkədə müasir texnologiyalardan istifadə etməklə intensiv təsərrüfatçılıq metodları əsasında müəssisələr yaradılması üçün səy göstərir. Bundan əlavə, Azərbaycanda prioritet sahələrdən biri də informasiya-kommunikasiya texnologiyalarıdır.

Nazir qeyd etmişdir ki, sərgidə respublikanın nailiyyətləri ilə yanaşı, gələcək layihələr də nümayiş etdirilir. Ş.Mustafayev Azərbaycan hökumətinin "Ağ şəhər" yaratmaq planları barədə söhbət açaraq demişdir: "Vaxtilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bildirirdi ki, zaman gələcək, Azərbaycan dünyaya günəş kimi açılacaqdır. Qara şəhər ağ şəhərə çevriləcəkdir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir və öz sərvətlərini artırır".

Sərginin ekspozisiyası üç tematik bölmədən ibarətdir: Azərbaycanın, Rusiya regionlarının və Volqoqrad vilayətinin ekspozisiyaları. Volqoqrad vilayətinin 40-dan çox əmtəə istehsalçısı, o cümlədən "Volqoqradneftemaş", "VZBT", "Tsaritsinskaya obyedinennaya manufaktura", "Voljskiy abrazivnıy zavod", "Kamışinskiy tekstil", "Pivovar", "Konfil", "Sadı pridonya", "Tsar-produkt" zavodları və başqa istehsal müəssisələri öz məhsullarını nümayiş etdirir.

Sərgi iştirakçılarının ümumi rəyinə görə, Rusiya-Azərbaycan İqtisadi Forumu Volqoqradın sənaye müəssisələrinin Azərbaycan biznesinin nümayəndələri ilə səmərəli əməkdaşlığı və mütəxəssislərin təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır.

----------
10:06

AzərTAc xəbər verir ki, dördüncü Rusiya-Azərbaycan Forumu çərçivəsində iyunun 5-də Volqoqradda "Bakı" parkının təməlqoyma mərasimi olmuşdur.

Mərasimdə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov başda olmaqla nüfuzlu nümayəndə heyəti, respublikamızın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycanlıları Konqresinin (UAK), Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB), Volqoqrad vilayəti hökumətinin nümayəndələri iştirak etmişlər.

Volqoqrad vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Oleq Kirsanov mərasimi açaraq qeyd etmişdir ki, bu gün Volqoqradda "Bakı" beynəlxalq parkının tikintisinə start verilir. Volqoqrad vilayətinin vitse-qubernatoru bildirmişdir ki, iqtisadiyyatın bir çox sahələrində Azərbaycan ilə Rusiya arasında yaranmış möhkəm əlaqələri qiymətləndirmək çətindir. O.Kirsanov demişdir:

"Parkın tikintisinin başlanması və onun yaxın vaxtlarda başa çatdırılması tarixi şəhərimizin xəritəsində yeni inci görməyə imkan verəcəkdir. Biz beynəlxalq əməkdaşlığımızın yeni təməl daşını qoyuruq. Bütün volqoqradlılar adından azərbaycanlı dostlarımıza demək istəyirəm ki, biz həmişə sizi burada görməyimizə şadıq, siz Volqoqrad torpağında ən sevilən qonaqlarsınız. Yeni parkın bünövrəsinə qoyacağımız kapsul dövlətlərimizin gələcəyinin rəhnidir".

Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov mərasimin iştirakçıları qarşısında çıxış edərək demişdir ki, xatirə kapsulunun gələcək nəsillər üçün saxlanması Rusiya ilə Azərbaycan arasında sarsılmaz dostluğun rəmzi olacaqdır. Belə obyektlərin tikilməsi gözəl ənənəyə çevrilir.

V.Çernov xatırlatmışdır ki, keçən il Həştərxanda Rusiya-Azərbaycan dostluğu körpüsü açılmışdır. O, Heydər Əliyev Fonduna, Volqoqrad vilayətinin Azərbaycan diasporuna və belə əhəmiyyətli, xeyirxah təşəbbüsləri həyata keçirənlərin minnətdarlığını bildirmişdir.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında qeyd etmişdir ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü və Bakı şəhərinin Qaradağ Rayon İcra Hakimiyyəti başçısının dəstəyi ilə "Bakı" parkının bünövrəsi qoyulacaqdır. Parkın salınması barədə razılaşma bu il aprelin əvvəlində Azərbaycan nümayəndə heyətinin Volqoqrada səfəri zamanı əldə edilmişdi. Ərazinin abadlaşdırılması və yaşıllaşdırılması, dostluq parkının salınması sahəsində kompleks işləri ən qısa müddətdə yerinə yetirmək qərara alınmışdır. Ə.Həsənov demişdir:

"İnanıram ki, əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşamış xalqlarımız, ölkələrimiz və şəhərlərimiz arasında dostluğun rəmzi olan bu park volqoqradlıların ən gözəl və sevimli istirahət yerlərindən biri olacaqdır. Sevindirici haldır ki, parkın təməli Stalinqrad döyüşündə alman-faşist işğalçılarının sovet qoşunları tərəfindən darmadağın edilməsinin 70 illiyinin qeyd olunduğu ildə qoyulur. Bu Qələbəni digər xalqların nümayəndələri ilə yanaşı döyüşlərdə qəhrəmanlıq və igidlik göstərmiş Azərbaycan əsgərləri də yaxınlaşdırmışlar. Biz fəxr edirik ki, Stalinqrad döyüşü iştirakçılarının - iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı, mayor Xıdır Mustafayevin adları müharibənin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılacaqdır".

Əli Həsənov bildirmişdir ki, Volqoqradda yaşayan azərbaycanlıların indiki nəsli də xalqlarımızın çoxəsrlik ənənələrini layiqincə davam etdirir. Volqoqradın Azərbaycan diasporu arasında çox nüfuzlu insanlar vardır. Onlar vilayətin ictimai-siyasi həyatına fəal iştirak edirlər.

Rusiya Azərbaycanlıları Konqresinin Volqoqrad şöbəsi dostluq parkının yenidən qurulmasında bilavasitə iştirak edir. Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri vurğulamışdır:

"Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü və Bakının Nərimanov Rayon İcra Hakimiyyəti başçısının dəstəyi ilə bir sıra buna bənzər layihələr həyata keçirilmişdir. Tezliklə həştərxanlılar da Bakıda dostluq parkı açacaqlar. Bu, bütöv bir dövr ərzində azərbaycanlıların və rusların bir-birini başa düşmək bacarığı nümayiş etdirdiklərinin, qarşılıqlı hörmətin əvəzsiz təcrübəsini qoruyub saxladıqlarına dəlalət edir. Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin yürütdükləri siyasət sayəsində ikitərəfli Rusiya-Azərbaycan münasibətləri inkişaf edir və genişlənir. Biz bundan sonra da əlaqələrimizin dərinləşməsi və genişlənməsi istiqamətində irəliləyəcəyik".

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qonaqpərvərliyə görə Volqoqrad tərəfinə minnətdarlığını bildirərək demişdir ki, bu gün təkcə Volqoqradda yaşayan azərbaycanlılar üçün deyil, həm də Rusiyada yaşayan və işləyən bütün azərbaycanlılar üçün bayramdır. Səfir demişdir:

"Volqoqradda bu günlər artıq xalqlarımız və ölkələrimiz arasında dostluğun nümayişinə çevrilir. Bu, bizim üçün çox vacibdir. Çünki biz qonşuyuq, qonşular isə mehribanlıq şəraitində yaşamalıdırlar. Yeni park illərlə xalqlarımız arasında dostluğun rəmzi olacaqdır".

P.Bülbüloğlu vurğulamışdır ki, park bir neçə ay ərzində qurulacaq və artıq sentyabrda açılacaqdır. Bu, hətta indiki vaxtda rekord dərəcədə qısa müddətdir. Səfir arzulamışdır ki, qoy bu parka gələn gənclər həmişə dostluğumuzu xatırlasınlar və onu gələcək nəsillərə çatdırsınlar.

Sonra Əli Həsənov və Vladimir Çernov gələcək nəsillərə ünvanlanmış müraciəti imzalamışlar. Müraciətdə deyilir: "Biz, forum iştirakçıları və Volqoqrad sakinləri əminik ki, salınacaq park təkcə şəhərlərimiz arasında deyil, həm də dövlətlərimiz arasında dostluğun rəmzi olacaqdır. Bu park birgə səylər nəticəsində yarandığı kimi, biz də gələcək nəsillərin rifahı naminə Rusiya Federasiyası və Azərbaycan Respublikası xalqlarının qarşılaşdıqları bütün çağırışları birlikdə dəf edəcəyik. Bu kapsulu bünövrəyə qoymaqla bundan sonra da ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafı yolu ilə getmək barədə birgə niyyətlərimizi təsdiq edirik".

Sonra kapsul yeni parkın bünövrəsinə qoyulmuşdur.

Volqoqradın mərkəzi mədəniyyət və istirahət parkı öz fəaliyyətini ötən əsrin 60-cı illərindən başlamışdır. Həmin vaxt şəhərin mərkəzi hissəsində fəal tikinti işləri aparılırdı. Parkın birinci layihəsi 1967-ci ildə hazırlanmışdır. Sonra layihəyə dəyişikliklər edilmişdir. Son illər parkın 26 hektarlıq ərazisi baxımsız vəziyyətə düşmüşdür. Hazırda mərkəzi mədəniyyət və istirahət parkında ərazinin abadlaşdırılması işlərinə başlanılmışdır.

----------
00:06

"Rusiya-Azərbaycan: regionlararası dialoq-2013" mövzusunda IV forumun birinci günündə Dostluq Parkının təntənəli təməlqoyma mərasimi keçirilib. Trend-in məlumatına görə, bu barədə RF Volqoqrad vilayətinin qubernatoru və hökumətinin rəsmi saytı xəbər verir.

Layihənin həyata keçirilməsi üçün meydança qismində Volqoqrad şəhərində Mərkəzi mədəniyyət və istirahət parkının ərazisi seçilib. Hazırda baxımsız vəziyyətdə olan ərazini Azərbaycan tərəfi tamamilə yeniləyəcək. Burada müasir abadlıq işləri görüləcək, yeni arxitektura formaları, uşaq meydançaları salınacaq, fəvvarələr quraşdırılacaq, Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə abidə qoyulacaq.

Mərasimdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak ediblər. Onlar Volqa döyüşündə vuruşan xalqların qardaşlıq simvoluna çevriləcək yeni parkın volqoqradlıların xoşuna gələcəyinə ümid etdiklərini bidiriblər. Ərazinin abadlaşdırılması üzrə bütün işlər tamamilə Azərbaycan tərəfinin hesabına görüləcək.

Rusiya Prezidentinin Xarici ölkələrlə regionlararası və mədəniyyətlərarası əlaqələr üzrə İdarəsinin rəisi Vladimir Çernov bildirib ki, bu layihə, şübhəsiz, iki dövlət arasında mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsinə yardım edəcək: "Bu təşəbbüsə görə Azərbaycan nümayəndələrinə və Volqoqrad vilayətinin rəhbərliyinə xüsusi təşəkkürümü bildirirəm". O, nəsillərə müxtəlif millətlətin nümayəndələri arasında sülhün və həmrəyliyin qorunması çağırışı ilə abidənin bünövrəsinə kapsulun qoyulması mərasimində iştirak edib.
Qeyd edək ki, Volqoqradda salınacaq yeni Dostluq Parkı layihəsi artıq razılaşdırılıb və inşaatçılar işə başlamağa hazırdırlar.

Volqoqrad vilayəti hökumətinin sədri Oleq Kersanov qeyd edib: "İstirahət üçün yeni ərazi çox gözəl olacaq. Bu, qəhrəman şəhərə əsl hədiyyədir. Yenidənqurma işləri cari ilin sonunadək tamamilə başa çatdırılacaq".

Arxitektorların bu obyektdə həyata keçirməyə qərar verdikləri əsas işlərdən biri də müharibənin qəhrəmanları haqqında abidə olacaq. Məlum olduğu kimi, Stalinqrad döyüşündə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov və Sovet İttifaqı Qəhrəmanı, mayor Xıdır Mustafayev daxil olmaqla bir çox azərbaycanlı şücaətlə iştirak edib. Bundan başqa, tarixçilərin dəlillərinə görə, məhz indiki Mərkəzi mədəniyyət və istirahət parkının ərazisində Çar dövründə neft anbarının tikildiyi Nobel şəhərciyi yerləşib. Bura Volqa ilə Bakıdan neft göndərilirdi. Döyüşlər vaxtı burada Sovet tanklarına yanacaq doldurulurdu. Buna görə də Böyük Vətən müharibəsi illərində qəhrəmanlıq haqqında abidə mütləq yeni parkda ucaldılacaq.

-----------------
05.06.2013
18:21

AzərTAc xəbər verir ki, iyunun 5-də Volqoqradda Dördüncü "Rusiya-Azərbaycan: Regionlararası dialoq-2013" forumu açılır.

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov başda olmaqla Azərbaycanın nüfuzlu nümayəndə heyəti bu forumda iştirak etmək üçün regiona gəlmişdir.

Tədbirin təşkilatçıları Avrasiya Tədqiqatları İnstitutu və Volqoqrad vilayətinin hökumətidir. Bu beynəlxalq səviyyəli görüş Azərbaycan və Rusiya prezidentləri administrasiyalarının dəstəyi ilə keçirilir. Forumun işində hər iki ölkənin hökumət nümayəndələri, biznes, qeyri-hökumət təşkilatları, mərkəzi və regional dövlət hakimiyyəti orqanlarının təmsilçiləri iştirak edir.

İyunun 5-də, forumun ilk iş günündə proqramın əsas hadisəsi Həlak olmuş döyüşçülər meydanında "İqtisadi əməkdaşlığın yeni üfüqləri" adlı sərginin açılışı olacaqdır. Rusiya regionları və Azərbaycan bu sərgidə sənaye və emal müəssisələrinin məhsullarını təqdim edəcəklər. Ekspozisiyada Volqoqrad vilayətinin 40-dan çox əmtəə istehsalçısı, o cümlədən "Volqoqradneftemaş", "VZBT", "Tsaritsinskaya obyedinennaya manufaktura", "Voljskiy abrazivnıy zavod", "Kamışinskiy tekstil", "Pivovar", "Konfil", "Sadı pridonya", "Tsar-produkt" zavodları və başqa istehsal müəssisələri iştirak edəcəklər.

Volqoqrad Vilayəti İqtisadiyyat, Xarici İqtisadi Əlaqələr və İnvestisiyalar Nazirliyinin rəhbəri Elvira Laqutina qeyd etmişdir ki, bu gün Azərbaycan Volqoqrad regionunun ən iri kontragentlərindən biridir. Hazırda vilayətin ərazisində Azərbaycan kapitalının iştirakı ilə 10 müəssisə işləyir. Bu respublika ilə vilayət arasında əmtəə dövriyyəsi artmaqdadır. 2012-ci ilin yekunlarına görə bu göstəricinin qiyməti 140 milyon dollardan çox olmuşdur.

Elvira Laqutina demişdir: "Azərbaycan Volqoqradın aqrar-sənaye kompleksinə, avtobus istehsalına, kimya məhsulları istehsal edən və digər müəssisələrin məhsullarına maraq göstərir. Bütövlükdə işgüzar əməkdaşlıq potensialı böyükdür". Onun sözlərinə görə, mehmanxanalar tikintisi və kənd təsərrüfatı məhsullarının emalı üzrə müəssisələr yaradılması üçün müştərək investisiya layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi perspektivləri vardır.

Rusiya-Azərbaycan forumu çərçivəsində əsas tədbirlərin iyunun 6-da keçirilməsi planlaşdırılır. Həmin gün plenar iclas keçiriləcək, sonra Rusiya Federasiyası Vahid Enerji Sisteminin və Azərbaycan Respublikası Enerji Sisteminin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında saziş imzalanacaqdır.

Azərbaycan hökuməti ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanması Volqoqrad regionu üçün mühüm hadisə olacaqdır. Forum çərçivəsində iqtisadi tərəfdaşlıq, humanitar əlaqələrin inkişafı, Xəzər regionunda sabitliyin təmin edilməsində Rusiya və Azərbaycanın rolu məsələləri də müzakirə ediləcəkdir.

----------
13:58

Azərbaycan paytaxtının adını daşıyacaq parkın təntənəli təməlqoyma mərasimindən sonra çərşənbə günü Rusiyanın Volqoqrad şəhərində "Rusiya-Azərbaycan: regionlararası dialoq-2013" mövzusunda IV forum öz işinə başlayacaq. Trend-in məlumatına görə bu barədə "İTAR TASS" agentliyi xəbər yayıb.

"Forumun işində Rusiyanın Cənubi və Şimalı Qafqaz regionlarının administrasiyalarının nümayəndələri, biznesmenlər, sahibkarlar, həmçinin Azərbaycandan 77 qonaq daxil olmaqla 200 nəfər iştirak edəcək". Bu barədə Volqoqrad vilayətinin iqtisadiyyat, xarici iqtisadi əlaqələr və investisiyalar naziri Elvira Laqutina bildirib.

Forumda Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov rəhbərlik edir.
Laqutina bildirib: "Forumun proqramı çox gərgin və müxtəlifdir. Bu gün Bakı parkının təməlqoyma mərasimindən sonra Volqoqradın mərkəzində "Rusiya Federasiyası və Azərbaycan Respublikasının iqtisadi əməkdaşlığının yeni üfüqləri" adlı regionlararası sərgi keçiriləcək. Burada Rusiya regionları, bizim azərbaycanlı dostlarımız və tərəfdaşlarımız iştirak edəcəklər".

Onun sözlərinə görə, forumun əsas günü iyunun 6-ı olacaq. Yeni eksperimental teatrın binasında forumun rəsmi açılışı baş tutacaq. Burada Azərbaycan xalqının Böyük Vətən müharibəsinə verdiyi töhfə haqqında fotosərgi təqdim olunacaq və "Rusiya-Azərbaycan münasibətlərində Heydər Əliyev" adlı fotosərgisinin premyerası olacaq.

Plenar iclasdan sonra Rusiya və Azərbaycan hökumətləri arasında RF vahid energetika sistemi və Azərbaycan energetika sisteminin paralel işinin təmin edilməsi üzrə sazişin imzalanması gözlənilir.

Həmçinin Volqoqrad vilayəti və Azərbaycan arasında iqtisadi, mədəni və elmi-texniki sahələrdə əməkdaşlıq barədə saziş imzalanacaq.

Rusiya-Azərbaycan forumu dördüncü dəfə keçirilir. İlk dəfə o, 2010-cu ildə Bakıda, növbəti il Həştərxan şəhərində, sonra yenidən Bakıda, bu il isə Volqoqradda keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00