Təsis yığıncağında Milli Şuradan qopmalar ola bilər - SİYASİ ANALİZ

Müsavat xarici siyasət kursunu, AXCP vahid namizəd məsələsini qabardacaq

Demokratik Qüvvələrin Milli Şurasının  təsis konfransı iyunun 7-də olacaq. AXCP sədri Əli Kərimli məlumatı təsdiqləyib. Əli Kərimlinin sözlərinə görə, artıq Milli Şuranın təsis olunması ilə bağlı hazırlıq işləri başa çatıb. Milli Şuranın təsisçiləri müəyyənləşib, siyasi bəyannamə razılaşdırılıb. Konfransda Milli Şuranın əsasnaməsinin müzakirə edilərək qəbul olunması, Azərbaycana və dünya birliyinə müraciət ediləcəyi gözlənilir.

Maraqlıdır ki, Milli Şuranın təsis olunacağı xəbəri Müsavat düşərgəsində susqunluqla müşahidə olunur. Müsavat aktivistləri heç nə olmamış kimi davranırlar. Müsavat partiyası bütün gücü ilə Milli Şuranın yaranması prosesini gözdən salmağa çalışır. Arif Hacılının "Milli Şuranın tərkibində elə adamlar var, tanımıram", "Milli Şuranın Azərbaycanın xarici siyasətinə zidd kursu" ilə bağlı dedikləri bəhanələrdən başqa bir şey deyil. 2003-cü ilin oktyabrında Arif Hacılının da daxil olduğu "Bizim Azərbaycan" blokuna İranın "Səhər-2" telekanalı informasiya dəstəyi verirdi. Müsavat o partiyalardandır ki, həmişə rəhbərlik səviyyəsində élan olunub ki, "məqsəd vasitəyə haqq qazandırır", "məqsədə çatmaq üçün şeytanın özü ilə də əməkdaşlığa getmək olar. Deməli, Müsavatın, Arif Hacılının mövqeyi firqə maraqlarından başqa bir şey deyil. O maraq ki, prezident seçkilərində İsa Qəmbərin təkbaşına iştirakını diktə edir. Arif Hacılı-Pənah Hüseyn-Rauf Arifoğlu üçlüyü Müsavatın təkbaşına iştirakını ona görə istəyirdilər ki, 2015-ci il parlament seçkiləri üçün bazarlıq imkanı yaransın. Bunun üçün radikal görünmək lazım idi. Radikal görünmək üçün AXCP-nin yanında dayanmaq, Milli Şuraya girmək lazım idi. Amma görünür, Müsavat rəhbərliyi qazı çox elədi. Bir də xəbər tutdular ki, Milli Şuranın düz ortasındadırlar. Burdan isə çıxış yolu yoxdur. Ya Milli Şuradakı çoxluğun istəyinə uyğun addım atılacaq, yəni namizədlikdən imtina olunacaq, ya da parçalanaraq Milli Şuradan çıxmaq mümkündür. Müsavat indiki halda Milli Şuradan çıxa bilməz. Çünki partiyada radikallar var, AXCP-nin təsiri ilə onlar Müsavatdan qopa bilər. İsa Qəmbərin, Arif Hacılının açıqlamaları göstərir ki, indiki halda Müsavat riskli addıma getməyəcək. Amma Müsavat Milli Şuranın vahid adayı olmaq istəyindən də vaz keçməlidir. Onsuz da Milli Şura daxilində bu mümkün deyil.

Bu arada AXCP artıq Milli Şuranın vahid namizədi olmaq iddiasını rəsmiləşdirib. Milli Şuranın təsis konfransında bu iddia açıq ortaya qoyulacaq.  AXCP sədrinin müavini Fuad Qəhrəmanlının "vahid namizəd Əli Kərimli olmalıdır" açıqlaması təsis konfransı öncəsi piar kampaniyasıdır. Ola bilsin ki, Müsavatı tam küsdürməmək üçün bir müddət vahid namizəd söhbəti arxa plana keçirilsin. Təsis konfransı günü vahid namizəd söhbəti açılsa, narazılığın yaranması qaçılmaz olacaq. Müsavatdan Arif Hacılı kimi bəyanat verənlərin sayı arta bilər. Ehtimal edilir ki, parçalanmadan qaçmaq üçün Müsavat elə bu cür də edəcək. Arif Hacılının "Müsavat Milli Şuradan imtina edə bilər" açıqlaması AXCP-yə ünvanlanmış təhdiddən başqa bir şey deyil. Müsavat bu cür riskli addımı atmaz. Amma Müsavat Milli Şuranı gözdən salmaq, yıpratmaq siyasətini apara bilər. Böyük ehtimalla, Müsavat təsis konfransında bölücü açıqlamalar verməklə, Milli Şurada mərkəzdənqaçma yaratmağa çalışacaq. Məsələn, Müsavat başbilənləri ALP-ni, Ziyalılar Forumunun bəzi üzvlərini Rusiyapərəstlikdə, El hərəkatını regionçuluqda suçlandırıb birləşmə prosesini poza bilər. Xarici siyasət kursu məsələsinin təsis yığıncağında bir daha qaldırılacağı gözlənilir.  Xarici siyasət kursu məsələsinə aydınlıq gəlməsə, Müsavata yaxın bir neçə tanınmış şəxs Milli Şuradan imtina edəcək.

Hüseyn Meşkinli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00