"Azərbaycandakı problemlərin Serj Sarkisyana heç bir aidiyyatı yoxdur"
Politoloq Rasim Ağayev Ermənistan prezidentinin Azərbaycanla bağlı bəyanatını şərh edib
6 İyun 2013 17:35 Siyasət"Bütün dünyada olduğu kimi Azərbaycanın da iqtisadi və siyasi sahələrdə problemləri var. Problemsiz dövlət olmur. Əslində bunun Serj Sarkisyana heç bir aidiyyatı yoxdur". Bunu politoloq Rasim Ağayev ANS PRESS-ə açıqlamasında Serj Sarkisyanın Azərbaycan iqtisadiyyatının 2 il ərzində tamamən çökəcəyi barədə bəyanatını şərh edərkən deyib. Onun sözlərinə görə, hazırda əhali kütləvi şəkildə Ermənistanı tərk edir: "Ölkədə işsizlik hökm sürür. İstehsal sahələri məhdud saydadır. Xarici siyasətdə isə bir çaşqınlıq var. Faktiki olaraq bu gün Sarkisyan yol ayrıcında qalıb - Qərbə yoxsa Şimala inteqrasiya etmək".
R. Ağayevin fikrincə, Sarkisyan ölkəsinin düşdüyü ağır vəziyyəti düşünsə, yaxşı olardı. "Bu gün dünya ictimaiyyəti Sarkisyanı siyasətçi kimi deyil, terrorçu kimi tanıyır. O, sərsəm bəyanatları ilə həm öz xalqını, həm də dünya ictimaiyyətin aldatmaq istəyir", - deyə Rasim Ağayev bildirib.