“Xarici jurnalistlər Ağdamı “Qarabağın Xirosima”sı və yaxud “Qafqazın Xirosima”sı adlandırır”- Musa Quliyev
18 Noyabr 2021 15:35 SiyasətAğdam rayonunun 2020-ci il 20 noyabr tarixində işğaldan azad olunması ilə əlaqədar Olaylar.az-a açıqlama verən Millət vəkili Musa Quliyev bildirib ki, əgər biz bu ilə qədər rayonlarımızın işğal olunmasının anım günlərini qeyd edirdiksə, çox böyük şükürlər olsun ki, artıq işğaldan azad olunan rayonlarımızın Azərbaycana qaytarılması, işğaldan azad edilməsi günlərini qeyd edirik. Ağdam rayonunun işğaldan azad olunması Azərbaycanın dövlətçilik tarixində hərbi siyasi qələbənin simvollarından biridir. Ağdam rayonu Azərbaycanın tanınmış, zəngin rayonlarından biri olub.
"Şairlərimiz vaxtilə Ağdamı Qarabağın "qapı"sı , hətta obrazlı şəkildə Qarabağın "toy otağı" adlandırırdılar. Ümumilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasına sovet dönəmində rəhbərliyi illərində Ağdam rayonu olduqca sürətlə qurulan, tikilən, abadlaşan və inkişaf edən rayonlarımızdan biri idi. Təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən hərcmərclik, dövlətin olmaması, hakimiyyətdə olan şəxslərin səriştəsizliyi və satqınlığı nəticəsində erməni işğalçıları tərəfindən Ağdam rayonu 1993-cü ilin iyulunda işğal olundu. Ağdam Azərbaycanın ən çox şəhid verən, ardıcıl şəkildə döyüşən və mübarizə aparan rayonlarından biridir. Ağdam camaatı Qarabağın işğalına qarşı ilk etiraz səsi çıxaran və sona qədər mübarizə aparan qəhrəman vətəndaşlarımızdır. 1993-cü ilin iyulundan başlayan Azərbaycandakı hakimiyyət böhranı Ağdam rayonunun işğalını da surətləndirdi. Rayonun 70%-dən artıq hissəsi erməni işğalı altına düşdü. Ağdam rayonunun işğalından 1 həftə sonra BMT-nin növbəti bir qətnaməsi, Ağdamın və digər rayonların işğaldan qeyd-şərtsiz azad olunması haqqında qətnamə qəbul olundu. Bu qətnamə də digər qətnamələr kimi yalnız kağız üzərində qaldı. Nəhayət Cənab Prezident, Ali Baş Komandan, İlham Əliyevin səyləri nəticəsində Azərbaycan ordusu və xalqı bir yumruq kimi birləşərək, ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin qəhrəmancasına sonluğu, bütün işğalda olan torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi və 10 noyabr tarixli üçtərəfli bəyənatla Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə atılmadan, bir əsgərimiz yaralanmadan, şəhid olmadan işğaldan azad edilməsi mümkün oldu. Bu məhz Cənab Prezidentimizin tarixi bir qələbəsi və nailiyyəti idi. Ağdam işğaldan azad olunandan 3 gün sonra Cənab Prezident, İlham Əliyev xanımı, birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə Ağdama səfər etdilər. Həm Azərbaycan ictimaiyyətinə, həm də dünya birliyinə məlum oldu ki, Ağdam şəhərində daş-daş üstündə qalmayıb. Yalnız Ağdamda cümə məscidinin minarələri və məscidin dağılmış, baxımsız vəziyyətdə olan binasından başqa bir salamat bina qalmayıb. Haqlı olaraq xarici jurnalistlər Ağdamı "Qarabağın Xirosima"sı və yaxud "Qafqazın Xirosima"sı adlandırır. Cənab Prezident digər işğaldan azad olunan torpaqlarımız, rayonlarımız, qəsəbələrimiz kimi, Ağdamın da dirçəlməsi üçün öz sərəncamını verdi.
Qısa müddət ərzində Ağdamın və Ağdamın ətrafındakı yaşayış məntəqələrinin minalardan təmizlənməsi başlayıb. Ağdamın baş planı təsdiq olunub və Ağdam ictimaiyyətinin iştirakı ilə Cənab Prezident elə rayonun özündə bu baş planın müzakirəsini həyata keçirdi. Yeni, gözəl, böyük bir şəhərin salınması üçün öz göstərişlərini verib. Yaxın zamanlarda, biz yeni bir Ağdamın görüşünə gedəcəyik. Əlbəttə ki, bu tarixi bir nailiyyətdir. Azərbaycan xalqının və dövlətinin, şəxsən Aəzrbaycan Prezidentinin tarixi bir qəhramanlığıdır ki, bir güllə atmadan, şəhid vermədən, 3 böyük rayonumuz işğaldan azad edildi. Müharibə bitəndən sonrakı bir il müddətində böyük quruculuq, abadlıq və bərpa işləri gedir. Eyni zamanda Zəngəzur dəhlizinin açılması, sərhədlərin demorkasiyası, delimitasiyası prosesi davam edir. Baxmayaraq ki, ermənilər də öz təxribatçı niyyətlərindən əl çəkmir. Bu yaxınlarda erməni təxribatı nəticəsində əsgərlərimiz şəhid oldu, yaralandı. Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralılarımıza can sağlığı arzulayıram. Ağdamın işğaldan azad olunması əlbəttə böyük bir tarixdir, böyük bir qələbənin, qəhrəmanlarımızın tarixidir. Şübhəsiz ki, bu tarix həm bizim bədii əsərlərimizdə, həm də elmi tarixi əsərlərimizdə araşdırılacaq, qeyd olunacaq və sənədləşdiriləcək. Eyni zamanda Cənab Prezident səviyyəli bir Ali Baş Komandan olaraq, sərkərdəlik məharəti nəticəsində torpaqların müəyyən hissəsinin danışıqlar yolu ilə azad olunması da dünya hərb və siyasət tarixinə qızıl hərflərlə yazılan qəhrəmanlıq kimi qalacaqdır."