Xarabalıqdan abadlığa çevrilən Ağdam

Bu günlərdə Qarabağın daha bir dilbər guşəsi, Ağdamın düşmən işğalından azad edilməsinin ildönümü qeyd edilir. 2020-ci il, noyabr ayının 20-də 44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfərin məntiqi nəticəsi olaraq Azərbaycana təhvil verilən Ağdam bu gün öz quruculuq-abadlıq dövrünü yaşayır. Cəmi 1 il müddətində təkcə Ağdamda həyata keçirilən quruculuq-abadlıq işləri onu deməyə əsas verir ki, Azərbaycan dövləti qarşısına qoyduğu istənilən hədəfə, məqsədə çatmağa qadirdir. Necə ki, 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti, Azərbaycan Ortdusu və onun Ali Baş Komandanı bunu sübuta yetirdi.

44 günlük Vətən müharibəsində ağır məğlubiyyətlə üzləşən düşmən hər nə qədər istəməsə də, lakin Ağdamı da təhvil vermək və qoşunlarını  bu rayondan çıxarmaq məcburiyyətində qaldı. Ermənistan ona görə Ağdamı ürək ağrısı, kədər içərisində təhvil verdi ki, çünki bu şəhəri sözün həqiqi mənasında hərbi anbarına çevirmişdi. Çünki Azərbaycan Ordusunun nə vaxtsa torpaqlarını işğaldan azad etməyə başlayacağı təqdirdə hücumun məhz bu istiqamətdən olacağını düşünürdü. Ona görə də Ermənistan ümumi işğal etdiyi ərazilərdən ən çox hərbi texnikanı məhz Ağdamda yerləşdirmiş, Ohanyan səddi kimi tanınan minalanmış ərazini Ağdamda çəkmişdi. Lakin Azərbaycanın gücü və dövlət başçısının qətiyyətli mövqeyi nəticəsində Ermənistan Ağdamı da Azərbaycana təhvil verməli oldu və qoşunlarını işğal etdiyi Azərbaycanın daha bir rayonundan geri çəkdi.

Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli Ağdam rayonun işğaldan azad edilməsinin xüsusilə yadda qalan olduğunu deyir. Onun sözlərinə görə, digər işğal altında olan rayonlarımızdan fərqli olaraq Ağdam, eləcə də Kəlbəcər və Laçın rayonları güllə atılmadan belə düşməndən boşaldıldı və azad olundu: "Bu birmanəlıdır ki, düşməndən azad edilən hər qarış torpaq belə bizim üçün əzizdir, müqəddəsdir və həmin ərazilərin azad edilməsi neçə-neçə igid oğullarımızın həyatı bahasına başa gəldi. Ağdamın, Kəlbəcərin və Laçının güllə atılmadan azad olunması da məhz həmin igidlərimizin döyüş meydanında ortaya qoyduqları şücaətin nəticəsində mümkün oldu".

MVP rəsmisi deyib ki, Azərbaycan necə ki, 44 günlük Vətən müharibəsində hərb tarixinə yenilik yazdı və torpaqlarını işğaldan azad etdi, eləcə də Ağdam, Kəlbəcər və Laçını döyüşsüz azad edərək ilkə imza atdı: "Nə hərb, nə də siyasi tarixdə bildiyimiz qədər belə bir situasiya baş verməyib ki, düşmənin işğal etdiyi ərazini bir güllə belə atmadan azad edəsən. Daha dəqiq desək düşməni buna məcbur edəsən ki, işğal etdiyi əraziləri boşaltsın". Süleyman İsmayılbəylinin qənaətincə, bunu mümkün edən isə Azərbaycan liderinin, Cənab Prezident İlham Əliyevin həm hərbi sahədə, həm də siyasi arenada nümayiş etdirdiyi güc, qüvvət, həmçinin siyasi iradə oldu.

Düşmənin 27 il işğal altında saxladığı Ağdamda misli görünməmiş vəhşilik, dağıntılar törətdiyini qeyd edən MVP rəsmisi bildirib ki, tarixi zəfərdən sonra Azərbaycana səfər edərək Ağdama gedən xarici diplomatlar və jurnlaistlər oradakı barbarlığı və dağıntıları görərək Ağdamı haqlı olaraq Xirosima ilə müqayisə etmişdilər: "Artıq Ağdamda geniş miqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Ağdam işğaldan azad edilən bir ilə yaxın müddətdə orada həyata keçirilən quruculuq-abadlıq işləri, həyata keçirilən infrastruktur layihələrinin miqyası onu deməyə əsas verir ki, işğaldan azad edilən digər şəhər və rayonlarımız kimi Ağdam da tezliklə öz əvvəlki görkəminə qayıdacaq və respublikamızın inkişaf edən regionlarından birinə çevriləcək. Bir sözlə indi bizi xarabalıqdan abadlığa çevrilən Ağdam qarşılayır"

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31