Türk dünyasının Azərbaycanın zəfərinə verdiyi ali qiymət
18 Noyabr 2021 11:48 SiyasətÖtən həftə bütün türk dünyasının diqqəti qardaş ölkəyə. Türkiyəyə yönəlmişdi. Əslində bütün türk dünyası da yox, bütün dünyanın diqqətini desək daha doğru olar. Çünki planda yeni bir təşkilatlanma, türk dünyasını bir araya gətirmək istiqamətində yeni addımlar vardı. Bir sözlə hədəf də bəlli idi, məqsəd də.
Türk Şurasına üzv ölkələrin dövlət başçılarının İstanbul toplantısı bir sıra əlamətdar məqamları ilə yada qalan idi. İlk növbədə onu demək yerinə düşər ki, bu dövlət başçılarının pandemiyadan sonra ilk canlı toplantısı idi. Türk Şurasına üzv ölkələrin rəhbərləri ən son pandemiyadan əvvəl Bakıda bir araya gəlmişdilər.Və həmin toplantıda sədrlik Azərbaycana təhvil verilmişdi.
İstanbul görüşünü əlamətdar edən digər bir mühüm məqam toplamtının Azərbaycanın 44 günıük müharibədən sonrakı Zəfər ildönümünə təsadüf etməsidir. Elə toplantıda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin medalla təltif edilməsi də əslində türk dünyasının Azərbaycanın zəfərinə vermiş olduğu qiymət, dəyər sayıla bilər. Elə Milli Məclisin deputatı Könül Nurullayeva da bu qənaətdədir. Millət vəkili bildirib ki, sammitdə ən vacib məqamlardan biri müzəffər Ali Baş Komandan İlham Əliyevin "Türk Dünyasının Ali Ordeni" ilə təltif olunması idi. Onun sözlərinə görə. Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə belə bir qərarın qəbul olunması Azərbaycan Prezidentinin şəxsiyyətinə, türk dünyasında liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna verilən qiymət idi: "Prezident İlham Əliyevin bu ali mükafata layiq görülməsi Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsidir. Eyni zamanda bu, dövlət başçımızın Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən qiymətdir. Azərbaycan bu ali mükafatı sözün həqiqi mənasında haqq edib. Çünki ölkəmiz hər zaman türk dünyasının birliyi istiqamətində mühüm addımlar atıb. Prezident İlham Əliyev türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial lider kimi nüfuz qazanıb"..
Qeyd etdiyimiz kimi Türk Şurasına üzv ölkələrin İstanbul zirvə görüşü bir sıra məqamları ilə yadda qaldı. Bunlardan biri də təşkilatın adının dəyişdirilməsi və bundan sonra Türk Dövlətləri Təşkilatı kimi fəaliyyət göstərməsidir. Bu artıq sözün həqiqi mənasında yeni bir gücün, yeni bir qüvvənin meydana çıxması deməkdir. Düzdür, Türk Şurası da prinsip etibarilə türk dünyasının birlik və bərabərliyini, onun gücünü ortaya qoyurdu, ancaq artıq bu qurumun Türk Dövlətləri Təşkilatı kimi xarakterizə edilməsi və bundan sonra həmin ad altında fəaliyyət göstərməsi həm də dünyaya türkün gücü, birliyi, potensialını göstərmək deməkdir. Bu mənada millət vəkili Könül Nurullayeva hesab edir ki, Türk Dövlətləri Təşkilatının fəaliyyəti türk dünyasının daha da güclənməsinə xidmət edəcək. O deyib ki, İstanbulda keçirilən 8-ci zirvə toplantısında qəbul edilən "Türk dünyasına baxış - 2040" sənədi isə bu təşkilatın gələcək perspektivini müəyyənləşdirəcək: "Türk Şurası bu gün böyük coğrafiyanı əhatə edir, böyük iqtisadi, siyasi, hərbi gücü ehtiva edir. Təşkilatın qarşısında yeni hədəflər durur. Zirvə toplantısında da bəyan olunduğu kimi, ortaq tarixə və mədəniyyətə sahib qardaşları ayıra biləcək heç bir hüdud yoxdur. Türk dünyası artıq ortaq gələcəklərini inşa edirlər. Heç kim Türk Dövlətləri Təşkilatının varlığından narahat olmamalıdır, tam əksinə bu təşkilatın bir üzvü olmağa çalışmalıdırlar".
Ancaq bu ərəfədə, ümumiyyətlə türk dünyası bir araya gələn zamanlarda müşahidə etdiyimiz bir mənfi tendensiya olur. Türkün birliyindən qorxmaq, ondan xoflanmaq və bu birliyə mane olmaq. Daha dəqiq deəsk əksər dövlətlər türk dünyasının birləşməsini absur yerə özlərinə təhlükə hesab edirlər. Halbuki bu birlik, bərabərlik dünyada yalnız və yalnız sabitliyə, sülhə xidmət edir, dünyaya yalnız istiqrar gətirmək istiqamətində fəaliyyət göstərir. Bunu quruma daxil olan ölkələr zaman-zaman bəyan ediblər. Üzü Naxçıvan sammitindən bu yana hər dəfə açıq şəkildə vurğulanır ki, bu birlik dünyaya sülh və sabitlik gətirməkdən yanadır. Millət vəkili KönüL Nurullayeva qeyd edib ki, İstanbul zirvəsində verilən əsas mesajlardan biri də bu oldu: "Türk dünyasının birliyi dünyaya yalnız sülh və firavanlıq gətirə bilər. Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə də dünya bunun şahidi oldu. Təsadüfi deyil ki, hələ 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə Prezident İlham Əliyevin də söylədiyi kimi, qədim yurdumuz Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni, türk dünyasının vahid bir ailə, vahid bir qüvvə kimi fəaliyyəti onilliklər ərzində dayandırılmışdır. Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbə bütün türk dünyasının qələbəsidir. İstanbul zirvəsində də qeyd olunduğu kimi, Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Azərbaycan faktiki türkdilli dövlətlər arasında coğrafi bağlılığı bərpa edib".
Bu bir danılmaz faktdır ki, türk dünyasının bir araya gəlməsi, təşkilatlanması, birlik və bərabərlik içərisində olmasında əsas lokomotiv rolunu Türkiyə və Azərbaycan oynayır. Dəfələrlə Azərbaycan Prezidentinin bu birlikm və bərabərlik üçün fərqli təşəbbüslər, təkliflərlə çıxış etməsinin şahidi olmuşuq və bütün təşəbbüslər də öz müsbət nəticəsini verib. Hətta dövlət başçısı türk dünyasını Naxçıvanda toplamağı da bacarıb. Bu mənada Azərbaycan Prezidentinin türk dünyasının birlik və bərabərliyi istiqamətindəki fəaliyyəti xüsusi qeyd edilməlidir. Elə deputat Könül Nurullayeva da deyir ki.Türk Şurasının Naxçıvandan başlanan inkişaf yolunda Prezident İlham Əliyev böyük əmək sərf edib. Onun sözlərinə görə, 2019-2021-ci illərdə təşkilata sədrlik edən Azərbaycan qurumun inkişafına, onun coğrafiyasının genişlənməsinə, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə, əlaqələrinin artmasına önəmli töhfələr verib: "Türk Şurasının digər mötəbər beynəlxalq təşkilatlarla faydalı əməkdaşlığın qurulmasına da nail olunub. Məlum olduğu kimi, artıq şura rəsmi şəkildə təşkilata çevrildi. Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Bunun üçün kifayət qədər perspektivlər var. Prezident İlham Əliyevin də söylədiyi kimi, bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk və bu birlik, qardaşlıq gündən-günə möhkəmlənir".
Süleyman