Milli Şuranın Kremlin layihəsi olduğu getdikcə aydınlaşır
6 İyun 2013 16:06 SiyasətRusiyanın xeyir-duası ilə yaradılan Milli Şura ətrafında müzakirələr davam edir. Ölkədə fəaliyyət göstərən siyası qüvvələrin böyük əksəriyyəti də Milli Şuranı məhz Kremlin layihəsi hesab edərək onun fəaliyyətini Azərbaycanın milli maraqlarına zidd hesab edirlər. Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev də eyni fikirdədir. Partiya sədri hesab edir ki, Milli Şuranın yaranması elan edilsə də, lakin bəzi məqamlar hələ də cəmiyyət üçün qaranlıq olaraq qalır və həmin mətləblərin aydınlaşdırılmasına ehtiyac var: "Hələlik mənə bir neçə mətləb aydın deyil. Birinci mətləb ondan ibarətdir ki, yaranan "nədir"? Əgər bu yeni təşkilatdırsa, onda onun əsasnaməsi, proqramı, məqsədi, hədəfi, strateji planı, taktikası, iş rejimi, insan və maddi resursları və sair olmalıdır ki, bu "nəisəni" digərlərindən fərqləndirərək ona "mövcud olan" və ya "təsis edilən" demək olsun. Mən " Milli Şura təsis edilib" xəbərini eşidən kimi çalışdım ki, bu dediklərimin olub-olmadığını müəyyən edim və bu işdə əziyyət çəkənlərə "təbrik göndərim". Təəssüf ki, bütün bunların olmadığını bildikdən sonra olmayan şeyə görə təbrik göndərməyə utandım. İkinci mətləb ondan ibarətdir ki, əgər doğrudan da Milli Şura təsis edilibsə və onun tərkibində olan partiyalar elə son günlərə qədər başqa bir qurumda bir yerdə idilərsə, onda yeni bir adda birləşməyin nə mənası ? Məgər adın "İctimai Palata" yox, "Milli Şura" qoyulmasının elə bir fərqi varmı?" Mayis Güləliyevin sözlərinə görə, təsis edilən Milli Şuraya inamla yanaşanlar hansısa arqumentlərə malik deyillər: "Doğrudanmı onlar inanırlar ki, son 20 ildə müxalifət adını monopoliyaya çevirən və Qərbin əlində təzyiq vasitəsi rolunu oynayan bu partiyalar mövcud problemlərin həlli üçün aydın proqrama malikdirlər?" Mayis Güləliyev bildirib ki, Milli Şura ideyası yalnız müxalifəti parçalamaq və nəzarətdə saxlamaq məqsədilə yaradılıb: "Bu arada bir məqam da ortaya çıxır. Yəni Qərb Milli Şuraya necə yanaşacaq və "Milli Şura" ideyasından hansı məqsədlərlə istifadə edə bilər? Əsas məqsəd Milli Şuradan hakimiyyətə təzyiq vasitəsi kimi istifadə etmək və müxalifəti nəzarətdə saxlamaqdırmı? Yoxsa digər məqsədlər də var?. Bütün bunları zaman göstərəcək. Amma tam aydın olan mətləb ondan ibarətdir ki, hər hansı yeni quruma və ya siyasi vədlərə inanan xalq inamını itirəndə cəmiyyətdə müsibət baş verir". Partiya sədri onu da vurğulayıb ki, Milli Şura ideyası ilə bağlı ciddi dartışma hələ də davam edir: "Təsadüfi deyil ki, Milli Şura ideyasının Kremilin layihəsi, onun tərəfdarlarının isə Rusiya casusu olduqlarını dilinə gətirənlər də var. Ancaq burada bir məqama da diqqət çəkmək lazımdır. Heç kimə sirr deyil ki, Kremlin Azərbaycana indinin özündə də müəyyən təsirləri mövcuddur. Guya Kremlin Azərbaycana təsir imkanları elə daralıb ki, ümid qalıb "Milli Şura"-ya?" Mayis Güləliyev onu da bildirib ki, sözdə seçki ilində müxalifətin birləşməsi adı ilə ortaya atılan Milli Şura tezliklə yarandığı kimi də dağılacaq..
Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynov isə bildirib ki, Milli Şura Rusiyanın Azərbaycanı tamamilə öz təsir dairəsinə almaq məqsədi ilə təzyiq xarakterli bir qurumdur: " VİP olaraq Milli Şuranı Azərbaycanın suverenliyinə təhlükə kimi görürük". VİP rəsmisinin sözlərinə görə, Milli Şuranın yaradılmasına çalışanlar cəmiyyətin diqqətini Rusiya faktorundan yayındırmaq üçün şantaja əl atmağa başlayıblar: "Yəni özlərini təmizə çıxarmaq üçün onları tənqid edənləri hakimiyyətlə işbirliyində suçlamağa cəhd göstərirlər. Bu böhtanlar da təsdiqləyir ki, həmin adamlar artıq normal düşünmək və danışmaq qabiliyyətini itiriblər. Bu da onların psixoloji durumlarının pozulduğunu göstərir". Ramil Hüseynov bildirib ki, İctimai Palata yarananda bəyan edirdilər ki, parlament seçkilərinin nəticələrini ləğv edəcəklər, Azərbaycanda inqilab olacaq və s Amma indi özləri artıq etiraf edirlər ki, İctimai Palata elan etdiyi həmin məqsədə çata bilmədi: "Baxmayaraq ki, İctimai Palatada təmsil olunanlar özlərini ən güclü və cəmiyyətdə təşəbbüsü ələ alan partiyalar hesab edirdilər. Lakin göründüyü kimi, heç bir nəticə əldə edə bilmədilər. Belə siyasi fəlsəfə ilə onlar bundan sonra da heç bir nəticə əldə edə bilməyəcəklər. Hələ də bir sıra siyasilər "Əgər mənim təşəbbüsümlə qurum yaranırsa yaransın, əks halda biz orada olmayacağıq" düşüncəsi ilə hərəkət edirlər. Bu artıq müxalifət liderlərinin bir neçəsinin cılız hisslərlə yaşadıqlarının bariz nümunəsidir. Bu cür münasibətlə isə həmin qüvvələr heç vaxt irəli gedə bilməzlər".
Süleyman İsmayılbəyli