Müxalifətin bulud pinəçiləri nə yamayırlar?

"Fatihə ümmül-kitabın göstər ayası nədir

Bistü həştü sivü dü hərfin xülasası nədir?" (İmadəddin Nəsimi)

Ötən əsrin əvvəllərində çar Rusiyasında az müddətdə çox məşhurlaşan bir yazıçı vardı, adı da Maksim Peşkov. Sonralar "Qorki", yəni "Acı" təxəllüsü ilə tanındı və tanınandan sonra da yazdı ki, dalğaların təlatümlə çırpındığı dənizin üstündə, tufanın tuğyan etdiyi səmada uçan qağayı inqilab arayır. Əli Nəzmi də 1934-cü ildə təxəllüsü acı olan yazıçının həmin əsərini dilimizə tərcümə edəndə yazmışdı: "Onun nə istədiyini bilirəm, fəqət bunu oxuyanların sonradan nə istəyəcəkləri naməlum". Nəzminin sözləri qədər nizamlı və Qorkinin təxəllüsü qədər acı olan bir gerçək indi Azərbaycan müxalifətindəki beyinləri məşğul edir. Onlar birləşmək, sonra da hakimiyyətə meydan oxumaq və prezident seçkilərində qalib gəlmək istəyirlər. Əslində, normal istəkdir. Dünyanın elə bir ölkəsi yox ki, orada hakimiyyətdə olmayanlar baş verənlərə hakim olmaq istəməsinlər və bunun üçün siyasi dəridən çıxaraq vədlər qabığını unutmasınlar.
Fəqət həmin ölkələrdəki müxalifət partiyalarının bəziləri, Azərbaycanda isə hakimiyyət eşqində olanların istisnasız olaraq hamısı yalnız istəklərini nümayiş edirlər. Onlar siyasi yoxsullardır, çünki vədlər, ümidlər, bəlağətli çıxışlar və irad edilən nitqlərdən savayı əməli fəaliyyət ünsürü sayıla biləcək nəsnələri çox azdır. Olanlar arasında xüsusi yeri şəxsi maraqların təminatı, hər şeyin bahasına olsa belə, istəyə çatmaq və məqsədin bütün vasitələrə haqq qazandırması fəlsəfəsinin şüurlara hakim olmasıdır. Müxalifət siyasətçilərimiz hakimiyyəti tənqid edirlər, amma özlərinin konkret fəaliyyət proqramı yoxdur. Halbuki istənilən siyasi mövcudluğu şərtləndirən hakimiyyət "hakimlər toplusu", yəni baş verənlərə hakim olan, prosesləri idarə edən və gərəkdiyində həmin prosesləri dayandıra bilən insanlardır. Ölkəmizin iç siyasətçindəki müxalifət düşərgəsi barədə bu sözləri demək olarmı?
Bütün nikbin təxminləri və ehtimallari, hətta kiçik addımları böyüdüb, böyük səhvləri kiçiltsək belə, alınmır. Müxalifət illərdən bəri birləşmək istəyir və bu istək əsrlər əvvəlki bəşər övladının səmada buludların üstünə qalxaraq orada qanad çalmaq arzusuna bənzəyir. Həmin istəyin daha sivil interpretasiyası bataqlıqda batan baron Münhauzen təki saçlarından tutub dartmaqla özünü xilas etməyə əsla şübhə etməməkdir. Həmin baron Münhauzeni də edam etmədilər: onu topun lüləsinə qoydular və atdılar. Baron da top mərmisində Aya yollandı, məlum. Müxalifət düşərgəsinin 1993-cü ildən bəri topa tutulmuş səngərləri xatırladan, alt-üst düşərgəsində bir araya gəlmək, ittifaq, birlik yaratmaq barədə çox açıqlamalar, bəyanatlar və çağırışlar səslənib.
Bir nəticə hasil olmayıb və çətin ki, bundan sonra da hansısa konkret sonuca varıla. Səbəblər az deyil: AXCP və Müsavat partiyaları arasında zahirdə əməkdaşlıq, batində isə həddən ziyadə sərt qarşıdurma; yaradılan çeşidli "təmərküzləşmə struktur"larında təmsil olunma ilə bağlı dartışmalar, bitmək bilməyən mübahisə və ittihamlar - bir sözlə, siyahını xeyli uzatmaq olar.
Onu da unutmayaq ki, ölkə siyasətinin müxalifət düşərgəsindəki partiyaların hamısı normal siyasi fəaliyyət göstərmir və həmin strukturlarda demokratik mərkəziyyət ifadəsinin yalnız ikinci hissəsi işləkdir. Daha konkret olsaq, partiyalar bir adamın adı və çəkisi ilə bağlı olan qurumlardır. Həmin qurumlarda bütün maraqlar, fəaliyyət və prinsiplər həmin adamın mənafelərindən, onun mövqeyindən, konkret vəziyyətə uyğun olaraq dəyişən istəklərindən və tələblərindən asılıdır. Müxalifət partiyaları tərsinə çevrilmiş piramidanı xatırladırlar: aşağıda həmin partiyanın lideri, yuxarıda təşkilatın özü. Lider gedəndə təşkilat zəifləyir və bəzi hallarda dağılır, çünki təşkilatın varlığı, mövcudluğu o liderin kimliyi və kütlə arasındakı tanınmaqlıq səviyyəsi ilə bağlıdır.

Halbuki siyasi fəaliyyətin qanunu və varlıq imperativi təşkilatın liderin gedişindən dağıdıcı zərbə almamasının təminatıdır. Azərbaycan müxalifətinin bəlası, Qorkinin adından da zəbun acısı özünü lider sayan təşkilat başçıları ilə həmin qurumda təmsil olunanların maraqları arasındakı ziddiyyətlərdir. Məsələn, Müsavat və ya AXCP sıralarındakı şəxslərin böyük qismi Milli Şura adlı idefiksə,  ideya və qayəsi xaricdən idxal olan məsələyə böyük inam bəsləmir. Onlar müxalifətin əvvəlki birlik cəhdləri təki, Milli Şuranın da puç xülya olduğunu bilirlər. Amma nə olsun: adı çəkilən partiyaların liderləri Milli Şura ilə bağlı qərarlarını veriblər və həmin qərarlara qarşı çıxanlar da ən yaxşı halda opportunist, ya da bədəməl kollaborasionist sayılacaqlar. Xalqın adından danışanlar, amma illər boyu həmin xalqa boş vədlər və puç şüarlardan savayı heç nə verməyən başqa siyasətçilər də indi guya birləşmə istəyində olduqlarını deyirlər. Halbuki onların başqa çıxış yolu yoxdur. Süst, ətalətli, heç bir normal fəaliyyətin olmadığı müxalifət düşərgəsində İctimai Palatanın işi yaratdığı dalana dirəndiyindən indi aktivlik üçün yeni mənbə, ideya və hami aranır. Hamilər xaricdə olsa da, eyb etməz: təki fəaliyyət görüntüsü yaransın.
Aktivlik etməyə çalışanların dedikləri bəlağətli, xitab etdikləri insanlar üçün anlaşılmaz olsa da, eyb etməz. Əsas məsələ nə isə etməyin virtual təsvirinə nail olmaqdır. Yerdə qalanlar - yəni vətəndaşların maraqları, dövlətin mənafeyi, cəmiyyətin tələbləri və perspektivlər isə belələri üçün boş məsələlədir.

Əcəba, onlar hansı uğursuzluqlara düçar olduqlarını anlayırlarmı? milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00