Dövlət Baxçalının Şah İsmayıl haqqında sözləri Bakıda dəstək qazandı
Mübariz Göyüşlü: “Yanlışı, doğrusu ilə hər iki hökmdar, hər iki imperiya bizimdir, türk millətinindir”
5 İyun 2013 16:29 SiyasətAqil Camal: "Onun çıxışı Çaldıran döyüşü, Şah İsmayıl-Sultan Yavuz mövzusuna baxışda yeni mərhələnin başlanğıcı olacaq"
Türkiyədə hakim AKP-yə müxalifət olan Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Bahçeli maraqlı açıqlama ilı çıxış edib. Məzhəb ayrı-seçkiliynə qarşı çıxan Bahçeli ələvi-sünni ayrımına yox deyilməsini vacib sayıb, Azərbaycan tarixinin böyüş şəxsiyyəti Şah İsmayıla sayğı ilə yanaşıb. "Çaldıranda axıdılan qan türkün qanıdır. Şah İsmayıl da bizə Yavuz qədər əzizdir. Biz nə Yavuzdan, nə də Şah İsmayıldan vaz keçəriz" deyib. Onun bu açıqlama ilə çıxış etməsi Quzey Azərbaycanda rəğbətlə qarşılanıb. "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü "OLAYLAR"a açıqlamasında deyib ki, Türkiyədəki ən böyük partiyalardan olan MHP-nin başqanı Dövlət Baxçalının belə bir çıxış etməsi çox sevindircidir: "Çünki uzun illərdir ki, həm Azərbaycanda, həm də Türkiyədə tarixçilər, ictimai xadimlər, ümumiyyətlə milli düşüncəli ziyalılar Şah İsmayıl-Sultan Səlim arasında baş vermiş hadisənin şişirdilib, iki qardaş arasında nifaq salması kimi şərh olunmasına, istiqamətləndirilməsinə qarşı mübarizə aparırdılar. Bəzən Türkiyədə, bəzən də Azərbaycanda tarixçilər Sultan Səlimə və Şah İsmayıla qarşı haqsız fikirlər, açıqlamalar səsləndirməklə, kitablar, məqalələr təqdim etməklə böyük səhvlər edirdilər. Amma artıq vəziyyət get-gedə düzəlməyə doğru gedir. Hər iki tərəfdə anlayırlar ki, tarixdə baş verənlərə həmin zamanın gözüylə baxıb şərh vermək lazımdır. Yanlışı, doğrusu ilə hər iki hökmdar, hər iki imperiya bizimdir, türk millətinindir. Heç kim öz tarixi şəxsiyyətlərini alçaltmır. Biz niyə tarixdə böyük xidmətləri olmuş görkəmli hökmdarlarımızı alçaltmalıyıq". Bir müddət öncə İstanbulda tikiləcək üçüncü körpüyə "Şah İsmayılın adı verilsin" təklifi ilə çıxış etmiş "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal bildirib ki, belə bir açıqlamanın ilk dəfə olaraq Türkiyənin aparıcı partiyasının və qardaş ölkənin önəmli liderlərindən birinin dilindən səsləndirilməsi sevindirici və qürurvericidir: "Həqiqətən də, Baxçalının da dediyi kimi, belə tarixi məsələlərə həmin dövrün şərtlərindən baxmaq lazımdır. Ümid edək ki, Baxçalı tərəfindən irəli sürülən tarixi irsə sahib çıxmaq fəlsəfəsi həm Türkiyədə, həm də Azərbaycanda Çaldıran döyüşü, Şah İsmayıl-Sultan Yavuz mövzusuna baxışda yeni mərhələnin başlanğıcı üçün əhəmiyyətli rol oynayacaq".