AXCP Müsavatı parçalamaq istəyir - SİYASİ ANALİZ
Əli Kərimli Müsavatı Milli Şurada tələyə salıb, Arif Hacılı xətanı düzəlməyə çalışır
5 İyun 2013 15:13 SiyasətMilli Şura ətrafında baş verənlərə aydınlıq gəlməkdədir. Müsavat funksioneri Arif Hacılının "Milli Şuradan imtina edirəm" açıqlamasına AXCP-dən susqun reaksiyanın nədəni də bəlli olmaqdadır. Xatırladaq ki, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi "Azadlıq" qəzetinə yazdığı şərhdə Milli Şuranın "sosial sifariş olmadığını" bildirmişdi. İlk baxışdan görünən o idi ki, AXCP də Milli Şuradan narazıdı. Amma sən demə, işin içində başqa iş varmış. Arif Hacılının son günlər verdiyi ziddiyyətli açıqlamalar onu göstərir ki, Müsavat Milli Şura adlanan tələyə düşüb və vəziyyətdən çıxmağa çalışır. Öncədən qeyd edək ki, Arif Hacılının Milli Şura barədə tənqidləri, qurumun siyasi istiqaməti, xarici siyasət kursuna baxışı, tərkibi haqqında dedikləri ciddi yanaşma deyil, bəhanədir. Hər halda "Milli Şuradan imtina edirəm" deyib, ertəsi gün bunu təkzib etmək, xəbəri yaymış saytı suçlamaq, bir gün sonra yenidən "Əgər belə olsa, Şuradan imtina edəcəm" demək siyasətçi üçün ciddi hal sayılmır. Arif Hacılı bu vəziyyətə qalacaq adam deyil. Görünür, bu komanda oyunudur və İsa Qəmbərin də razılığı var. Bəs problem nədir? Arif Hacılının Milli Şuradan imtina, "Mənim namizədim İsa Qəmbərdir" bəyanatlarını diqqətlə incələdikdə bunun özfəaliyyət olmadığı aydın olur. Arif Hacılı ikili oynayaraq "Müsavat Partiyası Milli Şurada yüksək səviyyədə təmsil olunacaq" deyir. Eyni zamanda bildirir ki, "Mən İsa Qəmbərin seçki qərargahının rəhbəriyəm, bu acıdan Milli Şurada təmsil olunmağım doğru deyil". Deməli, Arif Hacılı bütün açıqlamalarını Müsavat başqanı ilə razılaşdırıb və onun açıqlaması şəxsi təşəbbüsü ola bilməz. Arif Hacılı bu açıqlama ilə təklənə, AXCP-nin qara piar hədəfinə çevrilə bilər. Amma onu arxayın ediblər ki, son anda Müsavat və müttəfiqləri Hacılını "Yurd"un qara piarından qoruyacaq. Arif Hacılı bütün diqqətini İsa Qəmbərin seçki qərargahının işinə verəcəksə, onda deməli, İsa Qəmbər seçkilərdə heç kimə güzəştə getməyəcək və kampaniyada Müsavat başqanı olaraq iştirak edəcək. Bu halda Müsavatın Milli Şuranın işində iştirakı qeyri-səmimi görünür. Gələn xəbərlərə görə, tək Arif Hacılı deyil, Arzu Səmədbəyli, Pənah Hüseyn, Rauf Arifoğlu da Müsavatın Milli Şuraya qoşulmasının əleyhinədir. Müsavat partiya olaraq qərar çıxara bilməz. Bu, Müsavatın parçalanması ilə nəticələnər. Müsavat Milli Şurada olarsa, qurumun vahid namizədini dəstəkləmək zorunda qalacaq. MŞ-ın vahid namizədi isə ya Əli Kərimli, ya da Rüstəm İbrahimov olacaq. Bəzi məlumatlara görə, AXCP sədri vahid aday olmaq üçün İbrhaimbəyovdan ilkin razılıq alıb. AXCP funksionerlərinin Milli Şuranın əhəmiyyətini azaldan yazıları isə Müsavat üçün qurulmuş tələdir. AXCP daha çox müsavatçının Milli Şuradan çıxmasını gözləyir. Gözlənilən fiqurlar da istefa verən kimi AXCP-nin təbliğat artilleriyası işə düşəcək. AXCP Müsavatı parçalamaq üçün fürsət gözləyir. AXCP üçün Müsavatın tam heyətdə Milli Şurada olması sərf etmir. Onlar Müsavatdan da KXCP_dəki kimi fraksiya qoparmaq niyyətindədirlər. Müsavat yol ayrıcındadır. Ya Milli Şuraya girib prezident seçkilərindəki iddialaırndan vaz keçməli, ya da Şuradan imtina etməklə bölünmə ilə barışmalıdır.
Ərhun Abbas