Prezident İlham Əliyev: "Ölkəmizin uğurlu enerji siyasəti çoxdan Azərbaycanın hüdudlarından kənara çıxıb"
4 İyun 2013 23:32 Siyasətİyunun 4-də Bakı Sərgi Mərkəzində Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbiri olan və öz uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının 20 illik yubileyi ulu öndərin 90 illik yubileyi ilə üst-üstə düşür. Ötən müddətdə sərgidə 70-dən çox ölkədən 5 min 600-dək şirkət iştirak etmişdir. Sərgi beynəlxalq standartlara cavab verən Bakı Ekspo Mərkəzində keçirilməyə başlayandan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisində 28 ölkədən 386 şirkət iştirak edir.
Tədbir Bakı Ekspo Mərkəzinin 3 pavilyonu ilə yanaşı, açıq meydançada da keçirilir. Ötən illə müqayisədə sərginin meydançasının sahəsi 22 faiz artmışdır. Bu tədbirdə ölkəmizin şirkətləri də ildən-ilə daha geniş təmsil olunur və cari sərgidə iştirakçıların 30 faizini yerli iqtisadi qurumlar təşkil edir. Əvvəlki sərgi ilə müqayisədə ekspozisiyaların sahəsi 25 faiz çoxdur. Sərgi iştirakçılarından 20 faizi isə bu tədbirə ilk dəfə qatılmışdır. Tədbirin təşkilatçıları Böyük Britaniyanın "İTE Group Plc" şirkəti və onun tərəfdaşı "İteca Caspian" Məhdud Məsuliyyətli Cəmiyyəti, baş sponsoru isə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətidir.
Təşkilatçılar sərginin beynəlxalq səviyyədə də dolğun işıqlandırılması üçün hərtərəfli iş aparmışlar. Sərgi və konfransın işgüzar proqramı genişdir, əməkdaşlığın daha da möhkəmləndirilməsinə hərtərəfli imkanlar açır.
Böyük Britaniyanın İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu Vud sərgi və konfransı açaraq dedi:
- Cənab Prezident! Hörmətli xanım Əliyeva!
Xanımlar və cənablar!
Mən çox sevinirəm ki, bu gün sizləri Bakıda XX neft, qaz sərgi və konfransında salamlayıram. Biz çox sevinirik ki, bu sərgi-konfrans daha böyük, daha möhtəşəm bir tədbirə çevrilmişdir və eyni zamanda, onu cənab Prezident İlham Əliyevin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bütün rəsmi şəxslərinin iştirakı ilə açırıq.
Biz 20 il bundan əvvələ baxarkən görürük ki, çox böyük bir yol keçmişik. Bu, elə bir uzun yol olmuşdur ki, əsasında beynəlxalq şirkətlər, Azərbaycan xalqı, Azərbaycan müəssisələri və sahibkarları bir-biri ilə sıx əlaqədə olmuşlar. Mən düşünürəm ki, bu il, eyni zamanda, sərgi zalında xüsusi bir bölmənin açılması çox uğurlu haldır. Bu bölmədə Azərbaycanın 90-dan artıq şirkəti və müəssisəsi bir yerə cəm olaraq bp-nin layihəsi çərçivəsində proqram iştirakçılarına çevrilir.
Mən qeyd etdim ki, 20 il ərzində çox böyük bir yol qət etmişik. Növbəti 20 il, zənnimcə, daha səmərəli, daha maraqlı olacaqdır. Biz artıq dünya enerji sistemində baş vermiş böyük dəyişikliklərin şahidi olmuşuq. Mən inanıram ki, yalnız birgə işləməklə, birgə əməkdaşlıqla və bütün təcrübələrimizin mübadiləsini təmin etməklə, birgə səylərimizlə biz daha davamlı, daha müvəffəqiyyətli layihələrə nail ola bilərik.
Mən burada işləməklə, sizinlə əməkdaşlıq etməklə istərdim növbəti iki onillikdə görəcəyimiz işlər münasibətilə sizləri təbrik edim.
İndi isə, cənab Prezident, mən çox böyük məmnuniyyətlə Sizi çıxış etmək üçün tribunaya dəvət edirəm. Çox sağ olun.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi:
- Hörmətli qonaqlar, xanımlar və cənablar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün Xəzər neft-qaz sərgisinin 20-ci ildönümüdür. Bu, böyük tarixi hadisədir. İyirmi il ərzində bu sərgi hər il daha da çox şirkəti cəlb etmişdir. Builki sərgidə 400-ə yaxın şirkət iştirak edir.
Yəni, bu, özlüyündə bir göstəricidir, onu göstərir ki, 20 il keçməsinə baxmayaraq, sərgi öz əhəmiyyətini itirməyib, əksinə onun əhəmiyyəti daha da artmışdır. Baxmayaraq ki, əsas neft və qaz müqavilələri artıq imzalanmışdır. Xarici şirkətlər uzun illər ərzində Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Buna baxmayaraq, sərginin əhəmiyyəti artmaqdadır. Əlbəttə, ənənəvi olaraq Amerika Birləşmiş Ştatlarının Prezidentinin və Böyük Britaniyanın Baş nazirinin göndərdikləri təbrik məktubları sərginin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha sübut edir.
İyirmi il ərzində Azərbaycan da böyük yol keçmişdir. Azərbaycanda enerji sektorunda böyük nailiyyətlər əldə edilmişdir. İyirmi il bundan əvvəl isə biz işin ilkin mərhələsində idik. Sərginin Azərbaycanın neft-qaz sektorunun inkişafı üçün çox böyük dəstəyi, çox böyük əhəmiyyəti olmuşdur. 1994-cü ildə ilk sərgi keçirilərkən Azərbaycan haqqında dünyada o qədər də böyük bilgilər yox idi. Yəni, neft dünyasında fəaliyyət göstərən şirkətlər bilirdilər ki, Azərbaycan qədim neft ölkəsidir, ancaq ölkəmizin real potensialı və gələcək inkişaf planları haqqında kifayət qədər məlumatlar yox idi. Biz özümüz də o vaxt bəlkə də tam şəkildə gələcəyi görə bilmirdik ki, necə olacaq, Azərbaycan necə inkişaf edəcəkdir? Halbuki, 1990-cı illərin ortalarında Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə yeni neft strategiyası işlənmiş və təqdim edilmişdi.
Məhz bu strategiyanın nəticəsidir ki, bu gün Azərbaycan qarşıda duran bütün əsas enerji məsələlərini uğurla icra edibdir. Azərbaycan öz müstəqil iqtisadiyyatını təmin edibdir, müstəqilliyini möhkəmləndirə bilibdir. Azərbaycan beynəlxalq əməkdaşlıq üçün çox gözəl məkandır. Növbəti illər üçün də bizim dəqiq planlarımız, konkret proqramlarımız vardır. İyirmi il əvvəl isə Azərbaycanın inkişafı ilə bağlı, sadəcə olaraq, proqramlar, niyyətlər var idi.
Əlbəttə, "Əsrin kontraktı"nın imzalanması tarixi hadisə, yəni, dönüş nöqtəsi idi. Təsadüfi deyil ki, 1994-cü ildə bu müqaviləyə "Əsrin kontraktı" adı verilmişdir. İndi - XXI əsrdə biz deyə bilərik ki, bu, iki əsrin kontraktıdır. Çünki bu gün də "Azəri-Çıraq-Günəşli" yataqları üzrə imzalanmış kontrakt öz əhəmiyyətini itirmir. Əksinə, bu kontraktın icrası nəticəsində açılmış yeni dəhlizlər bu gün digər layihələrin uğurlu inkişafına və reallaşmasına zəmin yaradır.
"Əsrin kontraktı"nın əhəmiyyəti haqqında kifayət qədər danışılıbdır, deyilibdir, təkrar etməyə ehtiyac yoxdur. Sadəcə olaraq qeyd etmək istəyirəm ki, ilk dəfə olaraq Azərbaycan Xəzər dənizini birgə işlənilmək üçün xarici şirkətlərə açmışdır. İlk dəfə olaraq Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən nəqliyyat infrastrukturu yaradılmışdır ki, bu da öz növbəsində, bu gün digər layihələrin uğurlu icrasına təkan vermişdir.
Biz beynəlxalq əməkdaşlıqda böyük təcrübə toplamışıq. Azərbaycanda "Əsrin kontraktı"nın icrası nəticəsində digər sektorlarda da canlanma baş vermişdir. Çox gözəl investisiya mühiti yaradılmışdır. Bu gün də Azərbaycan MDB məkanında birbaşa xarici sərmayələrin qoyuluşuna görə birinci yerdədir.
Biz neft kapitalını insan kapitalına, neft sektorunda əldə edilmiş gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldə bilmişik. Vaxtilə bəzi təhlilçilər tərəfindən deyilən Azərbaycanı "Holland sindromu", yaxud da ki, "neft lənəti" gözləyir fikirlərinin heç biri reallaşmadı. Çünki bizim düşünülmüş siyasətimiz vardır. Bizim siyasətimiz tam şəkildə Azərbaycan xalqının maraqlarını təmin edir.
Düz 17 il bundan əvvəl, 1996-cı ildə sərgi zamanı "Şahdəniz" kontraktı da imzalanmışdır. O vaxt dünyada və Avropada ümumiyyətlə, qaz amili o qədər də ciddi qəbul edilmirdi. Ona görə "Şahdəniz" kontraktının imzalanması demək olar ki, dünya miqyasında o qədər də böyük əks-səda yaratmadı. Halbuki biz bilirdik ki, vaxt gələcək Azərbaycan nəinki neft ölkəsi kimi, qaz ölkəsi kimi də özünü dünyaya təqdim edəcəkdir. Bilirdik ki, bizim çox zəngin qaz yataqlarımız vardır. Bilirdik ki, bu yataqların işlənilməsi nəticəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir.
"Şahdəniz" layihəsinin icrası nəticəsində və uğurlu beynəlxalq əməkdaşlıq nəticəsində bu gün məhz "Şahdəniz" qaz yatağı bölgədə gedən enerji təhlükəsizliyi ilə bağlı proseslərə həlledici təsir edir. Bu gün "Şahdəniz" layihəsi olmadan bölgənin enerji təhlükəsizliyini təsəvvür etmək mümkün deyildir.
Çünki biz enerji təhlükəsizliyi deyəndə ilk növbədə təbii qazı nəzərə alırıq. Əgər "Əsrin kontraktı" imzalanmasaydı və Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi, yəni bu dəhliz yaradılmasaydı, "Şahdəniz" layihəsinin icrası böyük sual altında ola bilərdi. Məhz dəhlizlərin mövcudluğu, Azərbaycan ilə Gürcüstan və Türkiyə arasındakı üçtərəfli uğurlu əməkdaşlıq nəticəsində biz "Şahdəniz" layihəsinin icrasına nail ola bildik. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsindən sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri də eyni dəhlizdə tikilmişdir. Bu gün bu kəmər və bu kəmərlə bağlı gələcək planlarımız Azərbaycan ilə Avropa arasındakı əlaqələrdə də mühüm rol oynayır.
"Şahdəniz" qaz yatağı və layihəsi dünya miqyasında ən böyük enerji layihəsidir.
"Şahdəniz"in birinci fazası uğurla icra edilir. Biz ikinci fazanın reallaşmasına yaxınıq. Bütün tərəfdaşlarla SOCAR-ın çox gözəl əməkdaşlığı vardır. Bu əməkdaşlığın yaranması da məhz "Əsrin kontraktı"ndan başlamışdır. Bu kontraktın imzalanması ilə Azərbaycan Dövlət Neft Şirkəti də beynəlxalq şirkətə çevrilmişdir. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin həm ölkə daxilində, həm dünyada çox güclü mövqeləri vardır.
Mən bu yubiley günündə xüsusilə bizim əsas tərəfdaş olan bp şirkətinin fəaliyyətini qeyd etmək istəyirəm. bp bizim strateji tərəfdaşımızdır. 1994-cü ildən bu günə qədər 20 il ərzində bp ilə SOCAR arasında çox gözəl münasibətlər yaradılmışdır. bp həm "Azəri-Çıraq-Günəşli", həm də "Şahdəniz" layihələrinin operatorudur. Digər layihələrdə də iştirak edir. Ötən 20 il ərzində bu strateji tərəfdaşlıq yüksək zirvələrə qalxmışdır. Bundan sonra da - ən azı 20 il bundan sonra da, bəlkə də ondan da çox müddət ərzində bu strateji tərəfdaşlıq davam edəcəkdir.
Bu kontraktların icrası və görülən bütün işlər, eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkətinə də imkan verdi ki, o da beynəlxalq şirkətlər kimi dünyada öz fəaliyyətini genişləndirsin.
Bu gün SOCAR-ın nəinki Azərbaycanda, müxtəlif yerlərdə böyük investisiya layihələri vardır. Bu investisiyalar Türkiyədə, Gürcüstanda, İsveçrədə, Ukraynada, Rumıniyada, Birləşmiş Ərəb Əmirliklərində uğurla icra edilir və SOCAR öz investisiya layihələrini genişləndirir. Bu, bizim üçün böyük təcrübə idi. Eyni zamanda, kontraktlar əsasında Azərbaycan kadrlarının hazırlanması işi də yüksək səviyyədə təşkil edilmişdir. Bu gün beynəlxalq konsorsiumlarda çalışanların mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. "Əsrin kontraktı"nın imzalandığı 1994-cü ildə ölkəmizin imkanları o qədər də böyük deyildi, yəni indiki kimi deyildi. Buna baxmayaraq, biz Azərbaycan üçün maksimum məqbul şərtlər təmin edə bilmişik. Eyni zamanda, investorlar üçün də gözəl şərtlər təqdim edilmişdir. Məhz buna görə bu gün mənfəət neftinin 75 faizi və gələcəkdə 80 faizi Azərbaycanın payına düşəcəkdir. Kontraktlarda Azərbaycan mütəxəssislərinin fəaliyyəti xüsusilə təsbit edilibdir.
Biz son 20 il ərzində doğrudan da böyük və uğurlu yol keçmişik. Biz hər növbəti sərgidə keçən il ərzində görülmüş işlər haqqında fikir mübadiləsi aparırıq. Yadımdadır, əvvəlki sərgilərdə biz yeni yataqların aşkarlanması haqqında danışmışıq. Çox şadam ki, "Şahdəniz" qaz yatağından sonra "Ümid" və "Abşeron" yataqları kəşf edilmişdir. Bu da ölkəmizin qaz potensialına böyük töhfədir. Hazırda Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Çox güman ki, yeni məlumatlar bu həcmi daha da artıracaqdır.
Builki sərgidə isə mən son bir il ərzində bu sahədə ən vacib hadisə olan TANAP layihəsinin başlanmasını xüsusilə qeyd etmək istəyirəm. Ötən sərgidən bir ay keçməmiş Türkiyə ilə Azərbaycan arasında TANAP müqaviləsi bağlanmışdır. TANAP layihəsinin çox böyük tarixi əhəmiyyəti vardır. Çox şadam ki, Azərbaycan əsas maliyyə yükünü öz üzərinə götürmüşdür. Beləliklə, TANAP layihəsinin icrası üçün bütün imkanlar vardır. TANAP layihəsi "Cənub qaz dəhlizi"nin tərkib hissəsidir, bəlkə də bunun əsas hissəsidir. TANAP böyük maliyyə xərcləri tələb edən layihədir. Çox böyük texniki imkanlar da ortaya qoyulmalıdır. Biz tərəfdaşlarla birlikdə bunu etməyə hazırıq və edəcəyik. TANAP layihəsi "Cənub qaz dəhlizi"nin uğurlu icrası üçün əsas şərtdir.
Eyni zamanda, TANAP layihəsinin başlanması o deməkdir ki, "Cənub qaz dəhlizi" reallaşacaqdır. Çünki "Cənub qaz dəhlizi" ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Əvvəllər də olubdur, bu gün də belədir ki, bu, reallaşacaq, ya reallaşmayacaqdır? Nə qədər böyük problemlər vardır? Doğrudan da kifayət qədər problemlər vardır. Bildiyiniz kimi, uzun illərdir ki, "Cənub qaz dəhlizi" ilə bağlı müzakirələr gedir. Müzakirələrdən başqa real addımlar atılmır. Belə olan halda biz gördük ki, əgər Azərbaycan bu dəfə də əsas məsuliyyəti öz üzərinə götürməsə, çox güman ki, elə bu danışıqlar hələ bir neçə il davam edəcəkdir. Amma biz vaxt itirə bilmərik. Çünki bu məsələlərlə bağlı zaman amili də çox önəmli rol oynayır. Ona görə Azərbaycan bu böyük məsuliyyəti öz üzərinə götürmüşdür. Bu gün TANAP layihəsinin icrası üçün heç bir əngəl yoxdur.
TANAP layihəsi, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün də çox vacib amildir. Əlbəttə, ölkəmizin bundan sonra da uzunmüddətli inkişafını təmin edəcəkdir. Bizim zəngin neft yataqlarımız vardır. Hələ onilliklər bundan sonra bu neft yataqları bizə xidmət edəcəkdir. Ancaq biz gələcəyə baxmalıyıq ki, 50 il, 60 il, 70 il bundan sonra Azərbaycan necə inkişaf edəcəkdir?!
Ona görə böyük qaz yataqlarının mövcudluğu bizə diktə edir: Bu gün biz bu böyük layihəyə böyük sərmayə qoymalıyıq ki, gələcək nəsillər bu imkanlardan istifadə etsinlər. Azərbaycanın qaz ehtiyatları ən azı bizə yüz ilə kifayət edəcəkdir, bəlkə də ondan da çox. Beləliklə, Azərbaycan Avropa üçün əvəzolunmaz qaz ixrac edən ölkəyə çevriləcəkdir. Əlbəttə, bunun həm iqtisadi, həm də digər aspektləri vardır və beləliklə, "Cənub qaz dəhlizi"nin reallaşması bizim üçün çox böyük əhəmiyyət kəsb edir.
Şadam ki, bu layihənin icrası ilə məşğul olan bütün tərəflər eyni fikirdədir. Hesab edirəm ki, biz burada dünyanın enerji ailəsinin uğurlu fəaliyyəti üçün də bir nümunə göstəririk. Çünki bizim timsalımızda istehsalçılar, tranzitçilər və istehlakçılar bir komanda şəklində fəaliyyət göstərirlər. Bizim aramızda heç bir fikir ayrılığı yoxdur. Ancaq bu üç tərəfin balanslaşdırılmış maraqlarının təmin edilməsi uğura gətirib çıxara bilər. Hesab edirəm ki, bizim bu sahədəki uğurlu təcrübəmiz öyrənilə bilər. Bu təcrübə bir daha göstərir ki, enerji siyasəti döyüş meydanına çevrilməməlidir. Enerji siyasəti əməkdaşlıq meydanına çevrilməlidir. Biz buna bu cür yanaşırıq. Hesab edirəm bizim 20 il ərzindəki təcrübəmiz sübut edir ki, əməkdaşlıq vasitəsilə böyük uğurlara nail ola bilərik.
Beləliklə, Azərbaycan, tranzit ölkələr və Avropa ölkələri "Cənub qaz dəhlizi"nin həyata keçirilməsində israrlıdırlar. 2011-ci ilin əvvəlində Azərbaycan ilə Avropa İttifaqı arasında "Cənub qaz dəhlizi" ilə bağlı strateji tərəfdaşlıq üzrə memorandum imzalanmışdır və bu memorandum uğurla icra edilir. Bir daha demək istəyirəm ki, bu, çox böyük layihədir. Bu, geosiyasi, geoiqtisadi bir layihədir. Bu layihə Avropanın enerji xəritəsinə yeni məqamlar gətirəcəkdir. Yəni, biz enerji xəritəsini birgə tərtib edirik.
Əlbəttə, biz bütün məsuliyyəti çox yaxşı dərk edirik. Qürur hissi ilə deyə bilərik çox şadıq ki, Azərbaycanda verilən qərarlar, o cümlədən bu sərgilər zamanı aparılan danışıqlar və verilən qərarlar dünya miqyasında böyük əhəmiyyətə malik olan hadisələrə çevrilir.
Bir sözlə, ölkəmizin uğurlu enerji siyasəti çoxdan Azərbaycanın hüdudlarından kənara çıxmışdır. Biz öz enerji təhlükəsizliyimizlə bağlı bütün məsələləri uğurla icra etmişik. Bir dənə də olsun həll edilməmiş məsələ yoxdur. İndi bizim bütün səylərimiz beynəlxalq enerji əməkdaşlığına verəcəyimiz töhfələrlə və qeyd etdiyim kimi, ölkəmizin bundan sonrakı uzunmüddətli inkişafını təmin etmək üçün layihələrin icrası ilə bağlıdır.
Qeyd etmək istəyirəm ki, bugünkü Azərbaycan ölkəmizdə enerji sektorunda görülən işlərin ən gözəl nümunəsidir. Ölkəmizin uğurlu inkişafı ilə bağlı çox söz deyilə bilər. Sadəcə olaraq Azərbaycan şəhərlərinə baxmaq kifayətdir ki, hər kəs görsün, doğrudan da, Azərbaycan nefti Azərbaycan xalqının milli maraqlarına xidmət edir. Hesab edirəm ki, biz çox düşünülmüş siyasətlə neftdən əldə edilmiş gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldə bilmişik. Biz insan kapitalına böyük sərmayələr qoya bilmişik. Biz bu sahədə tam şəkildə şəffaflığı təmin edə bilmişik.
Bu gün 15 ilə yaxındır ki, fəaliyyət göstərən Dövlət Neft Fondumuz dünya miqyasında suveren fondlar arasında ən qabaqcıl yerlərdədir. Şəffaflığa, idarəçiliyə və ümumiyyətlə, bütün meyarlara uyğunluğuna görə Azərbaycan Dövlət Neft Fondu sözün əsl mənasında fərqlənir.
Enerji sektorunda yaradılmış şəffaflıq əlbəttə, bizə imkan verir ki, bu müsbət təcrübəni bütün digər sahələrdə də həyata keçirək və başqa sahələrdə də bu şəffaflığı təmin edək. Biz hazırda bu məsələlər üzərində işləyirik. Neft Fondunun uğurlu fəaliyyəti bizim üçün bir stimuldur və gözəl əsasdır.
Gəlirlərin şəffaf şəkildə yığılması və şəffaf şəkildə xərclənməsi əlbəttə, şəffaflığı təmin edir, eyni zamanda, imkan verir ki, əldə edilmiş hər bir manat düzgün istifadə olunsun və Azərbaycan xalqının, ölkəmizin inkişafına yönəldilsin.
Əlbəttə, biz bu gəlirlərdən istifadə etmişik və edirik ki, ölkəmizi inkişaf etdirək. İldən-ilə Neft Fondunun gəlirləri artır. Hesab edirəm ki, bu da bizim gözəl təcrübəmizdir. Bu, ildən-ilə artır, eyni zamanda, ölkənin əsas problemlərini həll etmək üçün vəsait hər il digər sahələrə yönəldilir. Məhz buna görə hesab edirəm ki, biz indi neft amilindən asılılığımızı böyük dərəcədə azalda bilmişik. Məhz ona görə hazırda Azərbaycanın ümumi daxili məhsulunun əsas hissəsi qeyri-neft sektorunda formalaşır. Bu, çox gözəl göstəricidir, onu göstərir ki, şaxələndirmə siyasətimiz öz bəhrəsini verir. Bu ilin dörd ayının yekunları dediklərimi bir daha təsdiqləyir. Bu dörd ayda qeyri-neft sektorumuz 11 faiz artmışdır. Bu, artıq onu göstərir ki, şaxələndirmə ilə bağlı bizim bütün təşəbbüslərimiz reallaşır və ölkəmizin dayanıqlı inkişafı təmin edilir.
Biz infrastruktur layihələrinə, yeni texnologiyalara böyük vəsait qoyuruq. Biz fəzaya peyk buraxırıq. Biz ölkəmizi hərtərəfli inkişaf etdiririk. Hesab edirəm ki, növbəti illərdə "Azərbaycan - 2020" Konsepsiyasının icrası ilə bağlı ölkəmiz inkişaf etmiş ölkələrin sırasına daxil edilməlidir. Yəni, bu, bizim əsas hədəfimizdir.
Bu gün artıq Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatları arasında rəqabət qabiliyyətliliyinə görə 46-cı yerdədir. Bu gün Azərbaycanın bütün maliyyə göstəriciləri hər bir ölkə üçün nümunə ola bilər. İşsizlik 5,2 faiz, yoxsulluq 6 faiz, strateji valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizini, xarici dövlət borcu ümumi daxili məhsulun 7 faizini təşkil edir. Bir milyondan çox yeni iş yerləri açılıbdır. Bütün bunlar reallıqdır. Əlbəttə, bu nailiyyətlərin təməlində neft amili dayanır. Amma sadəcə olaraq neft amili kimi deyil, neftdən uğurla istifadə edən dövlət siyasəti dayanır. Çünki dünyada neft-qaz hasil edən, ixrac edən ölkələr çoxdur. Hesab edirəm ki, Azərbaycan təcrübəsi böyük təqdirə layiqdir.
Əminəm ki, ölkəmizin uğurlu inkişafı gələcək illərdə də davam edəcəkdir. Əminəm ki, enerji məsələlərinin həlli ilə bağlı bütün təşəbbüslərimiz reallaşacaqdır. İyirmi il ərzində görülən işlər və təcrübə onu göstərir ki, başladığımız istənilən layihə uğurla nəticələnir. O ki qaldı ölkəmizin uğurlu inkişafına, bu məsələlərlə bağlı konkret proqramlar vardır və bu proqramlar icra edilir.
Bu yubiley tədbirində Azərbaycanda fəaliyyət göstərən və xüsusilə ilk illərdə - 1990-cı illərin ortalarında bizə inanmış, Azərbaycana investisiya qoymuş və beləliklə, iqtisadi inkişafa təkan vermiş bütün şirkətlərə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Demək istəyirəm ki, Azərbaycan bundan sonra da öz strateji tərəfdaşları ilə uğurla işləyəcək, fəaliyyət göstərəcəkdir. Əminəm ki, bu sərginin əhəmiyyəti daim artacaq və gələn il biz daha da çox şirkət görəcəyik.
Sərgiyə və konfransa uğurlar arzulayıram. Sağ olun.
X X X
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar çıxış edərək dedi:
- Cənab Prezident! Xanım Əliyeva!
Hörmətli xanımlar, cənablar və qonaqlar!
Mənim üçün çox xoşdur ki, bu gün çox mühüm tədbirdə - XX yubiley sərgi və konfransında iştirak edirəm.
Mən bir sıra konfranslarda iştirak etmişəm və bir sıra təbrik məktubları da oxumuşam. Lakin ilk dəfədir ki, mən ABŞ-ın Azərbaycanda səfiri olaraq Birləşmiş Ştatların Prezidenti Barak Obamanın təbrik məktubunu Sizə oxuyacağam.
Riçard Morninqstar ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu oxudu.
X X X
Böyük Britaniya Parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarlz Hendri Azərbaycan Prezidenti İlham Əliyevi və mərasim iştirakçılarını salamlayaraq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun təbrik məktubunu oxudu.
X X X
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin pavilyonları ilə tanış oldular.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Prezident İlham Əliyevə axtarış-kəşfiyyat, qazma, nanotexnologiyalar, qaz təchizatı, neft kimyası, neft emalı, ekologiya, sosial və digər məsələlərlə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdilər. Geniş neft və qaz ixrac kəmərləri şəbəkəsinə malik Azərbaycanın strateji tərəfdaşları ilə birlikdə TANAP layihəsinin həyata keçirilməsi üçün görülən işlər dövlətimizin başçısının diqqətinə çatdırıldı.
Azərbaycan Prezidenti və xanımı ARDNŞ-in pavilyonunda ümummilli lider Heydər Əliyevin neft strategiyasının əsas məqamlarına həsr olunan bölmə ilə tanış oldular.
Böyük Britaniyanın bp şirkəti də respublikamızda səmərəli fəaliyyət göstərir, bir sıra layihələrin icrasında ARDNŞ ilə uğurla əməkdaşlıq edir. Dövlətimizin başçısına bp-nin kəşfiyyat və hasilat üzrə əsas texnoloji proqramları barədə məlumat verildi.
İqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Sumqayıt Kimya Sənaye Parkının yaradılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verdi. Qeyd olundu ki, ölkəmizdə innovativ və yüksək texnologiyaların tətbiqi əsasında rəqabətədavamlı sənaye məhsullarının istehsalı üçün silsilə tədbirlər görülür. Bu baxımdan Sumqayıt Kimya Sənaye Parkı tezliklə nəinki ölkəmizdə, eləcə də Cənubi Qafqazda və Yaxın Şərq regionunda əsas kimya sənayesi mərkəzlərindən biri olacaqdır.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya ARDNŞ-in Türkiyədə "Petkim" şirkətinin neft kimyası sahəsində dünyanın ən müasir iqtisadi qurumlarından birinə çevrilməsi üçün nəzərdə tutduğu silsilə layihələr və sosial tədbirlər barədə geniş məlumat verildi.
Fransanın 15 ildən çoxdur Azərbaycanda uğurla fəaliyyət göstərən "Total" şirkəti də ölkəmizlə əməkdaşlığını daha da möhkəmləndirmək əzmindədir və bir sıra layihələr üzərində iş aparır.
İtaliyanın SAİPEM şirkəti dənizdə və quruda genişmiqyaslı layihələrin işlənib hazırlanması və icrasında böyük təcrübəyə malikdir. Bu iqtisadi qurum ölkəmizdə "Günəşli" yatağının işlənilməsində və digər layihələrdə iştirak edir.
"Rossneft" də respublikamızın neft bazarında geniş təmsil olunmaq üçün səylərini artırır. On yeddi mindən çox əməkdaşı olan bu iqtisadi qurum neft sənayesində zəngin təcrübəyə malikdir.
"Global Energy Azerbaijan" respublikamızda quruda neft hasilatı sahəsində fəal mövqeyi ilə seçilir. Quruda neft hasilatı ilə məşğul olan bir neçə qurumun birləşərək yaratdığı bu şirkət yeni layihələr üzərində iş aparır.
On yeddi ildir fəaliyyət göstərən "Caspian Drilling Company LTD" Xəzər dənizində qazma, quyu inşası və kompleks-layihə idarəetmə xidmətləri ilə məşğuldur, gələcəkdə beynəlxalq neft və qaz layihələrində də təmsil olunmaq üçün konkret iş aparır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Türkiyə Petrolları" şirkətinin pavilyonu ilə də tanış oldular. Diqqətə çatdırıldı ki, "Əsrin müqaviləsi" imzalanandan bəri ölkəmizin neft sənayesində səmərəli fəaliyyət göstərən bu iqtisadi qurum da Azərbaycan ilə sıx əməkdaşlıq edir.
Dünyanın 36 ölkəsində fəaliyyət göstərən Norveçin "Statoil" şirkətinin pavilyonu da zənginliyi ilə seçilir. Azərbaycanda bir sıra layihələrin icrasında fəallıq göstərən bu şirkət qabaqcıl texnologiyalarını respublikamızın neft-qaz sənayesində tətbiq edir.
ABŞ-ın "Halliburton Eurasia Limited" şirkəti dünyanın enerji sektorunda ən qabaqcıl iqtisadi qurumlardan biri sayılır. Dövlətimizin başçısına və xanımına 80-dən çox ölkədə fəaliyyət göstərən bu şirkətin müvafiq layihələri barədə məlumat verildi.
Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı hərtərəfli iş aparılır. Həmin sahədə reallaşdırılan və nəzərdə tutulan silsilə layihələr Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın diqqətinə çatdırıldı.
Bildirildi ki, Bakı Ekspo Mərkəzində bp-nin təşkilatçılığı ilə "Alıcı ilə tanış ol" tədbiri də keçirilir. Başlıca məqsəd yerli şirkətlərin rəqabət qabiliyyətinin artırılması yolu ilə ölkəmizdə həyata keçirilən beynəlxalq neft-qaz layihələrində daha geniş təmsil olunmalarına təkan verməkdir.
Dövlətimizin başçısı və xanımı OMV iqtisadi qurumunun pavilyonu ilə də tanış oldular. Avstriyanın ən böyük sənaye şirkətlərindən biri olan OMV respublikamızla əməkdaşlığını genişləndirir.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Bakı Ekspo Mərkəzində xüsusi stend yaradılmışdır. Burada 1994-cü ildən bəri Xəzər neft-qaz sərgisinin keçdiyi inkişaf yolu geniş əksini tapmışdır.
Prezident İlham Əliyev Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının fəxri qonaqlar kitabını imzaladı.
Sərginin açıq havada nümayiş etdirilən ekspozisiyasında dövlətimizin başçısına "Azneftemaş" ASC-nin neft və qaz sənayesində istifadə olunan texnika və avadanlığı təqdim olundu. Qeyd edildi ki, hazırda müəssisənin məhsulları Azərbaycan və MDB bazarlarına çıxarılır. Bu məhsulların dünya bazarlarına ixracı üçün iş görülür.
Prezident İlham Əliyev sərgi və konfrans iştirakçılarına uğurlar arzuladı.
-------
13:57
Bu gün "Xəzər Neft-Qaz" sərgisinin 20-ci ildönümüdür. Bu, böyük tarixi hadisədir və 20 il ərzində bu sərgi hər il daha çox şirkətlər cəlb etmişdir və mənə verilən məlumata görə, bu dəfə 400-ə yaxın şirkət bu sərgidə iştirak edir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Xəzər Neft və Qaz 2013" sərgisinin açılışında çıxışı zamanı deyib.
Prezident bildirib ki, bu, özlüyündə bir göstəricidir və onu göstərir ki, 20 il keçməsinə baxmayaraq sərgi öz əhəmiyyətini itirməyib, əksinə, bu əhəmiyyət daha da artmışdır:
"Əsas neft və qaz müqavilələrinin artıq imzalanmasına, xarici şirkətlərin Azərbaycanda uzun illər ərzində uğurla fəaliyyət göstərmələrinə baxmayaraq, sərginin əhəmiyyəti artmaqdadır. Və əlbəttə, ənənəvi olaraq Amerika Birləşmiş Ştatları Prezidentinin və Böyük Britaniyanın Baş nazirinin sərgiyə göndərdikləri təbrik məktubları sərginin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha sübut edir. 20 il ərzində Azərbaycan böyük bir yol keçmişdir, Azərbaycanda enerji sektorunda böyük nailiyyətlər əldə edilmişdir. 20 il bundan əvvəl isə biz işin ilkin mərhələsində idik və sərginin Azərbaycanın neft-qaz sektorunun inkişafı üçün çox böyük dəstəyi, əhəmiyyəti olmuşdur. 1994-cü ildə ilk sərgi keçirilərkən Azərbaycan haqqında dünyada o qədər də böyük bilgilər yox idi. Yəni neft dünyasında fəaliyyət göstərən şirkətlər bilirdilər ki, Azərbaycan qədim neft ölkəsidir. Ancaq ölkəmizin real potensialı və gələcək inkişaf planları haqqında kifayət qədər məlumatları yox idi. Və biz özümüz də o vaxt bəlkə də tam şəkildə gələcəyi görə bilmirdik, necə olacaq, Azərbaycan necə inkişaf edəcək. Baxmayaraq ki, 90-cı illərin ortalarında Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə yeni neft strategiyası işlənmiş və təqdim edilmişdir".
İlham Əliyevin sözlərinə görə, məhz bu strategiyanın nəticəsidir ki, bu gün Azərbaycan qarşıda duran bütün əsas enerji məsələlərini uğurla icra edib, Azərbaycan öz müstəqil iqtisadiyyatını təmin edib, müstəqilliyini möhkəmləndirə bilib: "Azərbaycan beynəlxalq əməkdaşlıq üçün çox gözəl məkandır. Növbəti illər ərzində də bizim dəqiq, konkret planlarımız var. 20 il əvvəl isə Azərbaycanın inkişafı ilə bağlı sadəcə olaraq proqramlar, niyyətlər var idi. Əlbəttə, "Əsrin müqaviləsi"nin imzalanması tarixi hadisə idi, dönüş nöqtəsi idi. Təsadüfi deyil ki, 1994-cü ildə bu müqaviləyə "Əsrin müqaviləsi" adı verilib. İndi, 21-ci əsrdə biz deyə bilərik ki, bu, iki əsrin müqaviləsidir. Çünki bu gün də "Azəri-Çıraq-Günəşli" yataqları üzrə imzalanmış müqavilə öz əhəmiyyətini itirmir. Əksinə, bu müqavilənin icrası nəticəsində açılmış yeni dəhlizlər bu gün digər layihələrin uğurlu inkişafına və reallaşmasına zəmin yaradır. "Əsrin müqaviləsi"nin əhəmiyyəti haqqında kifayət qədər danışılıb, deyilib, təkrar etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, qeyd etmək istəyirəm ki, ilk dəfə olaraq, Azərbaycan Xəzər dənizini birgə işləmək üçün xarici şirkətlər üçün açıb. Və ilk dəfə olaraq, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən nəqliyyat infrastrukturu yaradılıb ki, bu da öz növbəsində bu gün digər layihələrin uğurlu inkişafına təkan verib".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq əməkdaşlıqda böyük təcrübə toplayıb: "Azərbaycanda "Əsrin müqaviləsi"nin icrası nəticəsində digər sektorlarda da canlanma baş verib. Çox gözəl investisiya iqlimi yaradılıb və bu gün də Azərbaycan MDB məkanında birbaşa xarici sərmayələrin qoyuluşuna görə birinci yerdədir. Biz neft kapitalını insan kapitalına, neft sektorunda əldə edilmiş gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldə bilmişik. Vaxtilə bəzi təhlilçilər tərəfindən deyilən "Azərbaycanı "holland sindromu", yaxud da ki, "neft lənəti" gözləyir" kimi fikirlərin heç biri reallaşmadı. Çünki bizim düşünülmüş siyasətimiz vardır və bizim siyasətimiz tam şəkildə Azərbaycan xalqının maraqlarını təmin edir".
Dövlət başçısı bildirib ki, 17 il bundan əvvəl, 1996-cı ildə sərgi zamanı "Şahdəniz" müqaviləsi də imzalanmışdır: "O vaxt dünyada və Avropada ümumiyyətlə qaz amili o qədər də ciddi qəbul edilmirdi. Ona görə "Şahdəniz" müqaviləsinin imzalanması, demək olar ki, dünya miqyasında o qədər də böyük əks-səda yaratmadı. Halbuki, biz bilirdik ki, vaxt gələcək və Azərbaycan özünü dünyaya nəinki neft ölkəsi kimi, qaz ölkəsi kimi də təqdim edəcək. Bilirdik ki, bizim çox zəngin qaz yataqlarımız var və bu yataqların işlənilməsi nəticəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir. Və "Şahdəniz" layihəsinin icrası və uğurlu beynəlxalq əməkdaşlıq nəticəsində bu gün məhz "Şahdəniz" qaz yatağı bölgədə gedən enerji təhlükəsizliyi ilə bağlı proseslərə həlledici təsir edir. Bu gün "Şahdəniz" layihəsi olmadan bölgənin enerji təhlükəsizliyini təsəvvür etmək mümkün deyil. Çünki enerji təhlükəsizliyi deyəndə ilk növbədə təbii qazı nəzərdə tuturuq. Əgər "Əsrin müqaviləsi" imzalanmasaydı və Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi, yəni bu dəhliz yaradılmasaydı, "Şahdəniz" layihəsinin icrası böyük sual altında ola bilərdi. Məhz dəhlizlərin mövcudluğu, Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı üçtərəfli uğurlu əməkdaşlıq nəticəsində "Şahdəniz" layihəsinin icrasına nail ola bildik. Və 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsindən sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri də eyni dəhlizdə tikilmişdir".
Prezident vurğulayıb ki, bu gün bu kəmər və onunla bağlı gələcək planlarımız Azərbaycanla Avropa arasında olan əlaqələrdə də mühüm rol oynayır: ""Şahdəniz" qaz yatağı dünya miqyasında ən böyük enerji layihəsidir. Layihənin birinci mərhələsi uğurla icra edilir, ikinci mərhələnin reallaşmasına yaxınıq. ARDNŞ-nin bütün tərəfdaşlarla çox gözəl əməkdaşlığı vardır. Bu əməkdaşlığın yaranması da "Əsrin müqaviləsi"ndən başlamışdır. Bu müqavilənin imzalanması ilə ARDNŞ də beynəlxalq şirkətə çevrilmişdir. Bu gün ARDNŞ-nin həm ölkə daxilində, həm də dünyada çox güclü mövqeləri vardır.
Mən bu yubiley günündə, bizim əsas tərəfdaşımız olan bp şirkətinin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. bp bizim strateji tərəfdaşımızdır. 1994-cü ildən bu günə qədər 20 il ərzində bp ilə ARDNŞ arasında çox gözəl münasibətlər yaradılmışdır. bp həm "Azəri-Çıraq-Günəşli", həm də "Şahdəniz" layihələrinin operatorudur, digər layihələrdə də iştirak edir. 20 il ərzində bu strateji tərəfdaşlıq yüksək zirvələrə qalxmışdır. Bundan ən azı 20 il sonra da, bəlkə, ondan artıq müddət ərzində bu strateji tərəfdaşlıq davam edəcəkdir".
İlham Əliyev bildirib ki, bu müqavilələrin icrası və bütün görülən işlər eyni zamanda ARDNŞ-yə də beynəlxalq şirkət kimi dünyada öz fəaliyyətini genişləndirməyə imkan verdi: "Bu gün ARDNŞ-nin nəinki Azərbaycanda, müxtəlif ölkələrdə də böyük investisiya layihələri vardır. Bu investisiyalar Türkiyədə, Gürcüstanda, İsveçrədə, Ukraynada, Rumıniyada, Birləşmiş Ərəb Əmirliklərində uğurla həyata keçirilir və ARDNŞ öz investisiya layihələrini genişləndirir. Bu, bizim üçün böyük təcrübə idi.
Eyni zamanda, müqavilələr əsasında Azərbaycanda kadrların hazırlanması işi də yüksək səviyyədə təşkil edilmişdir. Bu gün beynəlxalq konsorsiumlarda çalışanların mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. "Əsrin müqaviləsi"nin 1994-cü ildə imzalanmasına baxmayaraq, həmin il ölkəmizin imkanları o qədər də böyük deyildi, yəni indiki kimi deyildi. Buna baxmayaraq, biz Azərbaycan üçün maksimum məqbul şərtlər təmin edə bilmişik. Eyni zamanda, investorlar üçün də gözəl şərtlər təqdim edilmişdir. Məhz buna görə müqavilədən gələn gəlirin 80 faizi gələcəkdə Azərbaycanın payına düşəcək və müqavilələrdə Azərbaycan mütəxəssislərinin fəaliyyəti xüsusilə təsbit edilib".
Prezidentin sözlərinə görə, son 20 il ərzində doğrudan da, böyük və uğurlu yol qət edilib: "Biz hər növbəti sərgidə keçən il ərzində görülmüş işlər haqqında fikir mübadiləsi aparırıq. Yadımdadır, əvvəlki sərgidə yeni yataqların aşkarlanması haqqında biz danışmışıq. Çox şadam ki, "Şahdəniz" qaz yatağından sonra "Ümid" və "Abşeron" yataqları kəşf edilmişdir və bu da ölkəmizin qaz potensialına böyük töhfədir. Hazırda Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Çox güman ki, yeni məlumatlar bu həcmi daha da artıracaq.
Prezident builki sərgidə isə son bir il ərzində bu sahədə görülmüş ən vacib hadisə olan TANAP layihəsinin başlanmasını xüsusilə qeyd etmək istədiyini bildirib:
"Keçən sərgidən bir ay keçməmiş Türkiyə ilə Azərbaycan arasında TANAP müqaviləsi bağlanmışdır. Bu layihənin çox böyük, tarixi əhəmiyyəti var. Çox şadam ki, Azərbaycan əsas maliyyə yükünü öz üzərinə götürmüşdür və beləliklə, TANAP layihəsinin icrası üçün bütün imkanlar vardır. TANAP layihəsi Cənub Qaz Dəhlizinin bir tərkib hissəsidir və bəlkə, bunun əsas hissəsidir. Bu layihə böyük maliyyə xərcləri tələb edən layihədir. Çox böyük texniki imkanlar da ortaya qoyulmalıdır. Biz tərəfdaşlarla birlikdə bunu etməyə hazırıq və bunu edəcəyik. TANAP layihəsi Cənub Qaz Dəhlizinin uğurlu icrası üçün əsas şərtdir. Eyni zamanda, bu layihənin başlanması o deməkdir ki, Cənub Qaz Dəhlizi reallaşacaqdır. Çünki Cənub Qaz Dəhlizi ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Əvvəllər də olub, bu gün də belədir ki, bu layihə reallaşacaq, ya reallaşmayacaq? Doğrudan da, kifayət qədər problem var. Bildiyiniz kimi, uzun illərdir ki, Cənub Qaz Dəhlizi ilə bağlı müzakirələr gedir və müzakirələrdən başqa real addımlar atılmır. Belə olan halda biz gördük ki, Azərbaycan bu dəfə əsas məsuliyyəti öz üzərinə götürməsə, çox güman ki, bu danışıqlar hələ bir neçə il də davam edəcəkdir. Amma biz vaxt itirə bilməzdik. Çünki bu məsələlərlə bağlı zaman amili də çox önəmli rol oynayır. Ona görə də Azərbaycan bu böyük məsuliyyəti öz üzərinə götürmüşdür və bu gün TANAP layihəsinin icrası üçün heç bir əngəl yoxdur.
TANAP layihəsi eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün də çox vacib amildir və əlbəttə, ölkəmizin bundan sonra da uzunmüddətli inkişafını təmin edəcək. Bizim zəngin neft yataqlarımız vardır və bu neft yataqları hələ onilliklər bundan sonra bizə xidmət edəcək. Ancaq biz gələcəyə baxmalıyıq, 50 il, 60 il, 70 il bundan sonra Azərbaycan necə inkişaf edəcək? Ona görə böyük qaz yataqlarının mövcudluğu bizə diqtə edir ki, biz bu gün bu böyük layihəyə sərmayə qoymalıyıq ki, gələcək nəsillər bu imkanlardan istifadə etsinlər".
İlham Əliyev qeyd edib ki, Azərbaycanın qaz ehtiyatları bizə ən azı 100 il, bəlkə də ondan da çox kifayət edəcək: "Və beləliklə, Azərbaycan Avropa üçün əvəzolunmaz qaz ixrac edən ölkəyə çevriləcək. Əlbəttə, bunun həm iqtisadi, həm digər aspektləri var. Beləliklə, Çənub Qaz Dəhlizinin reallaşması bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Şadam ki, bu layihənin icrası ilə məşğul olan bütün tərəflər eyni fikirdədir və hesab edirəm ki, biz burada dünyanın enerji ailəsinin uğurlu fəaliyyəti üçün də bir nümunə göstəririk. Çünki bizim timsalımızda istehsalçılar, tranziti həyata keçirənlər və istehlakçılar bir komanda şəklində fəaliyyət göstərirlər. Bizim aramızda heç bir fikir ayrılığı yoxdur. Yalnız bu üç tərəfin balanslaşdırılmış marağının təmin edilməsi uğura gətirib çıxara bilər. Hesab edirəm ki, bizim bu sahədəki uğurlu təcrübəmiz öyrənilə bilər. Bu təcrübə bir də göstərir ki, enerji siyasəti döyüş meydanına çevrilməməlidir. Enerji siyasəti əməkdaşlıq meydanına çevrilməlidir. Biz buna bu cür yanaşırıq və hesab edirəm ki, bizim 20 il ərzindəki təcrübəmiz sübut edir ki, əməkdaşlıq vasitəsilə böyük uğurlara nail ola bilərik.
Beləliklə, Azərbaycan, tranzit ölkələr və Avropa ölkələri Çənub Qaz Dəhlizinin həyata keçirilməsində israrlıdırlar. 2011-ci ilin əvvəlində Azərbaycanla Avropa İttifaqı arasında Cənub Qaz Dəhlizi ilə bağlı strateji tərəfdaşlıq üzrə memorandum imzalanmışdı. Bu memorandum uğurla icra edilir. Bir daha demək istəyirəm ki, bu, çox böyük, geosiyasi, geoiqtisadi bir layihədir".
Dövlət başçısı bildirib ki, bu layihə Avropanın enerji xəritəsinə yeni məqamlar gətirəcək: "Yəni enerji xəritəsini biz birgə tərtib edirik. Əlbəttə, biz bütün məsuliyyəti çox yaxşı dərk edirik. Qürur hissi ilə deyə bilərik ki, şadıq ki, Azərbaycanda verilən qərarlar, o cümlədən bu sərgilər zamanı aparılan danışıqlar və qəbul edilən qərarlar dünya miqyasında böyük əhəmiyyətə malik olan hadisələrə çevrilir. Bir sözlə, ölkəmizin uğurlu enerji siyasəti çoxdan Azərbaycanın hüdudlarından kənara çıxıb. Biz öz enerji təhlükəsizliyimizlə bağlı bütün məsələləri uğurla icra etmişik. Bir dənə də olsun həll edilməmiş məsələ yoxdur. Və indi bizim bütün səylərimiz beynəlxalq enerji əməkdaşlığına verəcəyimiz töhfələrlə bağlıdır.
Qeyd etmək istəyirəm ki, bugünkü Azərbaycan enerji sektorunda görülən işlərin ən gözəl nümunəsidir. Ölkəmizin uğurlu inkişafı ilə bağlı çox söz deyilə bilər. Sadəcə olaraq, Azərbaycan şəhərlərinə baxmaq kifayətdir ki, hər kəs görsün ki, doğrudan da Azərbaycan nefti Azərbaycan xalqının milli maraqlarına cavab verir. Hesab edirəm ki, düşünülmüş siyasətlə neftdən əldə edilmiş gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldə bilmişik. Biz insan kapitalına böyük sərmayələr qoya bilmişik. Biz bu sahədə tam şəkildə şəffaflığı təmin edə bilmişik və bu gün 15 ilə yaxın fəaliyyət göstərən Dövlət Neft Fondumuz dünya miqyasında suveren fondlar arasında ən qabaqcıl yerlərdədir. Şəffaflığa, idarəçiliyə və bütün meyarlara uyğunluğuna görə Azərbaycan Dövlət Neft Fondu sözün əsl mənasında fərqlənir. Enerji sektorunda yaradılmış şəffaflıq bizə imkan verir ki, bu müsbət təcrübəni bütün digər sahələrə də keçirək, başqa sahələrdə də bu şəffaflığı təmin edək. Hazırda bu məsələlər üzərində işləyirik. Dövlət Neft Fondunun uğurlu fəaliyyəti bizim üçün bir stimuldur və gözəl əsasdır. Gəlirlərin şəffaf şəkildə yığılması və şəffaf şəkildə xərclənməsi, əlbəttə ki, şəffaflığı təmin edir. Eyni zamanda imkan verir ki, hər bir əldə edilmiş manatdan düzgün istifadə olunsun və Azərbaycan xalqının, ölkəmizin inkişafına yönəldilsin. Əlbəttə, biz bu gəlirlərdən istifadə etmişik və edirik ki, ölkəmizi inkişaf etdirək".
İlham Əliyevin sözlərinə görə, ildən-ilə Dövlət Neft Fondunun gəlirləri artır və bu da bizim gözəl təcrübəmizdir. Eyni zamanda hər il ölkənin əsas problemlərini həll etmək üçün vəsait digər sahələrə yönəldilir: "Məhz buna görə biz neft amilindən asılılığımızı böyük dərəcədə azalda bilmişik, məhz ona görə hazırda Azərbaycanın ümumdaxili məhsulunun əsas hissəsi qeyri-neft sektorunda formalaşır. Bu, çox gözəl göstəricidir və onu göstərir ki, şaxələndirmə siyasətimiz öz bəhrəsini verir. Bu ilin dörd ayının yekunları bir daha dediklərimi təsdiqləyir. Bu dörd ayda qeyri-neft sektorumuz 11 faiz artmışdır. Bu artıq onu göstərir ki, şaxələndirmə ilə bağlı bizim bütün təşəbbüslərimiz reallaşır və ölkəmizin dayanıqlı inkişafı təmin edilir. Biz infrastruktur layihələrinə, yeni texnologiyalara böyük vəsait qoyuruq, biz fəzaya peyk buraxırıq, biz ölkəmizi hərtərəfli inkişaf etdiririk".
Prezident hesab edir ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının icrası ilə bağlı növbəti illərdə Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil edilməlidir, yəni bu, Azərbaycanın əsas hədəfidir: "Bu gün artıq Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatları arasında rəqabətqabiliyyətliliyinə görə 46-cı yerdədir, bu gün Azərbaycanın bütün maliyyə göstəriciləri hər bir ölkə üçün nümunə ola bilər. İşsizlik 5,2 faiz, yoxsulluq 6 faiz, strateji valyuta ehtiyatları ümumidaxili məhsulun 70 faizini təşkil edir, xarici dövlət borcu ümumidaxili məhsulun yeddi faizini təşkil edir, bir milyondan çox yeni iş yerləri açılıb. Bütün bunlar reallıqdır və əlbəttə, bu nailiyyətlərin təməlində neft amili dayanır. Amma sadəcə olaraq neft amili deyil, neftdən uğurla istifadə edən dövlət siyasəti dayanır. Çünki dünyada neft-qaz hasil edən, ixrac edən ölkələr çoxdur və hesab edirəm ki, Azərbaycanın təcrübəsi böyük təqdirə layiqdir. Mən əminəm ki, gələcək illərdə də ölkəmizin uğurlu inkişafı davam edəcək, enerji məsələlərinin həlli ilə bağlı əminəm ki, bizim bütün təşəbbüslərimiz reallaşacaq. 20 il ərzində görülən işlər və təcrübə onu göstərir ki, başladığımız istənilən layihə uğurla nəticələnir. O ki qaldı ölkəmizin uğurlu inkişafına, bu məsələlərlə bağlı konkret proqramlar var və bu proqramlar icra edilir. Bu yubiley tədbirində Azərbaycanda fəaliyyət göstərən və xüsusilə ilk illərdə, 90-cı illərin ortalarında bizə inanmış və Azərbaycana investisiya qoymuş və beləliklə, iqtisadi inkişafa təkan vermiş bütün şirkətlərə mən xüsusi minnətdarlığımı bildirmək istəyirəm və demək istəyirəm ki, bundan sonra da Azərbaycan öz strateji tərəfdaşları ilə uğurla işləyəcək, fəaliyyət göstərəcək. Əminəm ki, bu sərginin əhəmiyyəti daim artacaq və gələn il biz daha da çox şirkət görəcəyik. Sərgiyə və konfransa uğurlar arzulayıram. Sağ olun!"
----------
11:44
Bu gün "Xəzər Neft-Qaz" sərgisinin 20-ci ildönümüdür. Bu, böyük tarixi hadisədir və 20 il ərzində bu sərgi hər il daha çox şirkətlər cəlb etmişdir və mənə verilən məlumata görə, bu dəfə 400-ə yaxın şirkət bu sərgidə iştirak edir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Xəzər Neft və Qaz 2013" sərgisinin açılışında çıxışı zamanı deyib.
---------
11:20
AzərTAc xəbər verir ki, iyunun 4-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbir olan və öz uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası ("Caspian Oil and Gas") sərgi və konfransı işə başlamışdır.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
Mərasimi Böyük Britaniyanın İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu Vud açdı.
Dövlətimizin başçısı açılış mərasimində nitq söylədi.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Prezident Barak Obamanın təbrik məktubunu oxudu.
Sonra Böyük Britaniyanın Baş nazirinin xüsusi diplomatik elçisi Çarlz Hendri Baş nazir Devid Kemeronun təbrik məktubunu oxudu.
Daha sonra dövlətimizin başçısı və xanımı sərginin pavilyonları ilə tanış oldular.
Məlumat verildi ki, bu il "Caspian Oil and Gas" sərgisinin yubileyi əlamətdar bir tarix - sərginin banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşür. İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində keçirilmişdir. Həmin dövrdə ümummilli lider Heydər Əliyev bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləmişdir və o vaxtdan etibarən, "Caspian Oil and Gas" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, gələcək əməkdaşlığa dair sazişlərin və müqavilələrin imzalandığı meydançaya çevrilmişdir. Sərgi və konfransın iştirakçıları siyahısında dünyanın neft və energetika sektorunun aparıcı şirkətləri yer alır. Keçirildiyi illər ərzində sərgidə dünyanın 70-dən çox ölkəsindən 5 min 600 şirkət iştirak etmişdir.
Diqqətə çatdırıldı ki, bu il öz yubileyini qeyd edən "Caspian Oil and Gas" sərgisində neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi ilə məşğul olan, habelə servis xidmətləri göstərən dünyanın 27 ölkəsindən 386 şirkət iştirak edir. Onlar arasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ), "bp-Azerbaijan", OMV, "Total", TPAO, "Statoil", "Petkim", RWE və bir çox digər şirkətlər yer alır. Sərgi Bakı Ekspo Mərkəzinin 3 pavilyonunda, eləcə də komplekslə yanaşı açıq meydançada keçirilir. Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya kimi 5 ölkə sərgidə öz milli qrupları ilə təmsil olunur. Ötən illə müqayisədə sərgi meydançasının həcmi 22 faiz, eksponentlərin ümumi sayı isə 25 faiz artmışdır. Daha öncə Azərbaycan bazarında fəaliyyət göstərməyən və ümumi iştirakçıların 20 faizini təşkil edən yeni şirkətlər isə sərgiyə marağın böyük olduğunu göstərir.
Qeyd edildi ki, burada ən yeni neft-qaz avadanlığı, neftçıxarma və enerji daşıyıcılarının nəqli sahəsində qabaqcıl texnologiyalar nümayiş etdirilir. Bundan başqa, sərgi iştirakçılarına Azərbaycanda hazırda reallaşdırılan və gələcək layihələr də təqdim olunur.
Bildirildi ki, sərginin keçirildiyi illər ərzində sevindirici hal ondan ibarətdir ki, bu tədbirə qatılan yerli şirkətlərin sayı ildən-ilə artır və bu il onlar sərgi iştirakçılarının ümumi sayının 30 faizini təşkil edirlər. İyirmi şirkətin sponsorluq etdiyi sərginin baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "qızıl sponsor"ları isə "bp-Azerbaijan" və "Statoil" şirkətləridir. Həmçinin dünyanın müxtəlif ölkələrindən onlarla aparıcı kütləvi informasiya vasitəsi sərgi və konfransa informasiya dəstəyi göstərir.
Diqqətə çatdırıldı ki, sərgi çərçivəsində keçiriləcək konfransın işgüzar proqramı da genişdir. Bu il konfrans neft-qaz bazarının yeni inkişaf təmayülləri, Xəzər dənizi regionunun potensialı və üstünlükləri, habelə dünyada enerji təhlükəsizliyi problemlərinin həlli perspektivlərini qiymətləndirmək üçün imkan yaradacaqdır.
----------
09:52
Bu gün "Bakı Ekspo Mərkəzi"ndə beynəlxalq "Xəzər Neft və qaz, Neftayırma və Neft kimyası" ("Caspian Oil and Gas") sərgi və konfransı öz işinə başlayıb. Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin açılışında iştirak edirlər.
Qeyd edək ki, 20 illik yubileyini qeyd edən Beynəlxalq "Caspian Oil and Gas" sərgisi neft-qaz yataqlarının kəşfi və işlənməsi ilə məşğul olan, həmçinin servis xidmətlərini göstərən dünyanın 28 ölkəsindən 386 şirkəti birləşdirir.
İyunun 7-dək davam edən sərgi və konfrans hər il dünya neft sənayesi liderlərini öz meydançasında bir araya toplamaqla bütün diqqəti Azərbaycana yönəldir.
Bu il "Xəzər Neft və Qaz" sərgisinin yubileyi əlamətdar bir tarix - sərginin banisi və onun ideoloji ilham mənbəyi olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşür. İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində keçirilib. Həmin dövrdə ümummilli lider Heydər Əliyev bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləmişdir və o vaxtdan etibarən, "Xəzər Neft və Qaz" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin