“İşğal olunmuş ərazilər” barədə qanun aranı qarışdırdı
4 İyun 2013 17:44 Siyasət"İşğal olunmuş ərazilərlə bağlı qanunun hazırlanması və qəbul edilməsi bir fikirdir. İstər millət vəkilləri, istər adi vətəndaşlar bu fikirləri səsləndirə bilərlər və bu fikirlər də dəfələrlə səslənib". Bunu deyən Milli Məclis sədrinin müavini Bahar Muradovanın sözlərinə görə, son günlərədək parlamentə bu fikri bütövlükdə özündə etdirən qanun layihəsi daxil olmayıb: "Ona görə hansısa mövcud qanun layihəsi, onun maddələri, hansı məsələni necə nəzərdə tutması ilə bağlı mətbuatda gedən müzakirələri absurd sayıram. İndi ortada olmayan bir layihə nəyi, necə nəzərdə tutur və sair məqamlarla bağlı müzakirə açmaq, sonra onun özünə münasibət bildirmək, bundan sonra da kimlərisə ittiham etmək doğru deyil. Bu da bizi istəməyənlərin əlinə çox gözəl bir fürsət verir, daha doğrusu, artıq ölkədən kənarda bu məsələlər çox ciddi şəkildə şişirdilir ki, bəli, Azərbaycanda ermənilərə salam verən adamları həbsə atacaqlar. Odur ki, belə lazımsız müzakirələrin hesab edirəm ki, yeri yoxdur. Amma bir ideya kimi bu fikirlər irəli sürülə bilər. Bu fikirləri əsaslandıranlar da konkret arqumentlərlə çıxış etməlidirlər. Eyni zamanda, ortada da konkret qanun layihəsi olmadığı halda, belə bir sənədin Məclisdə olması və qəbul edilməsi ilə bağlı müzakirə ediləcək kimi fikirlər hesab edirəm ki, doğru deyil".