QHT icra hakimiyyətlərinin internet səhifələrinin monitorinqini aparır
Rəfail Becanov: “Mənfi məqamlar ortaya çıxıb”
4 İyun 2013 16:38 Siyasətİnsan Hüquqları və Maarifçilik İctimai Birliyi (İHMİB) iyunun 4-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Yerli icra hakimiyyətlərində Açıq Hökumətin təşviqi ilə bağlı İctimai Müzakirələrin təşkili" layihəsi çərçivəsində növbəti tədbirini keçirib. Təşkilat sədri və layihə rəhbəri Rəfail Becanov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə "Açıq Hökumətin təşviqi"nə dair 2012-1015-ci illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib. Bu sənədə xüsusi əhəmiyyət verən İHMİB də QHT-lərlə Dövlət Dəstəyi Çurasının dəstəyilə sənədin təşviqatının aparmağı qarşısına məqsəd qoyub. R.Becanov qeyd edib ki, Milli Fəaliyyət Planında ciddi məsələlər əks olunub: "Bu planın əsas 20 sentyabr 2010-cu ildə bir neçə dövlət İnsan hüquqları haqqında Ümumdünya Bəyannaməsində təsbit olunmuş prinsiplərə, korrupsiyaya qarşı BMT Konvensiyasına və insan hüquqları, yaxşı idarəetmə ilə bağlı digər - müvafiq beynəlxalq sənədlərə sadiq qalan Açıq Hökumət Tərəfdaşlığı üzvləri olaraq Bəyannamə qəbul etmiş 8 dövlətin imzaladığı sənədə qoşulmaqdır. Azərbaycan da daxil olmaqla bu Bəyannaməyə qoşulan üzv dövlətlərin sayı 55-dir. Vətəndaş Cəmiyyətləri İnstitutları ilə əməkdaşlığın təkmilləşdirilməsi üçün müvafiq şuraların və ya əməkdaşlıq şəbəkələrinin yaradılması, ictimai iştirakçılığı genişləndirmək üçün internet səhifələrindən istifadə edilməsi kimi mühüm vəzifələrin sənəddə ehtiva edilməsi müsbət irəliləyişlərdir". Layihə rəhbəri bildirib ki, layihə çərçivəsində "Facebook" sosial şəbəkəsində "Açıq Hökumət" qrupu yaradılıb və orada bununla əlaqədar müxtəlif sənədlər yerləşdirilib. O, qeyd etdi ki, layihə çərçivəsində 4 icra (Yasamal, Nərimanov, Abşeron və Sumqayıt) hakimiyyətinin internet səhifəsində monitorinq aparılıb. Bir sıra müsbət və mənfi məqamlar ortaya çıxıb. İctimai müzakirədə Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşı Fərid Məmmədov və digər iştirakçılar, layihə və mövzu ilə bağlı fikirlərini bildiriblər. çıxışçılar Açıq Hökumətin təşviqini alqışladıqlarını və bunun vətəndaş cəmiyyətinin inkişafına yönəlik təsirlərindən danışıblar. ("OLAYLAR" İA)