“Qarabağdan Anadoluya könül körpüsü”

Qənirə Paşayevanın təşkilatçılığı ilə qaçqın və məcburi köçkün ailələri üçün konsert keçirilib

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin (ABAİ İB) ümummilli lider Heydər Əliyevin 90 illiyi,  Azərbaycan  Xalq  Cümhuriyyətinin 95 illik, habelə Azərbaycan Xalq Cümhuriyyəti ilə Türkiyə Cümhuriyyəti arasında imzalanmış və Xalq Cümhuriyyətinin ilk xarici müqaviləsi olaraq tarixə keçmiş "Tarixi anlaşma"nın imzalanmasının 95 illik əlamətdar yubileyi münasibəti ilə "Qarabağdan Anadoluya könül körpüsü" adlı möhtəşəm konsert proqramı keçirilib. Türkiyənin tanınmış sənətçisi Oya Ergünün öz zəngin repertuarı  ilə səhnə aldığı konsert şəhid ailələri, qaçqın və məcburi köçkün ailələri üçün təşkil olunub. Tədbir çərçivəsində sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Emre Dündara aid "Bir sən bir İstanbul" mahnısına çəkilən klipin ilk təqdimatı da olub. Tədbirdə çıxış edən millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri Qənirə Paşayeva deyib ki, biz bu gün burada Türkiyədən gələn çox hörmətli qonaqlarımızdan ibarət nümayəndə heyətinin, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Ahmet Arslan  və səfirliyin əməkdaşlarının iştirakı ilə 2 qardaş ölkə önəmli tarixi birlikdə qeyd edirik: "Qafqaz İslam Ordusu Azərbaycana gələrək Bakının işğaldan azad olunmasında böyük rol oynamışdılar. Biz onların hamısını rəhmətlə anırıq. Çanaqqala savaşı zamanı qardaşlarının yardımına gedən Azərbaycan türkləri, Bakının işğaldan azad olunması üçün buraya gələrək şəhid olmuş insanlarımız bizə və gələcək nəsillərimizə gözəl və böyük örnəkdirlər. Azərbaycan və Türkiyədəki gəncliyimiz daim bir-birimizə daha da çox sahiblənmək ruhunda yetişməli və çalışmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00