Sabir Rüstəmxanlı Milli Şuradan danışdı

Belə birlik olmaz, bu, mümkün deyil”

Məlum olduğu kimi Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) müxalifətin təmsil olunduğu Milli Şuradan imtina edib. VHP-nin bu addımı müxalifət düşərgəsində birmənalı qarşılanmayıb. VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, müxalifətin birləşmək ideyalarına həmişə müsbət yanaşıb və bu barədə dəfələrlə mətbuatda çıxış edib: "Hətta, 1998-ci ildə qəzetlərdə böyük bir yazım da var idi -"Gəlin birləşək". Üstündən 15 il keçib. Amma, təəssüf ki, buna-müxalifətdaxili birliyə ciddi şəkildə maneəçilik törədilir və bunu istəməyən qüvvələr var"-deyən partiya sədrinin sözlərinə görə, birliyə mane olanlar elə müxalifətin öz içində də var. Onun sözlərinə görə, həm hakimiyyətin icindəki bəzi qüvvələrin apardığı siyasət, yəni, müxalifət arasında bölücülük, həm də müxalifətin içindəki müxtəlif iddialar birlik addımların atılmasına imkan vermir: "Birlik lazımdır. Amma birliyin, mənim nəzərimdə bir aydın yolu var. O yol ondan ibarətdir ki, bu gün seçkidə uduzdunsa, uduzduğun günün sabahı oturub bir aydın proqram qoymalısan ortaya, bir yol xəritəsi. Belə demək mümkünsə, qarşıdakı beş ildə biz bir yerdə nə etməliyik ki, növbəti seçkini udaq. Amma bizdə o yoxdur. Bizdə seçkidən sonra uzun müddət qarşılıqlı ittihamlar gedir. Kim parlamentdə getdi, kim getmədi. Kim seçkidə bələdiyyəyə getdi, kim getmədi. Yəni, müxalifət bir-birini ittiham edə-edə bir-birini əldən salır və məşhur təmsildə deyildiyi kimi, qanına qəltan edir. Ondan sonra seçkiyə dörd ay qalmış hardansa kənardan bir ideya atılır, gəlin filan birliyi yaradaq. Belə birlik olmaz, mümkün olan şey deyil. Bilirsiniz, biz indiyə kimi illər uzunu Azərbaycanda müxalifətin birliyini müxtəlif papaqlar altında, şapkalar altında, adlar altında çalışmışıq ki, bərpa edək. SİDSUH, DUBB, DUH, nə bilim Demkonqres, ondan sonra onun dalınca indi İctimai Palata. Əslində İctimai Palata indi Milli Şura deməkdir". Millət vəkili bildirib ki, Milli Şuranın missiyasını, nəzərdə tutduğu birlik ideyasını İctimai Palata da qarşısına qoymuşdu və orada da o xətt yürüdülürdü: "Ancaq indi İctimai Palatanı yarımçıq qoyub, oradan yenidən Milli Şuraya adlamaq, sabah Milli Şuranın əvəzinə başqa şey olacaq, ora adlamaq. Bu qurumlar müxalifətin, təkcə müxalifətin yox, hakimiyyətdən narazı olan qüvvələrin böyük bir hissəsini öz ətrafına toplaya bilmirsə, yalnız elə əvvəlki qüvvələr buradan ora adlayır, ordan bura adlayırlar və belə hesab edirlərsə ki, bu gün bunlar İctimaidir, sabah Millidir, o biri gün daha güclü olacaqlar, bu təsəvvürlə iş görmək çətindir. Mən isə milli- demokratik qüvvələrin birliyinin yaranmasının tərəfdarıyam. Amma o birlik yaranarkən yenə köhnə iddialar, yenə Xalq Cəbhəsi - Müsavat didişə-didişə guya bir yerə yığışırlar, amma yenə bir yerdə deyillər. Ondan sonra guya bunlar seçirlər ora kim gələcək, kim gəlməyəcək. Ayrı-ayrı adamları, bu hərəkata heç dəxli olmayan adamları seçirlərsə, bununla uzağa getmək olmaz. Guya kimsə məni harasa seçməlidir, harasa dəvət etməlidir. Halbuki 25 ildir mən dəvət edirəm adamları... Eyni zamanda, axı, kim mənə müxalifətin, xalqın bugünki vəziyyətdən çıxması üçün təklif verə bilər... Mən özüm daim o mübarizəni aparıram və bunun içindəyəm. Ona görə indi bu birlik cəhdləri səmimi olmadığına və təəssüf ki, müəyyən köhnə xəstəliklər davam etdiyinə görə, Milli Şuranın da prezident seçkilərinə dörd ay qalmış bir vaxtda uğurlu bir nəticə verəcəyinə inanmıram". S.Rüstəmxanlının eyni zamanda qeyd etdiyinə görə, seçkilərə çox az qalıb və bu baxımdan, səmimi birləşmə prosesi 4-5 il bundan öncə başlamalı idi: "Belə görünür ki, bu seçkilər dinc şəraitdə keçəcəksə, bu seçkilərin taleyi həll olunub. Dinc şəraitdə keçməyəcəksə, qarşıdurma və Azərbaycanda böyük bir toqquşma olacaqsa, bu da indiki şəraitdə Azərbaycan üçün çox ağır nəticələr verə bilər və mən bunu əslində arzulamazdım. İndiki şəraiti daha beş il dözmək olar, amma Azərbaycanda bu düşmənçiliyin pik səviyyəsinə, düşmənçiliyin son həddinə çatmasına dözmək olmaz, mən buna müsbət baxmıram və hesab edirəm ki, onun arxasında da bəlkə Azərbaycandakı güclər dayanmır. Müxtəlif qonşu dövlətlərin də sifarişi ilə Azərbaycanı qana aparmaq, qarşıdurma yaratmaq mənə elə gəlir ki, doğru deyil. Bu, mənim daxili inamımdır və bu cür düşünürəm. Yol odur ki, ən azı bu seçkidən sonra, ya elə bu seçki ərəfəsində hamı öz iddiasını bir kənara qoyub, bir nəfərin üstündə - ya siyasi partiyalardan, ya kənardan- ziyalılardan, bu işi bacaran adamlardan birinin üstündə dayansın. Buna ola bilsin ki, kimlərsə yenə razılaşmayacaqlar, amma mənə elə gəlir ki, başqa bir yol da yoxdur. Təxmini birini namizəd müəyyənləşdirməklə qarşıdakı, növbəti seçkilərə qədər olan dövrdə bütün gücü qoyub həmin o bir adam, o bir vahid namizəd üçün çalışmaq və bir yerdə növbəti seçkiləri bir yerdə udmaq. Bax, belə bir variant olmalıdır".

 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00