“İsa Qəmbərin qərarı Arif Hacılının xoşuna gəlməyib” - Elxan Şahinoğlu

“Hadisələrin gedişatı onu göstərir ki, artıq İsa Qəmbər namizəd olmaq istəklərindən geri çəkilib”

"Mən bir müddətdir ki, Milli Şura ətrafında gedən müzakirələrdən uzaq qalmışam. Ancaq izlədiyim qədərilə deyə bilərəm ki, yaşanan proseslərlə bağlı nikbin deyiləm. Milli Şurada nəyin bahasına olur-olsun hakimiyyətə gəlməyə çalışan şəxslər var və mən bu məsələlərdə iştirak etmək istəmirəm". Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı belə deyib. Belə bir qərarı qəbul etməsinin Arif Hacılının hüququ olduğunu deyən politoloq Elxan Şahinoğlu hesab edir ki, Mərkəzi İcra Aparatının rəhbəri qurumda iştirak edə də bilər, etməyə də bilər: "Digər tərəfdən Arif Hacılı başa düşür ki, Milli Şura İsa Qəmbərin vahid namizədliyini qəbul etməyəcək. Çünki, quruma ortaq bir fiqur lazımdır, bu da Milli Şuraya daxil olan siyasi partiyalar tərəfindən razılaşdırılmalıdır. İsa Qəmbərin namizədliyinin Milli Şura daxilindəki həmin müxalifət partiyalar tərəfindən qəbul edilməsi mümkünsüzdür. Müsavat başqanının özü də mətbuata verdiyi açıqlamada qeyd edib ki, o, Milli Şurada heç bir partiyaya bağlı olmayan namizədi dəstəkləməyə hazırdır. Hadisələrin gedişatı onu göstərir ki, artıq İsa Qəmbər namizəd olmaq istəklərindən geri çəkilib. Bu faktor da Arif Hacılının xoşuna gəlmir. O, başa düşür ki, başqan namizəd olmasa, Arif Hacılı hər hansı bir namizədi dəstəkləyə bilməyəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00