"Müxalifət daha çox pərişan olacaq"
"Milli Şuraya yaradılan süni etimad pozulanda müxalifət daha çox pərişan olacaq”
4 İyun 2013 13:39 SiyasətBu sözləri Milli.Az saytına açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib. Onun sözlərinə görə, müxalifət polemika aparmalı və dərindən düşünməlidir ki, sonradan səhv etməsin. "Arif Hacılının Milli Şuraya qoşulmamaqla bağlı bəyanatını müsbət dəyərləndirirəm. Çünki o, qaranlıq yerə getdiklərini dərk edir, etiraf edir. Biz dəfələrlə bildirmişik ki, bu Milli Şura heç cür onun ideya və fəlsəfəsinə uyğun gəlmir. Bundan əvvəlki Milli Şura səlahiyyətli dövlət orqanları tərəfindən yaradılıb, müstəqillik elan edib və bərpa edib. İndi isə ictimai orqanı dövlət orqanı kimi yaratmaq Konstitusiyaya ziddir", - o əlavə edib. T.Kərimli onu da bildirib ki, Milli Şuranın özü ziddiyyətli xarici orientasiyası olan insanların birliyindən ibarətdir. Onların səmimi birliyi də şübhə doğurur. Bu səbəbdən orada daxili deqradasiya prosesinin olacağı da mütləqdir.
"Milli Şura bir növ tapmaca xarakteri daşıyır. Hamı gözünü dikib Rüstəm İbrahimbəyova. O da deyir ki, mən prezidentliyimi elan edəcəm. Hələ demirəm. Belə olan halda özünü ən yüksəkdə sayan müxalifət lideri bilmirsə ki, Milli Şuranın vahid namizədi kim olacaq, R.İbrahimbəyov nə deyəcək, belə olan halda Milli Şuranın gələcəyinin sual altında olmağını dərk etmək müxalifəti mənfi, anti-konstitusion hərəkətlərdən sığortalaya bilər", - Vəhdət Partiyasının sədri deyib.