Milli Şurada parçalanma başlandı - SİYASİ ANALİZ
Müsavat qurumdan uzaqlaşır, AXCP də eyni addım ata bilər
4 İyun 2013 13:06 SiyasətMüsavat Pariyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Milli Şuradan imtina edib. Zaqataladan qayıdan Müsavat funksioneri deyib ki, o, Azərbaycanın gələcəyini düşünən şəxs kimi baş verən proseslərdən narahatdır və Milli Şuaraya qoşulmayacaq. "Yaşanan proseslərlə bağlı nikbin deyiləm. Mən Rəsulzadə-Elçibəy ideyalarını seçmiş, xalqın gələcəyi üçün məsuliyyət daşıyan adamam. Buna görə də hansısa qurumda kimlərlə birlikdə təmsil olunmaq mənim üçün əhəmiyyətlidir. Bunun məsuliyyətini daşıyıram". Müsavat Mərkəzi Aparatının rəhbəri deyib ki, Milli Şurada nəyin bahasına olur-olsun hakimiyyətə gəlməyə çalışan şəxslər var və o, bu məsələlərdə iştirak etmək istəmir. Arif Hacılının açıqlaması Milli Şurannın formalaşması prosesinə paralel olaraq verilib. Mətbuatda xəbər vardı ki, Milli Şuranın tərkibi artıq müəyyən edilib. Bir neçə partiyanın Şurada neçə adamla təmsil olunacağı da müəyyənləşmişdi. Arif Hacılının ardınca, aktivist müsavatçılar sosial şəbəkələrdə Milli Şura əleyhinə açıqlamalar verdilər. Könül Şamilqızı, Xalid Kazımlı 2003-cü ildə İsa Qəmbərin təkbaşına AMİP və AXCP-dən çox səs topladığını yazdılar, Lənkəran müsavatçılarının rəhbəri Yadigar Sadıqlı Milli Şuranın tərkibinə eyham vuraraq, partiyalardan tələb olunan üzvlük limitini qüsurlu hesab etdi. Onun fikrincə, 20 ilin ana müxalifət partiyaları olan Müsavatla AXCP-nin yalnız seçkidən seçkiyə görünən ALP və ACP ilə eyni sayda təmsilçilyi doğru deyil. Baş verənləri Milli Şuranın yaranması ilə planları pozulmuş Müsavat başqanının narazılığının əlamətləri hesab etmək olardı. Gözlənilirdi ki, Milli Şuradan imtina etdiyinə görə, AXCP piar maşını Arif Hacılını linç edəcək. Amma belə olmadı. Əksinə, AXCP funksionerləri də Milli Şuraya qarşı mövqe qoymağa başladılar. AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi "Azadlıq"da yazdığı məqalədə Milli Şura haqqında bədbin fikirlər səsləndirib. AXCP funksionerinin yazısı başdan-başa "müxalifət birləşmədi", "Milli Şura sosial sifariş deyil" kimi fikirlərlə doludur. Seymur Həzi sıradan bir şəxs deyil, AXCP sədrinə yaxın olan fiqurlardandır. Onun yazısı həm də AXCP rəhbərliyinin ovqatını əks etdirir. Milli Şuranın yaranmasına daha çox sevinən AXCP idi. Birdən-birə nə baş verdi? İlk ağla gələn budur ki, Müsavat və AXCP rəhbərliyinə Qərbdən tövsüyyə olunub ki, Rusiyaya bağlılığı şübhə doğurmayan "Milyarderlər ittifaqı"ndan uzaq olsunlar. Amma AXCP-nin daim çevik siyasət yürütdüyünü nəzərə alanda fərqli mənzərə yaranır. AXCP sədri kiminlə müttəfiq olduğunu yaxşı bilir. Bu ilk deyil, AXCP indiyə qədər bir neçə dəfə bu cür birliklərdə olub və həmişə də qazancla çıxmağa çalışıb. Milli Şura formalaşmamış AXCP-nin bu cür qara piara başlamasının səbəbi nədir? Fikrimizcə, səbəb vahid namizəd məsələsinin çözülməməsidir. AXCP sədri Milli Şuraya ümidlə yanaşırdı. Hesab edirdi ki, Milli Şura yaranan kimi Müsavat başqanı sıradan çıxacaq, əsas aday Əli Kərimli olacaq. Amma Rüstəm İbrahimbəyovun iddia qoyması vəziyyəti dəyişdi. Əgər Ziyalılar Forumu və El hərəkatı AXCP sədrinin vahid adaylığına razı olsaydı, indi Seymur Həzi "Milli Şura nicatımızdır" başlıqlı yazı yazardı. Amma AXCP-ni ümidləri tam tükənməyib. AXCP bu cür yazılarla, "funksionerlərimiz ölümlə hədələnir" tipli piarla Rüstəm İbrahimbəyova təzyiq edir. Dünən Fuad Qəhrəmanlı bəyanat yayıb ki, onu hədələyirlər. Bu, Milli Şuraya "siz Moskvada əminlikdəsiz, amma bizə təzyiq edirlər" mesajıdır. Məqsəd Əli Kərimlinin vahid adaylığına nail olmaqdır. Rüstəm İbrahimbəyov güzəşt addımları atmasa, AXCP Milli Şuranın dağıdılmasına seyrçi qalacaq.
Ərhun Abbas