ABŞ Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında maraqlı deyil

Fazil Mustafa: “Qarabağla bağlı problemdə mövcud vəziyyətin saxlanılması ABŞ-ın regiondakı maraqlarını tam şəkildə təmin edir”

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində çox maraqlıdır. Çünki, Ermənistan-Azərbaycan münaqişəsi regionun sabitliyinə təhdiddir". ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Vaşinqtonda baş tutan görüşü zamanı belə deyib. Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa hesab edir ki, Con Kerrinin münaqişə haqqında verdiyi açıqlama şablondur və Ağ Ev rəsmilərinin diplomatiyada neçə illərdir işlətdikləri mənasız sözlərdən ibarətdir. Millət vəkili bildirdi ki, Qarabağla bağlı münaqişədə mövcud olan situasiyada adi bir dəyişiklik yoxdur: "Ona görə də Kerrinin açaıqlamasını yenidən Dağlıq Qarabağ məsələsində ABŞ-ın bir fəallıq göstərməsinin başlanğıcı kimi qiymətləndirmək lazımdır. Bu sadəcə Dağlıq Qarabaq problemində ABŞ-ın yerinin olduğunu diqqətə çatdırmaqdır. Ağ Evin yüksək vəzifəli rəsmisi tərəfindən səsləndirilmiş fikirlər söz xatirinə deyilmiş gözəl ifadədən başqa bir şey deyil. Çünki, ABŞ istəsəydi bu problemin həllində daha çox diktə edilən tərəfə çevrilə bilərdi. Çünki, Amerika Balkanlarda və digər regionlarda mövcud olan problemlərlə əlaqədar müsbət addımlar atıb. Dağlıq Qarabağ məsələsinə gəlincə, Ağ Ev heç də Ermənistan-Azərbaycan münaqişəsinin həllində o qədər də maraqlı görünmür. Qarabağla bağlı problemdə mövcud vəziyyətin saxlanılması ABŞ-ın regiondakı maraqlarını tam şəkildə təmin edir. Ona görə də bu açıqlamanın heç bir səmimi tərəfi yoxdur". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00