Zaman göstərəcək ki, Əli Kərimli, İsa Qəmbər, yoxsa İbrahimbəyovun...
Ərəstun Oruclu: “Müəyyən bir sosioloji araşdırma apardıqdan sonra demək olar ki, kimin şansı daha çoxdur, kiminki az”
3 İyun 2013 17:20 SiyasətƏli Oruclu: "Mənim bu barədə fikir söyləməyim etik cəhətdən düzgün deyil, çünki AMİP Milli Şurada təmsil olunmur"
EL hərəkatının sədr müavini Zəfər Quliyev deyib ki, Milli Şura oktyabrda keçiriləcək prezident seçkisinə Rüstəm İbrahimbəyovun namizədliyi ilə getməlidir.
Politoloq Ərəstun Oruclu hesab edir ki, Milli Şuranın vahid namizədi olmaq haqqında Əli Kərimli, İsa Qəmbər və Rüstəm İbrahimbəyovun adlarının hallandırılması hələ məsələnin həll edilməsi demək deyil: "Bu və ya digər şəkildə mətbuata verilən açıqlamalarda onların içərisində bəzi adın vahid namizəd olması üçün şansının daha yüksək olması deyilir. Lakin kimin şansının vahid namizəd olmaq üçün daha yüksək olmasını zaman göstərəcək. Milli Şura çoxluğu kimi dəstəkləyəcəksə, həmin adam qurumun namizədi olacaq. Hələ seçkilərə müəyyən müddət var, ona görə də bu barədə fikir söyləmək, hər hansı konkret fikrə gəlmək çətindir. Lakin müəyyən bir sosioloji araşdırma apardıqdan sonra demək olar ki, kimin şansı daha çoxdur, kiminki az". Ərəstun Oruclu hesab edir ki, kimin şansının daha yüksək olmasını tapmaq, ən azından bu suala cavab vermək üçün Milli Şura üzvləri arasında araşdırmalar aparılmalıdır. Milli Şura üzvlərinin hələlik tam siyahısının bəlli olmadığını deyən politoloqun sözlərinə görə məsələ barədə indidən fikir söyləmək qeyri-ciddilikdir.
"Mənim bu barədə fikir söyləməyim etik cəhətdən düzgün deyil, çünki AMİP Milli Şurada təmsil olunmur". Məsələyə münasibət bildirən AMİP Mərkəzi Şurasının üzvü Əli Əruclu belə deyib. Əli Oruclu qeyd etdi ki, Rüstəm İbrahimbəyov, Əli Kərimli və İsa Qəmbərin özünəməxsus parametrlərə cavab verən keyfiyyətləri var: "Yəqin ki, onlar öz aralarında ən layiqlisini seçəcəklər. İndidən bu barədə fikir söyləmək tezdir. Rüstəm İbrahimbəyov cəmiyyət arasında ziyalı insan kimi tanınır, dünyada tanınan ən məşhur azərbaycanlılardan biridir. Onun Milli Şuranın vahid namizədi olacağını demək çox çətindir. Bu tamamilə Milli Şuraya üzv olan siyasi partiyaların qərarıdır". ("OLAYLAR" İA)