ABŞ və Qərb Rusiya ilə qarşıdurmadan çəkinir - AÇIQLAMA
Elxan Mehdiyev: “Qərb və ABŞ-ın Suriyada hərbi əməliyyatlara başlamağa qətiyyətləri çatmır”
3 İyun 2013 15:13 SiyasətSuriyanın Hələb şəhərində hökumət qüvvələrinin yenidən Skad bombalarından istifadə etdiyi bildirilir. Hələbin Həfərharma rayonuna atılan Skad bombası nəticəsində 20 nəfər yaralanıb. Son zamanlarda rejimin müxaliflərə istiqamətli hücumlarında kimyəvi bombalardan istifadənin artdığı bildirilir. Politoloq Elxan Mehdiyev hesab edir ki, Suriya hadisələri artıq həssas bir nöqtəyə çatıb və rejimin müxaliflərə qarşı kimyəvi silahlardan istifadə etməsi şübhələri isə dünyada ən qızğın müzakirələrə səbəb olur. Dünya birliyinin Bəşər Əsədin Suriya vətəndaşlarına qarşı kimyəvi bombalardan istifadə edəcəyi halda dövlətə hərbi müdaxilələrin olacağını bildirdiyini deyən politoloq hesab edir ki, Suriyaya giriş qadağası olduğundan həmin iddiaları sübut etmək mümkün olmur: "Digər tərəfdən isə rejim müxaliflərin kimyəvi silahlardan istifadə etməsini iddia edir. Həm ABŞ, həm də Qərb dövlətləri Əsədin açıq şəkildə kimyəvi silaha müraciət etməsini gözləyirlər. Əgər rejim həqiqətən baktereoloji silahlardan istifadə edərsə Qərb və Amerikanın Suriyada hərbi əməliyyatlara başlayacağı qaçılmaz olacaq. ABŞ-ın yüksək vəzifəli diplomatları da öz açıqlamalarında belə olacağı təqdirdə Qərb və Amerikanın Əsədə məxsus hərbi bazaları nəzarətə götürəcəyini və Suriyaya hərbi müdaxilələrlə ağır zərbələr endirəcəklərini bildirmişdilər. Hələlik isə Suriyaya açıq müdaxilədə maraqlı olan qüvvələrin əlində kimyəvi silahdan istifadə barədə dəqiq faktlar yoxdur, onu sübut edə bilmirlər. Lakin amerikalı rəsmilər əllərində bununla bağlı kifayət qədər sübutların olduğunu iddia edirlər. Suriya hakimiyyəti isə ABŞ və Qərbin bu cür açıqlamalarını təkzib edir. Digər tərəfdən isə Qərb və ABŞ-ın Suriyada hərbi əməliyyatlara başlamağa qətiyyətləri çatmır. Əgər həmin qüvvələrin iradəsi olsaydı, Suriyaya hərbi müdaxilə etmək üçün ABŞ hakimiyyətinin əlində olan buna sübutlar kifayət edərdi. Amma Suriya hadisələri həssas nöqtəyə dinədiyi üçün Qərb və ABŞ-ın ora müdaxilə variantları azalır. Çünki, Rusiyanın Suriyaya S-300-ləri göndərməsi açıq-aşkar onun Qərb dövlətləri ilə qarşıdurmaya getməsindən xəbər verir". ("OLAYLAR" İA)