Türkiyə çökdürülür, Ermənistan və Rusiya sevinir, Azərbaycan isə üzgün
Cümşüd Nuriyev: “Bu Qərbin planıdır, həmin plana əsasən İslamı gözdən salmaq üçün ən yaxşısı, müsəlman dövlətlərindən yeganə sivil dövlət olan Türkiyənin çökdürülməsidir”
3 İyun 2013 13:33 Siyasətİstanbulda etirazçıların şəhərin mərkəzindəki Taksim meydanının "Gəzi" parkında ticarət və əyləncə kompleksləri ucaltmaq planlarına qarşı aksiyaları davam edir. Ekoloqların aksiyası kimi başlanan etiraz sonradan hökumətə qarşı etiraza çevrilib. İstanbulda nümayişin dağıdılması nəticəsində 2000 nəfərdən çoxu həbs olunub, onlarla nümayiş iştirakçıları xəsarət alıb. Polis nümayiş iştirakçılarına su şırnağı və gözyaşardıcı qazdan istifadə edib. İstanbulda davam edən aksiyaların arxasında xarici qüvvələrin deyil, xalqın dayandığını deyən politoloq Cümşüd Nuriyev hesab edir ki, indiki hakimiyyətin yürütdüyü siyasət tamamilə Türkiyənin əleyhinə çevrilib. Politoloq hesab edir ki, Ərdoğan hökumətinin ən böyük planı Atatürkü gündəmdən çıxarmaqdır, xalqı da məhz İstanbulda Atatürk Mərkəzinin sökülməsi ayağa qaldırır. C.Nuriyevin sözlərinə görə həmin aksiyalarda bu günə qədər Türkiyəyə xas olmayan bir hadisə baş verib: "Bu nümayişlərə qədər türk polisi heç vaxt aksiyalarda insanları belə döyməmişdi. Artıq son 3 gün ərzində həbs olunanların sayı 2 mini keçib. Polis aksiyalarda adi insanlardan iki dəfə az zədə alıb. Türkiyə artıq sivil İslamdan fundamental İslama keçid ərəfəsindədir. 10 ildir ki, Ərdoğan hakimiyyətdədir və bu illər ərzində mövcud hökumətin kursuna qarşı gələnləri ERGENEKON adı ilə həbs etdilər, bütün millətçiləri aradan götürdülər. Hakimiyyət kənardan aldığı tapşırığa əsasən Türkiyə daxilində yeni bir dövlət qurmaq istəyir. Qurulacaq dövlət sırf dini bir dövlət olmamlıdır. Bu Qərbin planıdır, həmin plana əsasən İslamı gözdən salmaq üçün ən yaxşısı, müsəlman dövlətlərindən yeganə sivil dövlət olan Türkiyənin çökdürülməsidir. Qərb demək olar ki, artıq bunu bacardı. O mənada bacardı ki, xalq Qərbin planlarını başa düşətək hakimiyyətə qarşı qalxdı. Həmçinin Türkiyə ordusu dünyanın ən güclüsüdür, İraq, Əfqanıstan nümunələri göstərdi ki, ABŞ-ın heç də güclü ordusu yoxdur. Digər tərəfdən Türkiyədə müxalifətlə hakimiyyət arasında uçurum dərinləşib. İstanbulda başlayan aksiyalardan müxalifət də yararlanmağa çalışır. Hətta hakimiyyətin içərisində olan bəzi qüvvələr də Ərdoğanın yürütdüyü siyasətdən narazıdırlar. Bundan başqa üçüncü körpünün adına Osmanlı sultanının adının verilməsi Türkiyədə ələviləri ayağa qaldırıb. Bu ölkədə isə ələvilərin sayı 25 milyon nəfərdir. Türkiyə iqtidarı bilərəkdən, ya bilməyərəkdən əhalinin hal hazırda 50-60%-ni öz üzərinə qaldırıb. Bu çox təhlükəli bir məsələdir. Hadisələr bu şəkildə davam eləsə bu qanla qurtaracaq. İqtidar geri çəkilməsə, layihədən əl çəkməsə (Atütürk Mərkəzini tikib yerində Opera Teatrı tikdirmək istəyir) vəziyyət daha gərginləşəcək. Hətta inqilab yoli ilə proseslər hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq. Bu da Azərbaycan üçün çox qorxulu perspektivdir. Çünki, Türkiyənin daxili siyasətində nə qədər gərginlik olsa da xarici siyasətində Azərbaycana qarşı heç bir dəyişiklik yoxdur. İndiki iqtidar da Azərbaycanla bağlı çox gözəl mövqe tutub. Bu günə qədər Türkiyə tarixində Ermənistana qarşı ən kəskin mövqe tutan hakimiyyətdir. Tezliklə bu hadisələr dayandırılmalıdır. Bunu Türkiyənin vətəndaşları da başa düşməlidirlər. Hadisələrdən ən çox xoş olan Ermənistan və Rusiyadır. Yəni ki, hadisələr Azərbaycanın istəmədiyi istiqamətdə inkişaf edir". ("OLAYLAR" İA)